RƏSMİ XRONİKA
İlham Əliyev Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.
Dövlət başçısının müraciətini Baş nazir Əli Əsədov oxuyub.
Mətndə deyilir:
“Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır.
İqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir.
COP tədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onların narahatlığını və ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirirəm.
Müxtəlif etiqad və inancların zəngin mənəvi potensialı iqlim dəyişmələrinin yaratdığı ekzistensial problemlərin həllinə təkan vermək imkanına malikdir.
Dünya din xadimləri bu çağırışlarla mübarizədə böyük rol oynaya bilərlər.
COP29-un Azərbaycanda keçirilməsinə yekdilliklə qərar verilməsi ölkəmizin beynəlxalq nüfuzuna yüksək etimadın göstəricisidir və bu, heç də təsadüfi deyildir.
Azərbaycan ekoloji problemlərlə bağlı bir çox konvensiya və sazişlərə qoşulmuş, müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmış, bu sahədə çoxşaxəli fəaliyyət proqramları qəbul etmişdir.
Ölkəmizdə ətraf mühitin qorunmasını nəzərdə tutan zəruri qanunvericilik sistemi formalaşdırılaraq səmərəli institusional mexanizmlər və investisiya mühiti yaradılmışdır.
Hazırda “yaşıl enerji” layihələrinin həyata keçirilməsi, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə, ətraf mühitə mənfi təsirlərin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində mühüm addımlar atılmaqdadır.
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur.
İqlim dəyişmələri və ekoloji problemlər ilə hamılıqla mübarizə aparmaq üçün dünyada beynəlxalq təhlükəsizliyin, sülh və əmin-amanlığın təmin edilməsi vacib amillərdən biridir.
Ölkəmiz yaxın tarixi keçmişində əsassız ərazi iddialarına məruz qalaraq ədalətsiz müharibəyə cəlb edilmiş, bu qanlı savaşın ağır fəsadlarını yaşamalı olmuşdur.
Siz Azərbaycanın əzəli torpağı olan Qarabağa səfəriniz zamanı Ermənistan tərəfindən 30 illik işğal dövründə törədilmiş ekosid, kultursid və urbisid kimi cinayətkar əməllərin acı nəticələrini əyani şəkildə görmək imkanı qazanacaq, ölkəmizin bölgədə ekoloji tarazlığı bərpa etmək istiqamətində yaşıl iqtisadiyyata, bərpaolunan enerjiyə əsaslanan genişmiqyaslı yenidənqurma işləri ilə bilavasitə tanış ola biləcəksiniz.
Bəşəri problemlərin müzakirə olunduğu Dini Liderlərin Qlobal Sammiti kimi nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsi artıq ənənə halını almışdır.
İnanıram ki, bu Sammit səmərəli fəaliyyəti ilə ölkəmizin sivilizasiyalararası dialoq məkanı statusunu daha da möhkəmləndirəcək, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nə sanballı töhfə verəcək, yaşıl dünya naminə həmrəyliyimiz, müdrik təklif və tövsiyələriniz ümumi hədəflərə çatmağımıza dəstək olacaqdır.
Hörmətli dini liderlər!
Əminəm ki, taleyüklü problemlərə həsr olunmuş Sammit konstruktiv fikir mübadilələri şəraitində keçəcək, COP çərçivəsində dinlərarası əməkdaşlıq platformasının təsisatlandırılması imkanı müzakirə ediləcəkdir. Bunun üçün tolerantlıq və multikulturalizm diyarı Azərbaycan ən uyğun məkandır.
Bir daha sizə ən xoş arzularımı yetirir, bəşəriyyətin gələcəyi naminə xeyirxah fəaliyyətinizdə hər birinizə uğurlar diləyirəm”.
Digər xəbərlərə də bax
MANŞET
İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olub – FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 4-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olublar.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma burada yaradılan şərait barədə ətraflı məruzə edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP29-un keçiriləcəyi tarixlərdə tədbir məkanı ərazisində istifadə ediləcək yük və sərnişindaşıma, eləcə də tibbi və yanğınsöndürmə üçün nəzərdə tutulan elektrikli minimobillər, Sammit zamanı yüksəksəviyyəli qonaqların ərazidə hərəkətini təmin etmək üçün istifadə olunacaq qolf-mobillər və elektrikli avtobuslar, həmçinin tədbir günlərində şəhər ərazisində hərəkət edəcək digər elektrikli nəqliyyat vasitələrinə baxıblar.
Dövlət başçısı və birinci xanım COP29-un rəsmi Mavi Zonasında açılış mərasimində Milli bəyanatların səsləndiriləcəyi “Nizami” Plenar İclas zalı, İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti üçün hazırlanan məkanlar, eləcə də rəsmi danışıqların aparılacağı sahələrdə təşkil edilən çoxfunksiyalı müxtəlif görüş otaqları ilə tanış olublar. Qeyd edilib ki, burada Azərbaycanın mədəniyyəti və təbiətini təbliğ edən müxtəlif ekspozisiya və sərgilər var. Bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına yaxın günlərdə təhvil veriləcək Mavi Zonada hazırda COP29 çərçivəsində pre-sessiya görüşləri keçirilir.
Dövlət başçısı və birinci xanım akkreditasiya və qeydiyyat prosesləri ilə tanış olublar. Bu günədək konfransda qeydiyyatdan keçmiş nümayəndə heyətləri ilə bağlı ətraflı məlumat verilib, tədbirə böyük marağın olduğu bildirilib.
Digər ölkələrin və tərəflərin pavilyonlarının yerləşdiyi zonaya baxan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada Azərbaycan və digər ölkə pavilyonlarının tikinti prosesləri ilə tanış olub, müxtəlif maraqlı tərəflərin iştirakı ilə geniş iştirakçı auditoriyası, eləcə də ictimaiyyət üçün açıq platforma rolunu oynayacaq Yaşıl Zonada olublar, Heydər Əliyev Fondu və Sıfır Atık Fondunun birgə pavilyonu olan Həmrəylik Mərkəzi, həmçinin digər tərəfdaşların və ölkələrin sərgi stendlərinə baxıblar. Yaşıl Zonanın ümumi konsepti, bu zonada keçiriləcək yüksəksəviyyəli konfrans və tədbirlər barədə ətraflı məlumat verilib.
MANŞET
Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında 12 ölkə və təşkilat lideri ilə görüşüb.
Bu barədə dövlət başçısının sosial media hesablarında paylaşım edilib.
RƏSMİ XRONİKA
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edib.