SİYASƏT
Kubada Azərbaycanın Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib
Kubanın paytaxtı Havana şəhərinin tarixi “Hotel Nacional” mehmanxanasında 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib.
Tədbirdə fəxri qonaq qismində Kuba hökumətinin üzvləri, ədliyyə naziri Oskar Silvera Martinez, xarici işlər nazirinin müavini Anayansi Komexo Rodriqez, habelə Kuba Xarici İşlər Nazirliyinin, Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin, dövlət qurumlarının, diplomatik korpusun, elmi-akademik dairələrin və KİV-in nümayəndələri iştirak edib.
Tədbir Azərbaycanın və Kubanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Qəbulda çıxış edən ölkəmizin Kubadakı səfiri Ruslan Rzayev qonaqlara 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk Demokratik Respublikanın məhz Azərbaycanda qurulması və Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətləri haqqında danışıb. Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə üzləşdiyi çətinliklər barədə məlumat verən səfir, müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycanın sosial-iqtisadi inkişafı, beynəlxalq səviyyədə nüfuzunun artması və uğurlu xarici siyasətinin həyata keçirilməsi istiqamətində Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd edib.
R.Rzayev 2023-cü ilin dekabr ayında Azərbaycanın yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək ölkə seçildiyini, bunun Azərbaycanın qlobal miqyasda güclü diplomatiyasının əlaməti olduğunu və COP29 zamanı iqlim dəyişikliyi ilə bağlı çağırışlar üzrə vacib qərarların qəbul edilməsi üçün ölkəmizin bütün iştirakçı dövlətlərlə intensiv danışıqlar apardığını bildirib.
Səfir, həmçinin Azərbaycan-Kuba əlaqələrinə toxunaraq, son müddətdə ikitərəfli münasibətlərdə müşahidə olunan dinamikadan, həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlərdən danışıb və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.
Qəbul zamanı Azərbaycanın tarixi, mədəniyyəti, turizm imkanları və COP29 barədə videoçarxlar nümayiş olunub.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.
MANŞET
Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı deyib.
Onun sözlərinə görə, Şuşada Bayraq Meydanının açılışı Azərbaycanın hər bir vətəndaşını qürurlandırıb:
“Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlət bayrağı ölkənin bütün ərazilərində qürurla dalğalanır. Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Bayraq Meydanının açılışı hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb”.
M.İmanlı Bayraq Meydanında görülən və nəzərdə tutulan işlər haqqında da məlumat verib.
“Şuşada Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib.
Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb. Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq, Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və ticarət mərkəzinin inşa edilməsi nəzərdə tutulur”.
MANŞET
Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.
Toplantıda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Sentyabrın 16-da seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.