SƏHİYYƏ
Nazirlikdə Kubanın ictimai səhiyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycan Səhiyyə Nazirliyində Kubanın ictimai səhiyyə naziri Xose Anxel Portal Mirandanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən verilən məlumata görə, görüşdə həmçinin Kuba Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon da iştirak edib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, 2020-ci ildə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində kubalı mütəxəssislərdən ibarət həkim briqadaların ölkəmizə gəlməsi buna bariz nümunədir: “Bu addım Azərbaycan və Kuba arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir”.
Teymur Musayev öz çıxışında Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini də qeyd edib: “Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış edib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü əsasında peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən qəbul edilib”.
Sonda Teymur Musayev ölkələrimizin səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində Anhel Portal Miranda çıxışında Azərbaycan və Kuba arasında bir çox sahələrdə sıx əlaqələrin mövcudluğunu vurğulayıb: “Sizin də qeyd etdiyiniz kimi, COVID-19 pandemiyası zamanı Kubadan həkim briqadalarının Azərbaycana gəlməsi bu münasibətlərin əyani göstəricisidir. İnanıram ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək”.
Sonda Kubanın ictimai səhiyyə naziri bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də dinamik əməkdaşlığın vacibliyini bildirib.
Görüşdə Azərbaycanla Kuba arasında farmasevtika sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivləri, eyni zamanda milli səhiyyə müəssisələri tərəfindən təcrübə mübadiləsi barədə faydalı müzakirələr aparılıb. Həmçinin tərəflər gələcəkdə Azərbaycan-Kuba dostluq klinikasının açılmasını müzakirə ediblər.
Digər xəbərlərə də bax
MANŞET
Dərmanların qeydiyyatının yeni mexanizmi yaradılır və asanlaşdırılır
Azərbaycanda dərmanların qeydiyyatının yeni mexanizmi yaradılır və asanlaşdırılır.
Bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarla dərman vasitələrinin ekspertizasının aparılması qaydasına edilən dəyişikliklərdə öz əksini tapıb.
Belə ki, yeni qaydalarla Avropa İttifaqı ölkələri, Türkiyə, İsrail, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Dərman Agentliyi, ABŞ-nin Qida və Dərman Agentliyi, Yaponiyanın Əczaçılıq və Tibb Vasitələri Agentliyi, Avropa Azad Ticarət Assosiasiyasına üzv ölkələrdə, Avropa İttifaqı ilə Gömrük İttifaqı Sazişi qüvvədə olan ölkələrin ən azı birində istehsal olunan və (və ya) həmin ölkələrdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin, istifadəsinə icazə verilməsi meyarları da nəzərə alınmaqla beynəlxalq qeydiyyatının Azərbaycanda tanınması mexanizmi yaradılır.
Eyni zamanda beynəlxalq qeydiyyatın tanınması məqsədilə sadələşdirilmiş ekspertizanın aparılması üçün tələb olunan sənədlərin sayı azaldılıb və sadələşdirilib.
Həmçinin dərman vasitələrinin qeydiyyat prosedurlarının müddəti azaldılıb.
Belə ki, qərardan öncə dərman vasitəsinin qeydiyyatı üçün ekspertizaya 210 gün ayrılırdısa, bu müddət 90 günə endirilir. Beynəlxalq qeydiyyatı tanınan dərmanların ekspertizası və qeydiyyatı üçün isə bu müddət ümumiyyətlə, cəmi 14 gün təşkil edəcək.
SƏHİYYƏ
Şəkidə Ürək Mərkəzi fəaliyyətə başlayıb – FOTOLAR
SƏHİYYƏ
“Sinir sistemi həftəsi” çərçivəsində 3500-ə yaxın tibbi xidmət göstərilib
“Sinir sistemi həftəsi” çərçivəsində 800-dən çox vətəndaşa 3 500-ə yaxın tibbi xidmət göstərilib.
TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə 17-18 iyul 2024-cü il tarixlərində Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Şəki Ailə Sağlamlıq Mərkəzində “Sinir sistemi həftəsi” çərçivəsində vətəndaşlara paytaxtda yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər tərəfindən tibbi xidmətlər göstərilib.
Müayinələr sinir sistemi xəstəliklərinin risk faizinin yüksək olduğu bölgələrdən hesab olunan Şəki-Zaqatala tibbi ərazi bölməsinə daxil olan Şəki, Balakən, Zaqatala, Oğuz, Qax və Qəbələ rayonlarının vətəndaşları üçün təşkil edilib.
Müxtəlif sosial qruplardan olan vətəndaşlar arasında həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrdə iştirak edib.