İDMAN
Azərbaycan U-20 basketbol millisi İsveçrəyə böyük hesabla məğlub olub
Azərbaycanın 20 yaşadək basketbolçu oğlanlardan ibarət millisi Avropa çempionatında bu gün növbəti matçına çıxıb.
İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda 17-20-ci yerlər uğrunda pley-off mərhələsində İsveçrə ilə qarşılaşıb və 40:101 hesabı ilə məğlub olub.
Qeyd edək ki, milli 17-20-ci yerlər uğrunda İsveçrə ilə yanaşı, Albaniya, Moldova və Ermənistan yığmaları ilə mübarizə aparıb.
Digər xəbərlərə də bax
İDMAN
Bakı Şəhər Halqası Azərbaycan Qran-prisi üçün son hazırlıqlarını tamamlayır
Bakı Şəhər Halqası “Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün sonuncu hazırlıqlarını tamamlayır.
Bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, əvvəlki illərdən fərqli olaraq azarkeşlər bu il “Formula 1″in dünyaca məşhur bütün əyləncəli aktivasiyalarını Bulvar ərazisində görə biləcəklər.
Ən populyar aktivasiyalardan biri “Pit Stop Challenge”dir. Burada fanatlar bolidin təkərlərini mümkün olan ən qısa zamanda dəyişməyə çalışırlar. Günün ən sürətli komandası mükafatlar, o cümlədən imzalı əşyalar və paddok turu qazanmaq şansı əldə edəcək.
Hər il olduğu kimi Dənizkənarı Bulvar ərazisində yerləşən azarkeş zonasında Fan Forum keçiriləcək. Burada səhnənin qarşısında təşkil olunan sessiyada dünya şöhrətli F1 pilotları avtoidman həvəskarları ilə görüşəcək. Komandalar üçün ayrılmış vaxt ərzində azarkeşlər F1 ulduzlarına öz suallarını verib, onlardan avtoqraf alıb və şəkil çəkdirmək imkanı əldə edəcəklər.
Fərqli texnoloji təcrübələri sevənlər üçün isə “Giant Helmet” çox maraqlı olacaq. Fanatlar nəhəng F1 dəbilqəsinin köməyi ilə virtual reallıqda öz sürücü dəbilqələrini dizayn edəcək və bu unikal təcrübəni sosial mediada paylaşa biləcəklər.
“Ninja əngəl zolağı” fiziki aktivlik axtaranlar üçün idealdır. Hər yaş üçün uyğun olan bu zolaqda fanatlar müxtəlif maneələri dəf edərək əylənəcəklər. “Formula 1” yarışlarının həyəcanı ilə sirkin möcüzəsi bir araya gəlir. Yarış həftəsində akrobatlardan illüziya ustalarına qədər valehedici çıxışlarla dolu möhtəşəm sirk ab-havası yaşanacaq.
Əyləncənin ekstrimal tərəfi isə motosikletçilərin sürət və cazibə qanunlarını pozaraq nəhəng qlobusda 70 km/saat sürətlə yarışmasıdır. Onların təhlükəli döngələri sizə adrenalin dolu anlar yaşadacaq.
Bakı Şəhər Halqası kiçik qonaqları da unutmayıb. Bulvar ərazisində uşaqlar üçün xüsusi əyləncə nöqtələri mövcuddur. Bundan başqa, milli rəqslər, nağara şoular, retro avtomobillərin sərgisi, müxtəlif foto zonalar, həmçinin kiçik konsertlər kimi əyləncələr də burada yer alacaq.
Bu il yarış həftəsonu Kristal zalında təşkil olunacaq dünya ulduzlarının konsertləri ilə davam edəcək. Sentyabrın 13-də dünya şöhrətli aktyor və musiqi ulduzu Uill Smit öz unikal musiqi proqramı ilə səhnədə fanatları əyləndirəcək. Eyni axşam yarış həvəskarlarını Cənubi Afrikanın məşhur DJ-i və prodüseri “Black Coffee”nin ritmik və enerjili performansı gözləyir. Sentyabrın 14-də isə dünya musiqisinin parlaq ulduzu J Balvin Bakı səhnəsində avtoidman həvəskarlarına möhtəşəm gecə yaşadacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında baş tutacaq.
İDMAN
Azərbaycan təmsilçiləri Moskvada keçirilən beynəlxalq yarışda 8 medal qazanıblar – FOTOLAR
Azərbaycan təmsilçiləri Rusiyanın paytaxtı Moskvada keçirilən I dünya korporativ oyunlarında 8 medal qazanıblar.
Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanı təmsil edən müxtəlif dövlət qurumlarının əməkdaşlarından ibarət komandalar yarışı 3 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurublar.
Şahmat turnirində AZAL-ın əməkdaşı Fidan Ağaşıyeva, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Anar Rəsulov qızıl medallara sahib olublar. Daha bir qızıl medalı isə voleybol yarışında ölkəmizi təmsil edən Fövqəladə Hallar Nazirliyinin komandası qazanıb.
Stolüstü tennisçimiz Svetlana Kayumova (SOCAR) ikinci olub. Bu idman növünün qarışıq komanda yarışında Əli Bayramov (FHN) və Svetlana Kayumovadan (SOCAR) ibarət cütlük gümüş medala layiq görülüb.
Basketbol yarışında A finalında mübarizə aparan kişilərdən ibarət komanda (Fövqəladə Hallar Nazirliyi) bürünc medal qazanıb. B finalında mübarizə aparan qadınlardan ibarət kollektiv (AZAL) gümüş, voleybol üzrə qadınlardan ibarət heyət (SOCAR) isə bürünc medal qazanıb.
Qeyd edək ki, I dünya korporativ oyunları avqustun 17-18-də keçirilib.
İDMAN
Azərbaycanın güləş millisi dünya çempionatında iştirak edəcək
Azərbaycanın 17 yaşadək güləşçilərdən ibarət millisi İordaniyanın paytaxtı Ammanda keçiriləcək dünya çempionatında iştirak edəcək.
Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, çempionatın ilk günlərində yunan-Roma güləşi üzrə yarışa start veriləcək.
Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında Şahid Nəbiyev (45 kq), Əmrah Əmrahov (48 kq), Turan Daşdəmirov (51 kq), Əli Nəzərov (55 kq), Ayxan Cavadov (60 kq), Emil Abdullayev (65 kq), Yusif Əhmədli (71 kq), Orxan Hacıyev (80 kq), Səid Paşayev (92 kq) və Abdullah Həsənov (110 kq) uğur qazanmağa çalışacaq.
Daha sonra böyük məşqçi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarovun yetirmələri mübarizəyə qoşulacaq. Qızlardan ibarət komandada Nəzrin Əhmədli (40 kq), Esra Məmmədli (49 kq), Fatimə Bayramova (53 kq), Fidan Babayeva (57 kq), Günay Qurbanova (61 kq) və Zəhra Kərimzadə (69 kq) yer alıb.
Mundialın son günlərində sərbəst güləşçilər xalçaya çıxacaq. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (45 kq), Hacıhüseyn Əhmədzadə (48 kq), Muhəmməd İsmayılov (51 kq), Hüseyn Hüseynov (55 kq), Hüseyn İsmayılov (60 kq), İsa Yusibov (65 kq), Nihad Abasov (71 kq), Məhəmməd Abbaszadə (80 kq), Fərhad Süleymanlı (92 kq) və Muxamad Qantemirov (110 kq) ölkəmizi təmsil edəcək.
Yarışda I dərəcəli hakimlərimizdən Tural Əliyev və Həbib Nurulu ədaləti qoruyacaq.
Qeyd edək ki, dünya çempionatı avqustun 19-dan 25-dək keçiriləcək. Cari ilin ilk mundialında 576 yeniyetmənin iştirakı gözlənilir. Görüşlər hər gün Bakı vaxtı ilə 09:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 17:00-da start götürəcək.