XƏBƏRLƏR
“Azərişıq” paytaxtda və ətraf ərazilərində elektrik təsərrüfatını yeniləyir
“Azərişıq” ASC bütün regionlarda olduğu kimi, paytaxtda və ətraf ərazilərində elektrik təsərrüfatını yeniləyir.
Bakının ətraf kənd və qəsəbələrində köhnəlmiş elektrik şəbəkəsi yenisi ilə əvəzlənir, yeni güc mərkəzləri yaradılır və şəbəkələr daha da gücləndirilir.
Paytaxtın Binəqədi, Nizami, Xətai rayonlarında, Maştağa elektrik şəbəkəsinin ərazisində, həmçinin, Abşeronda əlavə olaraq, yeni güc mərkəzləri yaradılır. Sözügedən ərazilərdə ümumilikdə, 46 Komplekt Transformator Məntəqələri (KTM) quraşdırılır.
Sabunçu, Qaradağ rayonlarında və Zirə qəsəbəsində köhnə 0,4 kV və 6 kV-luq dayaqlar yeniləri ilə əvəz olunur. Həmçinin, 6 kV-luq hava xətti yenilənir, 0,4 kV-luq açıq naqillərin yerinə müasir Özünüdaşıyan İzolyasiyalı Naqil (ÖİN) kabel xətləri çəkilir. Sabunçu, Qaradağ və Zirədə ümumilikdə, əlavə olaraq 37 KTM-in tikintisi davam etdirilir.
Yenidənqurma işləri nəticəsində Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində də 0,4 kV-luq və 6 kV-luq dayaqların yerlərinin qazıntısı aparılır. Həmçinin, əlavə olaraq, ərazidə yeni güc mərkəzinin bünövrəsinin hazırlıq işləri görülür.
Suraxanıda 0,4 kV-luq və 6 kV-luq dayaqlar basdırılır, 0,4 kV-luq ÖİN kabel xətləri çəkilir. Həmçinin, rayon ərazisində əlavə olaraq, 9 KTM quraşdırılır.
Biləcəri elektrik təchizatı və satışı idarəsinin ərazisində də 6 kV-luq dayaqlar basdırılır, eləcə də, 0,4 kV-luq elektrik xətlər yenilənir, əlavə olaraq, 12 ədəd KTM-in tikintisi davam etdirilir.
Sumqayıt Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxll olan Bağlar elektrik təchizatı və satışı idarəsinin ərazisində isə yenidənqurma işləri çərçivəsində 0,4 kV-luq dayaqlar və elektrik xətləri yenilənir, həmçinin, əlavə olaraq, 17 ədəd yeni KTM-in tikinti işlərinə start verilib.
Xəzər RETSİ-nin ərazisində həyata keçirilən yenidənqurma işləri nəticəsində yeni 0,4 kV-luq və 6 kV-luq dayaqlar basdırılır, 6 kV-luq hava xətti yenilənir, həmçinin, rayon ərazisində əlavə olaraq, 27 KTM quraşdırılır.
Həyata keçirilən yenidənqurma işləri sayəsində elektrik enerjisi itkilərinin minimuma endirilməsi hədəflənib. Paytaxt və ətraf ərazilərlə yanaşı “Azərişıq” İnvestisiya Proqramına uyğun olaraq ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrin elektrik şəbəkəsini yeniləyir.
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
İQTİSADİYYAT
Azərbaycanda 8 ayda dövlət xəttilə 338 milyon manat ipoteka krediti verilib
Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 337,7 milyon manat kredit verilib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 10,1 % azalaraq 280,7 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 59,1 % artaraq 350 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə dəyişməyərək 65,7 milyon manat qalıb.
İDMAN
Fərid Qayıbov növbəti dəfə idman federasiyalarının nümayəndələri ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 16-cı görüşünü keçirib.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan İdman Akademiyasında təşkil olunan görüşdə Fərid Qayıbov federasiya nümayəndələrini salamlayaraq, onları Paris-2024 Yay Olimpiya Oyunlarında, eləcə də Yay Paralimpiya Oyunlarında qazanılan uğurlar münasibətilə təbrik edib.
Nazir son vaxtlar görülən işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün gündəliyi barədə məlumat verib.
Toplantıda əvvəlcə alman idman mütəxəssisi Mattias Frederix Hahn idman tibbi mövzusunda çıxış edib. Sonra Paris-2024 Yay Olimpiya Oyunları ilə bağlı hesabat dinlənilib, 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq barədə, həmçinin beynəlxalq federasiyalara seçkilərdə təmsil olunma məsələləri, Azərbaycan İdman Akademiyasına qəbul, idman federasiyalarının sosial media fəaliyyəti haqqında məlumat verilib.
Tədbirdə Azərbaycan Badminton Federasiyasının strateji inkişaf planı təqdim edilib və AMADA-nın təqdimatı dinlənilib. Həmçinin UGİM-lərin fəaliyyəti, idman psixoloqlarının hazırlanması, texniki reqlamentin yeni versiyasının nəşrə hazırlanması və digər məsələlər müzakirə edilib.
Fərid Qayıbov regionlarda seleksiya işlərinin aparılması və digər məsələlərlə bağlı müvafiq tövsiyələr verib.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.