SİYASƏT
Azərbaycan xilasedicilərinin zəlzələ bölgəsindəki fəaliyyəti Türkiyə mətbuatında
“Son ana qədər Türkiyə xalqına yardıma davam edəcəyik”.
Bunu Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhətçisi Turqay Abbaslı “Anadolu” agentliyinə açıqlamasında bildirib.
Agentlik qeyd edib ki, Azərbaycanın yardım qrupu Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlərə yardımı davam etdirir.
Fevralın 6-da Azərbaycan Fövqəladə Hallar Nazirliyindən ibarət xilasediciləri Türkiyəyə gələrək zəlzələnin episentri olan Kahramanmaraşda işə başlayıb.
Heyətdən 114 nəfər daha sonra Hatay şəhərinə gedib, aralarında həkim və mühəndislərin də olduğu qrup Kahramanmaraş və Hatayda axtarış-xilasetmə işlərinə qatılaraq 53 nəfəri dağıntılar altından xilas edib.
Fasiləsiz rejimdə, üç növbəli şəkildə aparılan axtarış-xilasetmə işlərinə hazırlanmış 3 avtomobil, istiliyə həssas axtarış-xilasetmə cihazları və istilik kameraları ilə xüsusi təlim keçmiş 8 axtarış-xilasetmə itindən istifadə olunub.
Azərbaycan komandası həmçinin Kahramanmaraşda 2 səhra xəstəxanası yaradıb. Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan xəstəxanalarda 41 həkim və səhiyyə işçisi çalışıb. Azərbaycan nümayəndə heyətinin tərkibində olan psixoloqlar yerlərdə zəlzələdən zərərçəkənlərə dəstək olublar. Xəstəxanalarda, o cümlədən cərrahiyyə xidməti və laboratoriyada zəlzələdən zərər çəkmiş təxminən 2 500 insana sağlamlıq xidmətləri və psixososial dəstək göstərilib. Pediatrlar zəlzələdən zərərçəkənlərə qulluq edib.
Azərbaycandan gələn heyət Kahramanmaraş və rayonlarında 10 yerdə çadır şəhərciyi yaradıb.
Kahramanmaraşda səhra mətbəxi yaradan Azərbaycan heyəti hər gün 1 000 nəfər üçün yemək hazırlayır və zəlzələdən zərərçəkənlərə xidmət göstərir. Azərbaycan Fövqəladə Hallar Nazirliyi 10 təyyarə və yük maşını ilə Türkiyəyə adyal və qızdırıcı kimi humanitar yardım göndərib.
Axtarış-xilasetmə işlərinin tamamlanmasının ardından qrupun bir hissəsi Türkiyəni tərk edib, amma aralarında həkimlərin də olduğu 310 nəfər Kahramanmaraşda tibbi yardım işlərini davam etdirir.
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhətçisi Turqay Abbaslı da qeyd edib ki, fevralın 6-dan zəlzələ baş verəndən axtarış-xilasetmə və humanitar yardım işləri aparıılır: “Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Biz bir millət, iki dövlətik. Qardaşlarımızın yanındayıq. Əlimizdən gələni edəcəyik. Son ana qədər Türkiyə xalqına yardıma davam edəcəyik”.
Digər xəbərlərə də bax
MANŞET
Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı deyib.
Onun sözlərinə görə, Şuşada Bayraq Meydanının açılışı Azərbaycanın hər bir vətəndaşını qürurlandırıb:
“Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlət bayrağı ölkənin bütün ərazilərində qürurla dalğalanır. Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Bayraq Meydanının açılışı hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb”.
M.İmanlı Bayraq Meydanında görülən və nəzərdə tutulan işlər haqqında da məlumat verib.
“Şuşada Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib.
Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb. Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq, Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və ticarət mərkəzinin inşa edilməsi nəzərdə tutulur”.
MANŞET
Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.
Toplantıda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Sentyabrın 16-da seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.
QAX
RİH başçısının Qaxbaş kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qaxbaş kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilib.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib.
Müraciətlər kənd məktəbinin qazanxanasına qaz xəttinin çəkilməsinə, kəndin körpələr evi-uşaq bağçasının yeni binasının və məktəbə idman zalının tikilməsinə köməklik göstərilməsi ilə bağlı olunub.
Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.