CƏMİYYƏT
DİN Ağdaş sakininin iddialarına münasibət bildirib
Daxili İşlər Nazirliyinin (DİN) Ağdaş sakininin iddialarına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, bəzi sosial şəbəkə səhifələrində Ağdaş rayon sakini Bəsti Məmmədova oğlunun narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayət işi barədə iddialar səsləndirib:
“Ağdaş rayonunun Maşad kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş İlham Məmmədovun üzərində narkotik vasitə saxlamasına dair polis şöbəsinə əməliyyat məlumatı daxil olub və keçirilmiş tədbirlər nəticəsində o, şübhəli şəxs qismində saxlanılıb.
İlham Məmmədov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərib qaçmağa çalışıb, özünü ətrafdakı kolluq əraziyə atıb. Buna baxmayaraq onun bu cəhdinin qarşısı alınıb və saxlanılaraq şöbəyə gətirilib. Hüquqlarını müdafiə edən vəkilin də iştirakı ilə İlham Məmmədovun üzərində şəxsi axtarış aparılarkən 9,18 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılan şəxsin bir neçə nəfər rayon sakininə narkotik vasitə satması da məlum olub və həmin şəxslər müəyyən edilərək izahatlarının alınması üçün istintaqa cəlb olunublar. Onlar ifadələrində narkotik vasitəni İlham Məmmədovdan pul qarşılığında aldıqlarını bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 234.2-ci (qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə cinayət işi başlanılıb və rayon məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri daha sonra Şəki Apelliyasiya Məhkəməsi tərəfindən ev dustaqlığı ilə əvəz olunub. Onun saxlanılan zaman yıxılaraq sağlamlığına yüngül zərər vuran xəsarətlər alması ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunaraq müvafiq rəy alınıb. İlham Məmmədova qarşı fiziki güc tətbiq olunması ilə bağlı iddialar təsdiqini tapmadığından Ağdaş Rayon Prokurorluğu tərəfindən cinayət işinin başlanılması barədə qərar rədd edilib və həmin qərar rayon məhkəməsi tərəfindən də qüvvədə saxlanılıb.
Ağdaş RPŞ-də İlham Məmmədov barəsində cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib, hazırda məhkəmə baxışındadır”.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Bölgələrdə küləkli hava iki gün davam edəcək – XƏBƏRDARLIQ
Sentyabrın 12-si gündüzdən 14-ü gündüzədək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Culfa, Ordubad, Babək, Gəncə, Samux, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Goranboy, Naftalan, Şirvan, Sabirabad, Mingəçevir, Daşkəsən, Zaqatala, Qax, Balakən, Şəki, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Bərdə, Yevlax, Beyləqan, Füzulidə fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 13.09.2024
Bakıda və Abşeron yarımadasında sentyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 759 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-18° isti olacaq.
CƏMİYYƏT
Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi Türkiyəyə çatıb.
Bu barədə FHN-dən bildirilib.
İzmir şəhəri Adnan Menderes Hava Limanında eniş edən təyyarə ən qısa müddətdə yanğınlarla mübarizə əməliyyatına başlayacaq.
Qeyd edək ki, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə bir neçə saat əvvəl yola salınıb.
Eyni zamanda FHN-in iyinin müvafiq yanğın-xilasetmə qüvvələri də hazırlıq vəziyyətinə gətirilib.
Türkiyə Respublikasının müvafiq qurumu ilə aparılan müzakirələrdə qardaş ölkəyə köməklik məqsədilə göndərilməsi üçün Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin tam hazır olduğu diqqətə çatdırılıb, lakin qarşı tərəf hazırkı mərhələdə yalnız təyyarənin göndərilməsinin kifayət etdiyini bildirib.