MANŞET
Leyla Əliyeva Berlində işgüzar səfərdə olub – FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Beynəlxalq biomüxtəliflik günü ərəfəsində Berlinə işgüzar səfəri çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzində IDEA İB-nin təşkilatçılığı ilə keçirilən “Təbiətə qayıdış: Azərbaycanda zubr populyasiyasının bərpası” adlı tədbirdə iştirak edib.
Tədbirdə çıxış edən Leyla Əliyeva, eləcə də Berlin Zooparkının direktoru Andreas Knirim və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Almaniya nümayəndəliyinin konservasiya üzrə müdiri Katrin Samson tədbirin əhəmiyyətindən bəhs edib, ölkəmizdə zubr populyasiyasının bərpası və inkişafı üzrə görülən işlərin vacibliyini iştirakçıların diqqətinə çatdırıblar. Tədbirdə həmçinin bu sahədə görülən işlərə həsr olunmuş film və fotosərgi nümayiş etdirilib.
Leyla Əliyeva səfər çərçivəsində “Michael Succow” Fondunun təsisçisi Maykl Sukkov, Lissabon Zooparkının Zoologiya və veterinar şöbəsinin müdiri Ruy Bernardino, eləcə də Andreas Knirim və Katrin Samson ilə ayrıca görüşlər keçirib, təbiəti mühafizə, canlı aləmin konservasiyası və bərpası sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb. Sonuncu görüş zamanı Bakı və Berlin Zooparkları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma əsasən, zooparklar öz aralarında məlumat, bilik və təcrübə mübadiləsi keçirəcək, habelə əməkdaşlar üçün birgə təlimlər təşkil edəcəklər.
Qeyd edək ki, ötən əsrin əvvəllərində ölkəmizdə nəsli kəsilmiş zubr populyasiyasının vəhşi təbiətə reintroduksiyası məqsədilə 2012-ci ildən etibarən İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin birgə tərəfdaşlığı çərçivəsində uğurla həyata keçirilməkdə olan layihə nəticəsində hazırda Şahdağ Milli Parkının ərazisində 61 başdan ibarət zubr populyasiyasının bərpasına nail olunub.
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
MANŞET
Vilayət Eyvazov polis rəislərinə vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıq verib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 24-də və 25-də Yevlax Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir əvvəlcə Yevlax rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax, Kürdəmir, Ağdaş, Ucar, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 445 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Bərdədə yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonra general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
45 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 338 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Sonda daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.