SİYASƏT
İƏT XİN başçıları Şurasının 49-cu sessiyası keçirilib
16-17 mart 2023-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində 49-cu sessiyası keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Sessiyada Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Sessiya çərçivəsində çıxış edən nazir müavini F. Rzayev Türkiyə və Suriya ərazisində baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən dağıdıcı zəlzələ ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. Pakistan və Çadda baş verən daşqınları da qeyd edən nazir müavini, Azərbaycanın bu böhran vəziyyətlərinin aradan qaldırılması istiqamətində İƏT-in səylərinə dəstək verməyə hazır olduğunu bildirib.
F.Rzayev Ermənistan-Azərbaycan münaqişəsinin bitməsindən sonrakı dövrdə normallaşma prosesi və Ermənistanın buna mane olan təxribatçı addımları, mina təhdidləri barədə ətraflı məlumat verib. Nazir müavini iclas iştirakçılarını Azərbaycan Respublikasının Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində COVID-19-dan sonrakı bərpa məsələlərinə həsr olunmuş təşəbbüsləri ilə bağlı məlumatlandırıb.
Çıxış zamanı, həmçinin BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin bir illiyi münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda təşkil olunmuş “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans barədə məlumat təqdim olunub.
Nazirlər Şurasının yekununda ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib.
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində iqtisadi və sosial inkişaf fəaliyyətlərinə dəstək” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması” adlı qətnamələrdə Ermənistan tərəfindən Azərbaycana qarşı 30 ilə yaxın dövr ərzində törədilmiş işğal və təcavüz siyasəti qəti şəkildə pislənilir və işğalın ağır fəsadlarının aradan qaldırılması istiqamətində, habelə bərpa və yenidənqurma işlərində Azərbaycan hökuməti və xalqına dəstək ifadə olunur.
“1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı qətnamədə 26 fevral 1992-ci il tarixində Xocalıda Azərbaycan mülki əhalisinə qarşı törədilmiş kütləvi qırğın pislənilir, dünya birliyi bu qırğını soyqırımı, insanlıq əleyhinə cinayət və müharibə cinayəti olaraq qəbul edilməyə çağırılır və “Xocalıya ədalət” ictimai kampaniyasına dəstək ifadə olunur.
57 ölkənin daxil olduğu İƏT-in Nazirlər Şurası tərəfindən qəbul edilmiş “Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı hücum” adlı qətnamədə isə İƏT üzv dövlətləri 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücumu qəti şəkildə pislənir, İran hökumətini baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törədənləri cinayət məsuliyyətinə cəlb etməyə və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının İran İslam Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin mühafizəsini təmin etməyə çağırılır. Qətnamədə həmçinin İƏT Katibliyi və İƏT üzv dövlətlərinin Səfirliyə hücumu pisləyən bəyanatları alqışlanır.
Digər xəbərlərə də bax
MANŞET
Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı deyib.
Onun sözlərinə görə, Şuşada Bayraq Meydanının açılışı Azərbaycanın hər bir vətəndaşını qürurlandırıb:
“Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlət bayrağı ölkənin bütün ərazilərində qürurla dalğalanır. Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Bayraq Meydanının açılışı hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb”.
M.İmanlı Bayraq Meydanında görülən və nəzərdə tutulan işlər haqqında da məlumat verib.
“Şuşada Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib.
Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb. Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq, Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və ticarət mərkəzinin inşa edilməsi nəzərdə tutulur”.
MANŞET
Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.
Toplantıda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Sentyabrın 16-da seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.
QAX
RİH başçısının Qaxbaş kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qaxbaş kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilib.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib.
Müraciətlər kənd məktəbinin qazanxanasına qaz xəttinin çəkilməsinə, kəndin körpələr evi-uşaq bağçasının yeni binasının və məktəbə idman zalının tikilməsinə köməklik göstərilməsi ilə bağlı olunub.
Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.