SİYASƏT
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində aprelin 13-də bu ölkənin Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
MDB Parlamentlərarası Assambleyasının 55-ci plenar iclası çərçivəsində baş tutan görüşdə qeyd olunub ki, bu gün parlamentlərarası əməkdaşlıq MDB-yə üzv olan ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi üçün effektiv mexanizmə çevrilib. Parlament Assambleyası bu prosesdə vacib rol oynayır.
Görüşdə vurğulanıb ki, ötən il Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olub. Azərbaycan və Rusiyanın dövlət başçıları tərəfindən müəyyən olunan və münasibətlərimizin dərinləşdirilməsinə xidmət edən gündəliyə əsasən, ölkələrimiz arasında münasibətlər mehriban qonşuluq və qarşılıqlı anlaşma əsasında inkişaf edir və qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır.
Ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının mühüm rolu xüsusi vurğulanaraq, qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin fevralında Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə əlaqələrimizdə yeni mərhələnin əsasını qoyub.
Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında iqtisadiyyat sahəsində, o cümlədən qarşılıqlı investisiya qoyuluşunda qeydə alınan göstəricilər uğurludur. Humanitar sahədə əlaqələr də əməkdaşlıqda mühüm bir istiqaməti təşkil edir.
Bildirilib ki, bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Valentina Matviyenko deyib ki, Heydər Əliyevin əziz xatirəsi Rusiyada da hörmətlə anılır. Bu məqsədlə Rusiya Federasiyasında bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Görüşdə tərəflər iki ölkə arasında əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus rolunu da qeyd ediblər. Bildirilib ki, bu sahədə həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qruplarının, həmçinin Milli Məclis və Federal Məclis arasında daimi fəaliyyət göstərən ikitərəfli parlamentlərarası komissiyanın işi təqdirəlayiqdir. Milli Məclisin sədri Sahibə Qafarovanın cari ilin fevral ayında Rusiya Federasiyasına rəsmi səfəri və səfər zamanı imzalanan “Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun ikitərəfli münasibətlərimizin parlament ölçüsünün inkişafına töhfə verdiyi diqqətə çatdırılıb.
Spiker Sahibə Qafarova həmçinin, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri, “Böyük Qayıdış” proqramı, keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtması prosesinin başlaması barədə də məlumat verib.
Qeyd olunub ki, artıq işğaldan azad olunmuş ərazilərimizdə üçüncü beynəlxalq hava limanı Laçında tikilir.
Azərbaycan parlamentinin spikeri bildirib ki, Ermənistan Üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq, hələ də öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmayıb. Laçın yolundan hərbi məqsədlər və qeyri-qanuni istismar etdiyi təbii sərvətlərimizin daşınması üçün istifadə edir. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda dinc aksiyası Ermənistanın bu qeyri-qanuni əməllərinə etiraz olaraq keçirilir. Lakin Ermənistan, guya Laçın yolunun bağlanmasına dair yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır.
Ermənistan Avropa İttifaqının missiyasının bu ölkədə olmasından istifadə edərək, vəziyyəti gərginləşdirən addımlar atır və hərbi təxribatlara yol verir.
Görüşdə Milli Məclisin sədri, Ermənistanın 11 aprel tarixində törətdiyi hərbi təxribat barədə məlumat verərək, deyib ki, bu kimi təxribatların beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Spikerin sözlərinə görə, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq, Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Ona görə də Ermənistanın bu addımları ciddi şəkildə qınanılmalıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Digər xəbərlərə də bax
MANŞET
Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı deyib.
Onun sözlərinə görə, Şuşada Bayraq Meydanının açılışı Azərbaycanın hər bir vətəndaşını qürurlandırıb:
“Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlət bayrağı ölkənin bütün ərazilərində qürurla dalğalanır. Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Bayraq Meydanının açılışı hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb”.
M.İmanlı Bayraq Meydanında görülən və nəzərdə tutulan işlər haqqında da məlumat verib.
“Şuşada Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib.
Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb. Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq, Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və ticarət mərkəzinin inşa edilməsi nəzərdə tutulur”.
MANŞET
Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.
Toplantıda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Sentyabrın 16-da seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.
QAX
RİH başçısının Qaxbaş kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qaxbaş kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilib.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib.
Müraciətlər kənd məktəbinin qazanxanasına qaz xəttinin çəkilməsinə, kəndin körpələr evi-uşaq bağçasının yeni binasının və məktəbə idman zalının tikilməsinə köməklik göstərilməsi ilə bağlı olunub.
Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.