ELM VƏ TƏHSİL
İyunun 9-da iki mindən çox şəxs doktorantura və dissertantura üzrə imtahan verəcək
İyunun 9-da doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır
İmtahanlarda ümumilikdə 2 363 nəfər iştirak edəcək. Doktoranturaya qəbul imtahanına 2121 nəfər (2088 nəfər ingilis dili, 11 nəfər fransız dili, 22 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 242 nəfər (239 nəfər ingilis dili, 2 nəfər fransız dili, 1 nəfər alman dili) qeydiyyatdan keçib. 2 əcnəbi isə iyunun 10-da Azərbaycan dili üzrə imtahan verəcək.
İmtahanda 4 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) namizəd da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün binada xüsusi şərait yaradılıb və fərdi nəzarətçilər təyin edilib.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– şəxsiyyəti təsdiq edən sənədin əsli;
– “İmtahana buraxılış vərəqəsi”.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İmtahanverənlər 1 saat 30 dəqiqə ərzində onlara təqdim olunmuş 30 test tapşırığını cavablandırırlar. Bundan sonra iştirakçılara 15 dəqiqə fasilə verilir və sonra yazı blokunun vərəqləri təqdim olunur. Yazı bloku üçün də iştrakçılara 1 saat 30 dəqiqə vaxt verilir.
İmtahanların keçirilməsi üçün ümumilikdə 11 imtahan binası, 28 imtahan rəhbəri, 11 ümumi imtahan rəhbəri, 214 nəzarətçi, 33 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.
İyunun 9-da keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən şəxslər danışıq bloku üzrə imtahana buraxılmayacaqlar. Namizəd və iddiaçıların danışıq bloku üzrə qiymətləndirilməsi şifahi formada kompüter proqramı vasitəsilə 11-15 iyun tarixlərində həyata keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər də ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandan keçmiş hesab olunmayacaqlar.
İmtahanda toplanıla biləcək maksimal bal 50-dir və imtahanverənlərə (sual kitabçasında) təqdim olunan hər bir tapşırıq üzrə düzgün cavab bir balla qiymətləndirilir (maksimum 30 bal). Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər bir yazı işi (vizual məlumatın təsviri və esse) ayrı-ayrılıqda 10 ballıq şkala üzrə qiymətləndirilir. Yazı bloku üzrə maksimal bal 10-dur və ümumi balın hesablanması aşağıdakı kimi aparılır.
n(yazı)=0.4*n(vizual)+0.6*n(esse)
Danışıq bloku üzrə də toplanıla biləcək maksimal bal 10-dur. Xarici dil üzrə qəbul imtahanında bloklar üzrə müvafiq bal məhdudiyəti (2 bal) nəzərə alınmaqla keçid balını (25 bal) toplamış namizədlər fəlsəfə, sonra isə ixtisas fənnindən imtahana buraxılırlar.Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal 30-dur (bloklar üzrə 2 bal məhdudiyəti nəzərə alınmaqla).
Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 10-da keçiriləcək.
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
Azərbaycanda ali təhsil alan qadınların sayı artıb
Azərbaycanın dövlət və qeyri-dövlət ali məktəblərində 2023-2024-cü tədris ilinin əvvəlinə təhsil alan qadınların sayı 118 min 290 nəfər olub. Onlardan 100 min 529-u dövlət, 18 min 31-i isə özəl müəssisələrdə ali təhsil alıb.
Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” məcmuəsində əks olunub.
Rəsmi nəşrdə bildirilir ki, bu göstərici 2010-cu ildə 65 min 112, 2015-ci ildə 78 min 662, 2021-ci ildə 97 min 163 olub. 2022-ci ildə isə 111 min 583 qadın ali təhsil ala bilib.
ELM VƏ TƏHSİL
Kolleclərdə oxuyanlar daha çox hansı ixtisasları seçiblər? – statistika
2023-2024-cü tədris ilində ölkəmizdə fəaliyyət göstərən 59 dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisəsində (kollec) 65 min 640 tələbə oxuyub. Onların 59 min 314-ü əyani, 6326-sı qiyabi təhsil alıb. 2005-ci ildə isə orta ixtisas təhsili müəssisələrində təhsil alanların sayı 57 min 896, ötən il isə 64 min 623 nəfər olub. Bu, illər keçdikcə kolleclərdə oxuyan tələbələrin sayının artdığını göstərir.
Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” məcmuəsində əks olunub.
Məcmuədə bildirilir ki, ölkəmizin orta ixtisas təhsil müəssisələrində tələbələr daha çox texniki və texnoloji ixtisaslara (18 min 517 nəfər) üstünlük veriblər. İkinci yerdə səhiyyə, rifah və xidmət ixtisas qrupları (14 min 378), üçüncü yerdə iqtisadiyyat və idarəetmə ixtisasları qrupu (11 min 524) gəlir. Humanitar və sosial ixtisaslar qrupunu isə 2051 nəfər seçib.
ELM VƏ TƏHSİL
Ali məktəblərə yüksək balla daxil olan gənclərlə görüş keçirilib
13 sentyabr 2024-cü il tarixdə ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adı qazanmış gənclərlə görüş keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək bildirdi ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. “Təhsil millətin gələcəyidir” -deyən Ümummilli lider Heydər Əliyev respublikamızın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu bildirmiş və Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə təhsilin inkişafına yüksək qayğı göstərmişdir. Ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyasının əsas məqsədi ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsidir.
RİH başçısı diqqətə çatdırdı ki, Ümummilli liderin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu gün ölkəmizdə təhsilə olan diqqət və qayğı da göz qabağındadır. Təhsil işçilərinin əməkhaqqlarının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir. Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrində təhsil ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir. “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək” layihələrinin gerçəkləşməsi kimi vacib tədbirlər təhsilin inkişafı istiqamətində atılan önəmli addımlardır.
Tədbirdə çıxış edənlər də ali məktəblərə qəbul olunan gəncləri təbrik etmiş, tələbəlik həyatında müvəffəqiyyətlər arzulamışlar.
Çıxış edən məzunlar onlara göstərilən etimadları doğruldacaqlarına söz verərək, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
Sonda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərə qiymətli hədiyyələr təqdim olunmuşdur.