İDMAN
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə finalçılar bəlli olub
Şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirində yarımfinal oyunları keçirilib.
İlk olaraq A qrupunun lideri “Ardanış” ilə B qrupunun 2-cisi “Novoivanovka” üz-üzə gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında 5:4 hesablı qələbə qazanan “Novoivanovka” ilk finalçı olub.
Bu görüşdən sonra B qrupunun birincisi “Ada Təpə” A qrupunun ikincisi “Göyçə” ilə qarşılaşıb. Bu matçın da əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 13:12 hesabı ilə rəqibindən üstün olan “Göyçə” adını finala yazdırıb.
Noyabrın 6-da final qarşılaşmasında “Novoivanovka” və “Göyçə”, üçüncü yer uğrunda görüşdə isə “Ardanış” “Ada Təpə” ilə üz-üzə gələcək.
Turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı futbolçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “ən gənc oyunçu” nominasiyaları üçün mükafat, kubok, medal və hədiyyələr nəzərdə tutulub.
İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov “Ardanış”, Sirac Abışovun qardaşı Şirzad Abışov isə “Media” komandasında çıxış edir.
“Sultan keramik” və “Bee Tours”un sponsorluğu, “Mister Tum”un tərəfdaşlığı ilə keçiriləcək Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini “Report” İnformasiya Agentliyi və Rakurs.az saytı verir.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Digər xəbərlərə də bax
İDMAN
Fərid Qayıbov növbəti dəfə idman federasiyalarının nümayəndələri ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 16-cı görüşünü keçirib.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan İdman Akademiyasında təşkil olunan görüşdə Fərid Qayıbov federasiya nümayəndələrini salamlayaraq, onları Paris-2024 Yay Olimpiya Oyunlarında, eləcə də Yay Paralimpiya Oyunlarında qazanılan uğurlar münasibətilə təbrik edib.
Nazir son vaxtlar görülən işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün gündəliyi barədə məlumat verib.
Toplantıda əvvəlcə alman idman mütəxəssisi Mattias Frederix Hahn idman tibbi mövzusunda çıxış edib. Sonra Paris-2024 Yay Olimpiya Oyunları ilə bağlı hesabat dinlənilib, 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq barədə, həmçinin beynəlxalq federasiyalara seçkilərdə təmsil olunma məsələləri, Azərbaycan İdman Akademiyasına qəbul, idman federasiyalarının sosial media fəaliyyəti haqqında məlumat verilib.
Tədbirdə Azərbaycan Badminton Federasiyasının strateji inkişaf planı təqdim edilib və AMADA-nın təqdimatı dinlənilib. Həmçinin UGİM-lərin fəaliyyəti, idman psixoloqlarının hazırlanması, texniki reqlamentin yeni versiyasının nəşrə hazırlanması və digər məsələlər müzakirə edilib.
Fərid Qayıbov regionlarda seleksiya işlərinin aparılması və digər məsələlərlə bağlı müvafiq tövsiyələr verib.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.
İDMAN
Gimnastlarımız gümüş medal qazandılar
Gimarayş şəhərində akrobatika üzrə dünya çempionatı keçirilir.
ShekiMedia.az xəbər verir ki, millimiz yarışda ilk medalını qazanıb.
Gimnastlarımız komanda yarışında fəxri kürsüdə yer alıblar. Təsnifat mərhələsində Azərbaycan akrobatları 6 növdə finala vəsiqə qazanıblar. Yığmamız bu nəticə ilə çempionatın gümüş medalını qazanıb. Millimiz yalnız Çindən geri qalıb, İsrail akrobatları isə bürüncə sahib çıxıblar.
Qeyd edək ki, temp və balans hərəkətlərində Ağasis Rəhimov-Raziyə Seyidli qarışıq dueti, Murad Rəfiyev-Daniel Abbasov kişi cütü və Riyad Səfərov-Rəsul Seyidli-Seymur-Cəfərov və Abdulla Əl-Məşayxi dördlüyü finala vəsiqə əldə edib.
İDMAN
Bakı Şəhər Halqası Azərbaycan Qran-prisi üçün son hazırlıqlarını tamamlayır
Bakı Şəhər Halqası “Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün sonuncu hazırlıqlarını tamamlayır.
Bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, əvvəlki illərdən fərqli olaraq azarkeşlər bu il “Formula 1″in dünyaca məşhur bütün əyləncəli aktivasiyalarını Bulvar ərazisində görə biləcəklər.
Ən populyar aktivasiyalardan biri “Pit Stop Challenge”dir. Burada fanatlar bolidin təkərlərini mümkün olan ən qısa zamanda dəyişməyə çalışırlar. Günün ən sürətli komandası mükafatlar, o cümlədən imzalı əşyalar və paddok turu qazanmaq şansı əldə edəcək.
Hər il olduğu kimi Dənizkənarı Bulvar ərazisində yerləşən azarkeş zonasında Fan Forum keçiriləcək. Burada səhnənin qarşısında təşkil olunan sessiyada dünya şöhrətli F1 pilotları avtoidman həvəskarları ilə görüşəcək. Komandalar üçün ayrılmış vaxt ərzində azarkeşlər F1 ulduzlarına öz suallarını verib, onlardan avtoqraf alıb və şəkil çəkdirmək imkanı əldə edəcəklər.
Fərqli texnoloji təcrübələri sevənlər üçün isə “Giant Helmet” çox maraqlı olacaq. Fanatlar nəhəng F1 dəbilqəsinin köməyi ilə virtual reallıqda öz sürücü dəbilqələrini dizayn edəcək və bu unikal təcrübəni sosial mediada paylaşa biləcəklər.
“Ninja əngəl zolağı” fiziki aktivlik axtaranlar üçün idealdır. Hər yaş üçün uyğun olan bu zolaqda fanatlar müxtəlif maneələri dəf edərək əylənəcəklər. “Formula 1” yarışlarının həyəcanı ilə sirkin möcüzəsi bir araya gəlir. Yarış həftəsində akrobatlardan illüziya ustalarına qədər valehedici çıxışlarla dolu möhtəşəm sirk ab-havası yaşanacaq.
Əyləncənin ekstrimal tərəfi isə motosikletçilərin sürət və cazibə qanunlarını pozaraq nəhəng qlobusda 70 km/saat sürətlə yarışmasıdır. Onların təhlükəli döngələri sizə adrenalin dolu anlar yaşadacaq.
Bakı Şəhər Halqası kiçik qonaqları da unutmayıb. Bulvar ərazisində uşaqlar üçün xüsusi əyləncə nöqtələri mövcuddur. Bundan başqa, milli rəqslər, nağara şoular, retro avtomobillərin sərgisi, müxtəlif foto zonalar, həmçinin kiçik konsertlər kimi əyləncələr də burada yer alacaq.
Bu il yarış həftəsonu Kristal zalında təşkil olunacaq dünya ulduzlarının konsertləri ilə davam edəcək. Sentyabrın 13-də dünya şöhrətli aktyor və musiqi ulduzu Uill Smit öz unikal musiqi proqramı ilə səhnədə fanatları əyləndirəcək. Eyni axşam yarış həvəskarlarını Cənubi Afrikanın məşhur DJ-i və prodüseri “Black Coffee”nin ritmik və enerjili performansı gözləyir. Sentyabrın 14-də isə dünya musiqisinin parlaq ulduzu J Balvin Bakı səhnəsində avtoidman həvəskarlarına möhtəşəm gecə yaşadacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında baş tutacaq.