SİYASƏT
Azərbaycan və Litva baş prokurorluqları arasında memorandum imzalanıb
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Litva Respublikasının Baş prokuroru Nida Qrunskiene və Xüsusi İstintaq Xidmətinin (STT) rəhbəri Jidrunas Bartkusun dəvəti ilə Vilnüsə işgüzar səfər edib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
İlk öncə nümayəndə heyəti ölkəmizin Vilnüsdəki səfirliyinə gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin Litva ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini, hazırda isə Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu əlaqələrin yüksək strateji tərəfdaşlıq səviyyəsində olduğu xatırlanıb.
Baş prokuror həmçinin Türkiyənin Vilnüsdəki səfirliyini ziyarət edərək səfir Barış Tantekinlə görüşüb, qardaş ölkədə baş vermiş dəhşətli zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığı verərək matəm kitabına ürək sözlərini yazıb.
Zəlzələ baş verən ilk gündən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə axtarış-xilasetmə qruplarının təbii fəlakət bölgələrinə göndərilməsi və fəsadların aradan qaldırılmasında göstərilən humanitar dəstək əsl qardaşlıq nümunəsi olduğu vurğulanıb.
Daha sonra Kamran Əliyev Litva Respublikasının Baş prokuroru Nida Qrunskiene ilə görüşüb. Görüşdə hüquqi sahədə ikitərəfli əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, Beynəlxalq Prokurorlar Assosiasiyası, “Avrocast” və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb. Tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdirilməsi məqsədilə Azərbaycan və Litva baş prokurorluqları arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Səfər çərçivəsində Xüsusi İstintaq Xidmətində ikitərəfli görüş keçirilib. Nümayəndə heyətini salamlayan STT-nin rəhbəri Jidrunas Bartkus ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi hüquqi əməkdaşlığın da uğurla inkişaf etdiyini qeyd edib.
Baş prokuror Kamran Əliyev qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını ifadə edərək, aktivlərin bərpası sahəsində həyata keçirilən və ötən ilin fevral ayından etibarən “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Avropa İttifaqının tvinninq layihəsinin tərəfdaş ölkə olan Litva ilə uğurla davam etdiyini bildirib.
Baş prokuror ölkəmizdə bu sahədə aparılan qanunvericilik və institusional islahatların davam etdiyini vurğulayaraq, cinayət yolu ilə əldə olunmuş əmlakın müəyyən edilərək izlənilməsi, üzərinə həbs qoyulması, müsadirəsi və sonrakı idarəolunması prosesində beynəlxalq əməkdaşlığın zəruriliyini qeyd edib. Bu baxımdan, Azərbaycan Prokurorluğunun benefisiarı olduğu tvinninq layihəsinin mühüm əhəmiyyət daşıdığı bildirilib. Görüşdə layihənin gedişatı və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verilib.
Litvanın Xüsusi İstintaq Xidməti ilə uzunmüddətli səmərəli əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi roluna görə Azərbaycanın Baş prokuroru “Əməkdaşlığa görə” medalı ilə təltif olunub.
Daha sonra nümayəndə heyəti STT-nin yaradılmasının 25 illik yubiley tədbirində iştirak edib. Litvanın hüquq mühafizə orqanlarının rəhbər şəxslərinin iştirak etdiyi təntənəli mərasimdə Baş prokuror Kamran Əliyev təbrik nitqi ilə çıxış edərək, Azərbaycan Prokurorluğu ilə Litvanın prokurorluğu və STT qurumu arasında uzunmüddətli səmərəli əməkdaşlığa görə təşəkkürünü ifadə edib.
Görüşlərdə ölkəmizin Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev iştirak edib.
Digər xəbərlərə də bax
MANŞET
Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı deyib.
Onun sözlərinə görə, Şuşada Bayraq Meydanının açılışı Azərbaycanın hər bir vətəndaşını qürurlandırıb:
“Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlət bayrağı ölkənin bütün ərazilərində qürurla dalğalanır. Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Bayraq Meydanının açılışı hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb”.
M.İmanlı Bayraq Meydanında görülən və nəzərdə tutulan işlər haqqında da məlumat verib.
“Şuşada Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib.
Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb. Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq, Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və ticarət mərkəzinin inşa edilməsi nəzərdə tutulur”.
MANŞET
Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.
Toplantıda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Sentyabrın 16-da seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.
QAX
RİH başçısının Qaxbaş kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qaxbaş kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilib.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib.
Müraciətlər kənd məktəbinin qazanxanasına qaz xəttinin çəkilməsinə, kəndin körpələr evi-uşaq bağçasının yeni binasının və məktəbə idman zalının tikilməsinə köməklik göstərilməsi ilə bağlı olunub.
Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.