SİYASƏT
Beynəlxalq təşkilat Azərbaycanda baytarlıq sisteminin inkişafını yüksək qiymətləndirib
Beynəlxalq ticarət qaydalarına əsasən, heyvanların və heyvan mənşəli məhsulların dövriyyəsinin tənzimlənməsi üçün xüsusi təhlükəli və ətraf mühitə zərər yetirən, habelə geniş iqtisadi itkilərə səbəb olan xəstəliklər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən izlənilir. Bu xəstəliklərin vaxtında aşkarlanması və mübarizə tədbirlərinin həyata keçirilməsi üçün təşkilatın üzvlüyünə daxil olan 182 ölkədə baytarlıq sisteminin xüsusi meyarlar əsasında qiymətləndirilməsi aparılır.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən meyarlar bioloji təhlükəsizlik, insan və heyvan sağlamlığının müxtəlif aspektlərini özündə birləşdirən 45 sorğu predmetindən ibarətdir. Sorğu predmetləri beş ballıq sistemlə qiymətləndirilir. Qiymətləndirmənin nəticələrinə görə “4” və “5” qiymətlərinin çoxluğu baytarlıq sisteminin beynəlxalq standartlara uyğun qurulduğunu, habelə etibarlı və bütün riskləri qarşılamağa qadir olduğunu göstərir ki, bu da aidiyyəti sahə üzrə beynəlxalq səviyyədə ölkənin nüfuzunun artmasına şərait yaradır.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin dəvəti ilə 2022-ci ilin 9-20 may tarixlərində ölkəmizdə ÜHST-nin ekspertləri tərəfindən “Baytarlıq sisteminin PVS aləti vasitəsilə qiymətləndirilməsi” tədbiri həyata keçirilib və araşdırmalara dair son hesabat təqdim edilib. Qiymətləndirmə proqramına quduzluq xəstəliyinə qarşı epizootoloji vəziyyətin araşdırılması və aidiyyəti tövsiyələrin verilməsi də daxil olub ki, bu da respublikada ilk dəfə həyata keçirilir.
Ekspert qrupunun gəldiyi qənaətə görə, 2015-ci ildə keçirilmiş sonuncu qiymətləndirmə dövrü ilə müqayisədə respublikanın baytarlıq sisteminin müasirləşdirilməsində nəzərəçarpacaq dərəcədə ciddi irəliləyişlərə nail olunub. Belə ki, baytarlıq laboratoriyalarının vacib istiqamətlər üzrə beynəlxalq akkreditasiyadan keçməsi və analizlərinin keyfiyyətinə nəzarət mexanizminin işləməsi, heyvan xəstəliklərinin ləğvi üçün xüsusi proqramların hazırlanaraq tətbiq edilməsi, heyvandarlıq məhsullarının təchizat zəncirinin iştirakçısı olan müxtəlif sahibkarlıq subyektləri ilə qarşılıqlı işgüzar əlaqələrin qurulması və beynəlxalq əməkdaşlığın genişlənməsi kimi sahələr ölkəmizin baytarlıq sisteminin güclü tərəfləri kimi göstərilib.
Araşdırma dövründə antimikrob preparatların baytarlıqda tətbiqi və heyvan mənşəli məhsullarda qalıq miqdarının nəzarətdə saxlanmasına daha çox diqqət göstərilməsi və bu sahədə xüsusi prosedurların formalaşdırılmasına ehtiyac duyulduğu qeyd edilib. Ölkənin müxtəlif ərazilərində epizootik vəziyyətdən asılı olaraq xüsusi zonaların və daxili kompartmentlərin yaradılması, habelə bu sahə üzrə mövcud qanunvericiliyin əhatəli olmaması baytarlıq sistemində zəif tərəf kimi qiymətləndirilib.
Hesabatda inkişaf etdirilməli olan sahələrdən biri də heyvan yemlərinin təhlükəsizliyinə nəzarət məsələsidir. Bu sahə cari ildən qüvvəyə minmiş “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun predmetinə daxildir ki, burada təhlükəsizliyin təmin edilməsi məqsədilə yemlərin tam təchizat zənciri üzrə nəzarət prosedurları tətbiq ediləcək.
Qiymətləndirmə heyətinin vurğuladığı digər məsələ Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin ölkəni tam əhatə etməməsidir ki, artıq bu istiqamətdə mühüm addımlar atılaraq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda iribuynuzlu heyvanların və atların identikləşdirilməsi başa çatıb, ölkə miqyasında isə 50 başdan yuxarı heyvan saxlanılan damazlıq və digər təyinatlı təsərrüfatlara aid heyvanların identikləşdirilməsinə başlanıb.
Digər xəbərlərə də bax
MANŞET
Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı deyib.
Onun sözlərinə görə, Şuşada Bayraq Meydanının açılışı Azərbaycanın hər bir vətəndaşını qürurlandırıb:
“Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlət bayrağı ölkənin bütün ərazilərində qürurla dalğalanır. Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Bayraq Meydanının açılışı hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb”.
M.İmanlı Bayraq Meydanında görülən və nəzərdə tutulan işlər haqqında da məlumat verib.
“Şuşada Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib.
Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb. Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq, Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və ticarət mərkəzinin inşa edilməsi nəzərdə tutulur”.
MANŞET
Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.
Toplantıda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Sentyabrın 16-da seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.
QAX
RİH başçısının Qaxbaş kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qaxbaş kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilib.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib.
Müraciətlər kənd məktəbinin qazanxanasına qaz xəttinin çəkilməsinə, kəndin körpələr evi-uşaq bağçasının yeni binasının və məktəbə idman zalının tikilməsinə köməklik göstərilməsi ilə bağlı olunub.
Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.