MANŞET
Türk dövlətləri Orta Dəhliz boyu gömrük prosedurlarını sadələşdirir
Türk Dövlətləri Təşkilatına üzv dövlətlər Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın informasiya sistemlərinin inteqrasiyasını nəzərdə tutan sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişin ratifikasiyasını başa çatdırıblar.
Sadələşdirilmiş gömrük dəhlizi haqqında saziş Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) boyunca xarici ticarət fəaliyyətinin sadələşdirilməsini nəzərdə tutur.
Bu gün təkcə Qazaxıstanın deyil, həm də Qırğızıstan və Özbəkistanın xarici ticarətində əsas pay iki əsas dəhlizdən keçir: Rusiyadan Avropaya və Çin vasitəsiylə. Yeni saziş isə üçüncü dəhlizin – Xəzər dənizi, Azərbaycan və Türkiyədən keçən Transxəzər dəhlizinin inkişafına yönəlib. 2010-cu ildən 2022-ci ilə qədər bu sazişdə iştirak edən ölkələr arasında ticarət dövriyyəsi üç dəfə artıb. Bu, gələcək artım üçün böyük potensialdan xəbər verir.
Bu gün Qazaxıstan üçün bu türk dövlətləri ilə ticarətin həcmi təqribən 13 milyard ABŞ dolları təşkil edir, özü də bu məbləğin 70 %-i Qazaxıstanın bu ölkələrə ixracının payına düşür.
Sadələşdirilmiş gömrük dəhlizinin aşağıdakı üstünlükləri var: ticarət operatorları buraxılış məntəqələrində prioritet xidmət alacaqlar və bu, gözləmə vaxtlarını azaldacaq; gömrük rəsmiləşdirilməsi prosedurları ayrı-ayrı hərəkət zolaqlarından istifadə edilməklə optimallaşdırılacaq və bu, rəsmiləşdirmə müddətlərini daha da azaldacaq; gömrük yoxlaması yalnız gömrük qanunvericiliyinin pozulması riskinin müəyyən edildiyi hallarda aparılacaq və bu, dayanma müddətini və xərcləri azaltmağa imkan verəcək.
Sadələşdirilmiş gömrük dəhlizi haqqında saziş nə konkret sənaye sahələrini, nə də gömrük rəsmiləşdirilməsi üçün malların seçimini məhdudlaşdırmır. Bu o deməkdir ki, ticarət operatorları bütün növ mallar üçün sadələşdirilmiş prosedurlardan istifadə edə bilərlər.
Sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında saziş ratifikasiya olunduqdan sonra altı aylıq pilot layihə həyata keçiriləcək. Bu müddət ərzində beş ölkənin gömrük strukturları yeni sistemin bütün texniki, inzibati və hüquqi aspektlərini tam şəkildə işləyəcək. Pilot layihə başa çatdıqdan sonra sistem tam şəkildə işə düşəcək.
Qeyd edək ki, Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan bu sazişi hələ 2023-cü ildə ratifikasiya ediblər. Beş TDT ölkəsindən yalnız Qazaxıstan qalmışdı ki, o da bu həftə sadələşdirilmiş gömrük dəhlizinə qoşulmağı təsdiqləyib.
Xatırladaq ki, saziş 2022-ci il noyabrın 11-də Səmərqənddə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan hökumətləri arasında imzalanıb.
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
MANŞET
Vilayət Eyvazov polis rəislərinə vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıq verib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 24-də və 25-də Yevlax Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir əvvəlcə Yevlax rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax, Kürdəmir, Ağdaş, Ucar, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 445 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Bərdədə yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonra general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
45 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 338 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Sonda daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.