SİYASƏT
Azərbaycan və Qazaxıstan prezidentlərinin geniş tərkibdə görüşü olub
Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü olub.
Dövlət başçısı İlham Əliyevi salamlayan Prezident Kasım-Jomart Tokayev deyib:
-Hörmətli İlham Heydər oğlu.
Əziz dostlar.
Əsrlər boyu bizi sarsılmaz dostluq və qarşılıqlı hörmət telləri bağlayır. Tarixi köklər, coğrafi yaxınlıq və çoxillik sıx əlaqələr iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün zəmin olub. Biz qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıyıq. Bu, bizim ümumi məqsədimizdir.
Azərbaycan bizim üçün sadəcə mühüm və etibarlı tərəfdaş deyil, qardaş, yaxın dövlətdir. Biz çoxəsrlik sarsılmaz dostluq, qarşılıqlı dəstək tellərinə güvənərək səmərəli dövlətlərarası əməkdaşlıq yaratmışıq. Bu gün bu əməkdaşlıq əsl strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edir. Ölkələrimiz arasında etimada əsaslanan fəal siyasi dialoq yaranıb. Hökumət səviyyəsində nizamlanmış iş aparılır, çoxtərəfli məkanlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyət həyata keçirilir. Bizdə sanballı müqavilə-hüquqi baza formalaşıb. Artıq 90-dan çox sənəd imzalanıb.
Keçən il biz strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə, habelə 2026-cı ilə qədər olan dövrdə əməkdaşlığın inkişafına dair kompleks proqram imzalamışıq. Bu gün də bir sıra mühüm sənədlər qəbul ediləcək. Bundan əlavə, Sizin səfəriniz çərçivəsində biz Ali Dövlətlərarası Şuranın təsis olunmasını təsbit edəcəyik. Bu, şübhəsiz ki, ikitərəfli münasibətlərə güclü təkan verəcək.
Ticari-iqtisadi sahədə qarşılıqlı fəaliyyətimizin əhəmiyyətli dərəcədə irəliləməsini məmnuniyyətlə qeyd etmək istərdim. Bu gün qeyd etdiyimiz kimi, əmtəə dövriyyəsi 40 faiz artıb və yarım milyard dollara çatıb. Fikrimcə, bu, sanballı nəticədir. Əminəm ki, iqtisadi potensialımız tam surətdə açıldıqca biz bu göstəricini bir milyard dollara çatdıra bilərik. Bundan ötrü energetika, nəqliyyat, logistika, IT, kənd təsərrüfatı, sənaye və digər sahələrdə ciddi ehtiyatlarımız var.
Mədəni-humanitar əlaqələr durmadan möhkəmlənir. Burada bizim milliyyətcə azərbaycanlı olan 130 min vətəndaşımız əsas əlaqələndirici vəsilə kimi çıxış edir və onların bir hissəsi, bəlkə də kiçik bir hissəsi bu gün görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfinə adlandırılmış küçənin açılışında iştirak edəcək. Biz onları məxsusi dəvət etmişik.
İki ölkənin mədəniyyət ongünlüklərinin keçirilməsi barədə razılaşmanı xüsusi vurğulamaq istəyirəm. Qazaxıstan mədəniyyət günləri artıq bu il keçiriləcək. Bu gün biz hörmətli Azərbaycan Prezidenti ilə birlikdə görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin adını daşıyan küçənin açılışını edəcəyik. Bu hadisəni Azərbaycan xalqının böyük oğlunun 100 illiyinə həsr edəcəyik.
Bu gün Heydər Əliyev haqqında “Əziz ömür” – “Görkəmli həyat” adlı sənədli filmin premyerası olacaq. Təbii ki, bu film bizim tapşırığımıza əsasən Qazaxıstan Teleradio Korporasiyası tərəfindən çəkilib. Qazax xalqının Azərbaycana hədiyyəsi – Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi ölkələrimizin səmimi dostluğuna və qarşılıqlı dəstəyinə daha bir parlaq sübutdur. Mənə bildiriblər ki, bu obyektin tikintisi kifayət qədər sürətlə həyata keçirilir. Fikrimcə, lap yaxın vaxtlarda biz bu obyektin fəaliyyətə başlamasını görə biləcəyik. Biz bundan sonra da hərtərəfli humanitar əlaqələri hər vasitə ilə inkişaf etdirmək, ortaq mənəvi-mədəni dəyərlər xəzinəsini zənginləşdirmək əzmindəyik.
Hörmətli İlham Heydər oğlu, Sizinlə məhdud tərkibdə danışıqlarda bizim gündəlikdəki bəzi aktual mövzuları ətraflı müzakirə etdik, dövlətlərimizin qarşılıqlı fəaliyyətinin yeni artım nöqtələrini müəyyənləşdirdik, beynəlxalq strukturlar çərçivəsində dialoqun möhkəmləndirilməsinə dair fikir mübadiləsi apardıq. Bütün bu məqamlar bizim bu gün imzalayacağımız birgə bəyanatda müvafiq şəkildə əks olunacaq.
Bir daha əmin olduğumu bildirirəm ki, Sizin Qazaxıstana səfəriniz böyük əhəmiyyət kəsb edir. Şübhəsiz ki, bu səfər ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı münasibətlərinin inkişafına güclü təkan verəcək. Sözü Sizə vermək istərdim.
X X X
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
-Sağ olun, hörmətli Kasım-Jomart Kemeliviç.
İlk növbədə, dəvətə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Mən yenidən qardaş Qazaxıstan torpağında olmağıma və Sizinlə dialoqumuzu davam etdirməyə çox şadam. Keçən ilin avqust ayında Sizin Azərbaycana səfəriniz barədə yaxşı xatirələrim var. Bu gün biz Sizinlə ilk görüşümüzdə məmnuniyyətlə qeyd etdik ki, qəbul etdiyimiz qərarlar həyata keçirilir. Əminəm ki, mənim Qazaxıstana səfərim çərçivəsində qəbul edəcəyimiz qərarlar da reallaşacaq.
Heydər Əliyevin xatirəsinin ehtiramla yad edilməsinə, Qazaxıstan paytaxtının mərkəzi küçələrindən birinə onun adının verilməsinə, Siz mənim atamın və Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsini ehtiramla yad etdiyinizə görə bir daha öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim.
İşğaldan azad edilmiş Qarabağda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilməsi barədə Sizin şəxsi qərarınıza görə də təşəkkürümü bildirmək istərdim. Mərkəzin tikintisi həqiqətən çox sürətlə gedir və fürsətdən istifadə edib Sizi bu mərkəzin açılışı mərasiminə dəvət etmək istəyirəm. Bu, xalqlarımızın dostluğunun və qardaşlığının yaxşı rəmzi olacaq, ona görə ki, biz dağıdılmış infrastrukturun, o cümlədən sosial infrastrukturun bərpa edilməsi üzrə çox böyük işlər görməliyik. Qardaş Qazaxıstanın belə bir təşəbbüsü, əlbəttə, bütün azərbaycanlılarda böyük təşəkkür hissi doğurur.
Biz münasibətlərimizin müsbət fonunu möhkəmləndiririk. Xalqlarımız arasında münasibətlərin böyük tarixi var və bu münasibətlər həmişə qardaşlar arasındakı kimi olub. Bu gün gələcəyimizi bu möhkəm təməl üzərində qururuq. Sizinlə müzakirə etdiyimiz əməkdaşlıq sahələrində, ilk növbədə, energetika, nəqliyyat-tranzit sahəsində çox böyük potensial var. Təsadüfi deyil ki, Qazaxıstan nümayəndə heyətində olduğu kimi, bizim nümayəndə heyətinin tərkibində də müvafiq strukturların rəhbərləri təmsil olunub. Onların məsələlərin konkret həll yollarını müzakirə etməkdən ötrü bütün bürokratik, inzibati maneələri aradan qaldırmaları Transxəzər dəhlizinin təkcə coğrafi və geosiyasi baxımdan deyil, həm də iqtisadi baxımdan cəlbediciliyi üçün yaxşı fürsət olacaq. Fikrimcə, bundan ötrü kifayət qədər imkan var.
Onu da qeyd etməyi zəruri sayıram ki, humanitar sahədə əməkdaşlıq birinci dərəcəli əhəmiyyət kəsb edir. Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri, Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri təşkil ediləcək. Bu, xalqlarımızı daha da yaxınlaşdıracaq, qədim tariximizi və mədəniyyətimizi daha da zənginləşdirəcək. Hesab edirik ki, məhz humanitar əlaqələr bizim dövlətlərarası münasibətlərin qurulmasının əsasıdır. Əlbəttə, qarşılıqlı maraq doğuran sahələr çoxdur. Biz həqiqətən qarşılıqlı fəaliyyətin müttəfiqliyin keyfiyyətcə yeni səviyyəsinə qədəm qoyuruq və bu, bu gün imzalanacaq Bəyannamədə artıq əks olunub. Beləliklə, biz ölkələrimizin və xalqlarımızın uğurlu birgə gələcəyini bir çox onilliklər qədər irəlicədən müəyyən edirik.
Onu da qeyd etməyi vacib hesab edirəm ki, Qazaxıstan və Azərbaycan bütünlükdə öz xüsusi resurslarına güvənən, xarici köməkdən asılı olmayan və öz taleyini, öz gələcəyini özləri quran ölkələrdir. Bu da bugünkü dünya siyasətində ən mühüm amildir. Düşünürəm ki, bizim ölkələrimizin milli maraqlarının müdafiəsinə prinsipial yanaşma nümayiş etdirməyimiz də xalqlarımızın xarakterinə dəlalət edir. Dəvətə görə bir daha təşəkkürümü bildirmək istərdim.
Ümidvaram ki, bizim müəyyənləşdirdiyimiz bütün məsələləri geniş tərkibdə və bir qədər sonra daha ətraflı müzakirə edəcəyik. Sağ olun.
Prezident Kasım-Jomart Tokayev: Təşəkkür edirəm. Ticarət, kənd təsərrüfatı, logistika və başqa sahələrdə əməkdaşlığın perspektivləri barədə Sizin dəyərləndirmələrinizlə razıyam.
X X X
Görüş əsnasında media və kommunikasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu, bu sahədə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi vurğulanıb. Qazaxıstan Dövlət Televiziyası tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunmuş filmin hazırlandığı və həmin filmin bu günlərdə Qazaxıstan Dövlət Televiziyasında nümayiş olunacağı bildirilib. Filmin, eyni zamanda, Azərbaycan Televiziyasında nümayiş etdiriləcəyi də vurğulanıb. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin Qazaxıstanda dərin hörmət və ehtiramla yad olunduğu qeyd edilib.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkürünü bildirdi.
Prezident Kasım-Jomart Tokayev Azərbaycan Prezidentinin səfərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb, səfər çərçivəsində imzalanacaq sənədlərin və aparılmış müzakirələrin ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qalxmasına şərait yaratdığını qeyd edib.
Görüş əsnasında Qazaxıstan tərəfindən hökumətlərarası komissiyanın rəhbəri bu günə qədər görülmüş işlər haqqında məruzə ilə çıxış edib. Azərbaycan tərəfindən iqtisadiyyat naziri, rəqəmsal inkişaf və nəqliyyat naziri görülən işlər barədə məruzələrlə çıxış ediblər.
Həmçinin dövlət başçıları bu gün imzalanacaq sənədlər arasında Yüksəksəviyyəli Dövlətlərarası Şuranın yaradılmasını çox müsbət addım kimi qiymətləndiriblər. Bunun Azərbaycanla Qazaxıstan arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasının nümunəsi olduğu vurğulanıb. Eyni zamanda Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış sənədin ölkələrimiz arasında münasibətlərin məhz müttəfiqlik əsasında inkişafı üçün zəmin yaratdığı qeyd olunub.
Dövlət başçıları aidiyyəti üzrə nazirlərə tapşırıqlarını veriblər.
Digər xəbərlərə də bax
SİYASƏT
Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub
Slovakiyanın müdafiə naziri Robert Kalinakın dəvəti ilə bu ölkəyə səfər edən müdafiə naziri Zakir Həsənov ölkənin hərbi institutunu ziyarət edib, döyüş texnikaları ilə tanış olub.
Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Səfər çərçivəsində general-polkovnik Z.Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Zahorie Hərbi-Texniki və Sınaq İnstitutunu (VTSU) ziyarət edib.
Müdafiə nazirinə institutun tarixi və əsas fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verilib.
İnstitutda yaradılan şərait və təhsil sistemi ilə tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti təlim sahəsinə gələrək burada müxtəlif döyüş texnikaları ilə tanış olub və atışlarda iştirak edib.
RƏSMİ XRONİKA
İlham Əliyev Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.
Dövlət başçısının müraciətini Baş nazir Əli Əsədov oxuyub.
Mətndə deyilir:
“Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır.
İqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir.
COP tədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onların narahatlığını və ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirirəm.
Müxtəlif etiqad və inancların zəngin mənəvi potensialı iqlim dəyişmələrinin yaratdığı ekzistensial problemlərin həllinə təkan vermək imkanına malikdir.
Dünya din xadimləri bu çağırışlarla mübarizədə böyük rol oynaya bilərlər.
COP29-un Azərbaycanda keçirilməsinə yekdilliklə qərar verilməsi ölkəmizin beynəlxalq nüfuzuna yüksək etimadın göstəricisidir və bu, heç də təsadüfi deyildir.
Azərbaycan ekoloji problemlərlə bağlı bir çox konvensiya və sazişlərə qoşulmuş, müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmış, bu sahədə çoxşaxəli fəaliyyət proqramları qəbul etmişdir.
Ölkəmizdə ətraf mühitin qorunmasını nəzərdə tutan zəruri qanunvericilik sistemi formalaşdırılaraq səmərəli institusional mexanizmlər və investisiya mühiti yaradılmışdır.
Hazırda “yaşıl enerji” layihələrinin həyata keçirilməsi, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə, ətraf mühitə mənfi təsirlərin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində mühüm addımlar atılmaqdadır.
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur.
İqlim dəyişmələri və ekoloji problemlər ilə hamılıqla mübarizə aparmaq üçün dünyada beynəlxalq təhlükəsizliyin, sülh və əmin-amanlığın təmin edilməsi vacib amillərdən biridir.
Ölkəmiz yaxın tarixi keçmişində əsassız ərazi iddialarına məruz qalaraq ədalətsiz müharibəyə cəlb edilmiş, bu qanlı savaşın ağır fəsadlarını yaşamalı olmuşdur.
Siz Azərbaycanın əzəli torpağı olan Qarabağa səfəriniz zamanı Ermənistan tərəfindən 30 illik işğal dövründə törədilmiş ekosid, kultursid və urbisid kimi cinayətkar əməllərin acı nəticələrini əyani şəkildə görmək imkanı qazanacaq, ölkəmizin bölgədə ekoloji tarazlığı bərpa etmək istiqamətində yaşıl iqtisadiyyata, bərpaolunan enerjiyə əsaslanan genişmiqyaslı yenidənqurma işləri ilə bilavasitə tanış ola biləcəksiniz.
Bəşəri problemlərin müzakirə olunduğu Dini Liderlərin Qlobal Sammiti kimi nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsi artıq ənənə halını almışdır.
İnanıram ki, bu Sammit səmərəli fəaliyyəti ilə ölkəmizin sivilizasiyalararası dialoq məkanı statusunu daha da möhkəmləndirəcək, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nə sanballı töhfə verəcək, yaşıl dünya naminə həmrəyliyimiz, müdrik təklif və tövsiyələriniz ümumi hədəflərə çatmağımıza dəstək olacaqdır.
Hörmətli dini liderlər!
Əminəm ki, taleyüklü problemlərə həsr olunmuş Sammit konstruktiv fikir mübadilələri şəraitində keçəcək, COP çərçivəsində dinlərarası əməkdaşlıq platformasının təsisatlandırılması imkanı müzakirə ediləcəkdir. Bunun üçün tolerantlıq və multikulturalizm diyarı Azərbaycan ən uyğun məkandır.
Bir daha sizə ən xoş arzularımı yetirir, bəşəriyyətin gələcəyi naminə xeyirxah fəaliyyətinizdə hər birinizə uğurlar diləyirəm”.
MANŞET
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb.
Həmin tədbirlərə “Yaşıl Rəqəmsal Fəaliyyət” üzrə yüksəksəviyyəli dəyirmi masa, “Yaşıl şəhər nəqliyyatı”, “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzularında nazirlərin dəyirmi masası, həmçinin “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksək səviyyəli panel müzakirəsi daxildir.
“Yaşıl Rəqəmsal Fəaliyyət” üzrə yüksəksəviyyəli dəyirmi masada Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü çərçivəsində rəqəmsal texnologiyaların iqlim dəyişikliyi ilə mübarizəyə təsirləri ilə bağlı məsələlərin əhatə edilməsi gözlənilir. Dəyirmi masada “Rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası”, “Rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi”, “Rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması”, “Davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi”, “Rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması” mövzuları müzakirə olunacaq.
Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masada “Şəhər nəqliyyatının yaşıllaşdırılması” mövzusunun tematik olaraq dərindən öyrənilməsinə həsr ediləcək.
Tədbir dövlətlər arasında birgə planlaşdırmaya, dayanıqlı infrastrukturun inkişafına və davamlılığın ölkələrin siyasətlərinə daxil edilməsinə şərait yaradacaq.
Dəyirmi masada dayanıqlı şəhər nəqliyyat sisteminin milli, regional və şəhər planlaşdırma strukturlarına inteqrasiyası üzrə təsirli strategiyaların hazırlanması gözlənilir.
Tədbir, həmçinin şəhər nəqliyyatının dekarbonizasiyasını sürətləndirmək üçün maraqlı tərəflər və hökumətlər arasında daha sıx əməkdaşlığı təşviq edəcək.
Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək növbəti – “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” adlı dəyirmi masada isə Orta Dəhliz və qlobal miqyaslı digər dəhlizlərdə davamlılıq və rəqəmsallaşmanın təşviqi ilə bağlı son irəliləyişlər, eləcə də qarşıdakı təşəbbüslər müzakirə olunacaq.
Tədbir region və onun hüdudlarından kənar ölkələrin nazirlərini, təşkilat rəhbərlərini bir araya gətirəcək.
Dəyirmi masa dayanıqlı və etibarlı nəqliyyat şəbəkələrinin inkişafı ilə bağlı ətraflı müzakirələr aparmaq üçün yüksək səviyyəli platforma rolunu oynayacaq.
Eyni zamanda qarşılıqlı əlaqə və iqlim fəaliyyətinin yaxşılaşdırılması üçün regional əməkdaşlığın gücləndirilməsini təşviq edəcək.
“Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksək səviyyəli panel müzakirəsi RİNN, Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) birgə təşkilatçılığı ilə keçiriləcək. Bu tədbir nazirləri, hökumət rəsmilərini, sənaye liderlərini və maraqlı tərəfləri beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlərlə bağlı önəmli dialoqa qatılmaq üçün bir araya gətirəcək.
Beynəlxalq aviasiya sektoru ümumi qlobal CO2 emissiyalarının təxminən 2 %-ni təşkil edir. Bu rəqəm digər sektorlarla müqayisədə nisbətən az olsa da, yaxın gələcəkdə artacağı proqnozlaşdırılır. Hava nəqliyyatına tələbatın yüksəldiyi dövrdə bu emissiyaların azaldılması üçün güclü və qabaqlayıcı tədbirlər görülməlidir. Əks təqdirdə emissiyaların əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Qeyd edək ki, aviasiya sektorunda yaxın gələcəkdə maye yanacağa etibarlı alternativin tapılması mümkün deyil. Buna görə də beynəlxalq aviasiya üzrə (LTAG) uzunmüddətli qlobal hədəflərə nail olmaq üçün davamlı aviasiya yanacağının (SAF), aşağı karbonlu aviasiya yanacağının (LCAF), həmçinin digər təmiz enerji mənbələrinin inkişafı və tətbiqinin qlobal miqyasını sürətləndirmək üçün təcili qlobal tədbirlərin görülməsinə ehtiyac var. Tədbir ICAO-nun 2050-ci ilə qədər beynəlxalq aviasiya üçün “xalis sıfır” (Net Zero) karbon emissiyasına nail olmaq kimi uzunmüddətli qlobal məqsədinə uyğundur.