SİYASƏT
Azərbaycan səfiri Bəhreynin XİN başçısı ilə iki ölkə arasında əlaqələrin genişləndirilməsini müzakirə edib
Azərbaycanın Bəhreyndəki səfiri Şahin Abdullayev Körfəz ölkəsinin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl-Zəyani ilə görüşüb.
Bu barədə Bəhreynin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
“Xarici işlər naziri Zati-aliləri Əbdüllətif bin Rəşid Əl-Zəyani Ər-Riyadda iqamət edən Azərbaycan Respublikasının Bəhreyn Krallığındakı səfiri Zati-aliləri Şahid Abdullayevi qəbul edib”, – səfirliyin instaqram hesabında qeyd olunub.
Bildirilib ki, diplomatların görüşündə tərəflər arasında “mövcud dostluq münasibətlərinə nəzər salınıb, ümumi maraq doğuran məsələləri müzakirə etməklə yanaşı iki dost ölkə və xalqın mənafeyi naminə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və bu əlaqələrin daha əhatəli səviyyələrə yüksəldilməsi yolları nəzərdən keçirilib”.
Diqqətə çatdırılıb ki, danışıqlarda krallığın Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə baş direktoru səfir Şeyx Abdulla Bin Əli Əl-Xəlifə, həmçinin xarici siyasət idarəsinin Təşkilatlar sektorunun rəhbəri Hatəm Abdul Həmid Hatəm iştirak ediblər.
Qeyd edək ki, Şahin Abdullayev Azərbaycanın Səudiyyə Ərəbistanı ilə yanaşı Bəhreyn və Yəməndəki səfiridir.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.
MANŞET
Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı deyib.
Onun sözlərinə görə, Şuşada Bayraq Meydanının açılışı Azərbaycanın hər bir vətəndaşını qürurlandırıb:
“Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlət bayrağı ölkənin bütün ərazilərində qürurla dalğalanır. Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Bayraq Meydanının açılışı hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb”.
M.İmanlı Bayraq Meydanında görülən və nəzərdə tutulan işlər haqqında da məlumat verib.
“Şuşada Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib.
Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb. Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq, Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və ticarət mərkəzinin inşa edilməsi nəzərdə tutulur”.
MANŞET
Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.
Toplantıda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Sentyabrın 16-da seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.