SƏHİYYƏ
İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı 115-ə çatdırılıb – SİYAHI
Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) sayı 115-ə qədər artırılıb.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (Agentliyin) məlumat verilib.
Qeyd olunub ki, müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, Quba, Qusar, İsmayıllı, Qəbələ, Zaqatala, Kürdəmir, Mingəçevir, Sabirabad, İmişli, Salyan, Masallı, Lənkəran, Bərdə, Şəmkir və Tovuz da var.
Sözügedən tibb müəssisələrinin 82 %-i Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 18 %-i isə regionların payına düşür.
Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2 550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər.
TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı tibb müəssisələrinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.
Vətəndaş göndəriş vərəqəsi olmadan müqaviləli tibb müəssisələrinə birbaşa müraciət etdikdə isə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır.
Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin siyahısı ilə bu linkdan tanış olmaq olar.
Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.
Digər xəbərlərə də bax
MANŞET
Dərmanların qeydiyyatının yeni mexanizmi yaradılır və asanlaşdırılır
Azərbaycanda dərmanların qeydiyyatının yeni mexanizmi yaradılır və asanlaşdırılır.
Bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarla dərman vasitələrinin ekspertizasının aparılması qaydasına edilən dəyişikliklərdə öz əksini tapıb.
Belə ki, yeni qaydalarla Avropa İttifaqı ölkələri, Türkiyə, İsrail, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Dərman Agentliyi, ABŞ-nin Qida və Dərman Agentliyi, Yaponiyanın Əczaçılıq və Tibb Vasitələri Agentliyi, Avropa Azad Ticarət Assosiasiyasına üzv ölkələrdə, Avropa İttifaqı ilə Gömrük İttifaqı Sazişi qüvvədə olan ölkələrin ən azı birində istehsal olunan və (və ya) həmin ölkələrdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin, istifadəsinə icazə verilməsi meyarları da nəzərə alınmaqla beynəlxalq qeydiyyatının Azərbaycanda tanınması mexanizmi yaradılır.
Eyni zamanda beynəlxalq qeydiyyatın tanınması məqsədilə sadələşdirilmiş ekspertizanın aparılması üçün tələb olunan sənədlərin sayı azaldılıb və sadələşdirilib.
Həmçinin dərman vasitələrinin qeydiyyat prosedurlarının müddəti azaldılıb.
Belə ki, qərardan öncə dərman vasitəsinin qeydiyyatı üçün ekspertizaya 210 gün ayrılırdısa, bu müddət 90 günə endirilir. Beynəlxalq qeydiyyatı tanınan dərmanların ekspertizası və qeydiyyatı üçün isə bu müddət ümumiyyətlə, cəmi 14 gün təşkil edəcək.
SƏHİYYƏ
Şəkidə Ürək Mərkəzi fəaliyyətə başlayıb – FOTOLAR
SƏHİYYƏ
“Sinir sistemi həftəsi” çərçivəsində 3500-ə yaxın tibbi xidmət göstərilib
“Sinir sistemi həftəsi” çərçivəsində 800-dən çox vətəndaşa 3 500-ə yaxın tibbi xidmət göstərilib.
TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə 17-18 iyul 2024-cü il tarixlərində Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Şəki Ailə Sağlamlıq Mərkəzində “Sinir sistemi həftəsi” çərçivəsində vətəndaşlara paytaxtda yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər tərəfindən tibbi xidmətlər göstərilib.
Müayinələr sinir sistemi xəstəliklərinin risk faizinin yüksək olduğu bölgələrdən hesab olunan Şəki-Zaqatala tibbi ərazi bölməsinə daxil olan Şəki, Balakən, Zaqatala, Oğuz, Qax və Qəbələ rayonlarının vətəndaşları üçün təşkil edilib.
Müxtəlif sosial qruplardan olan vətəndaşlar arasında həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrdə iştirak edib.