XƏBƏRLƏR
Türkiyə və Özbəkistan XİN başçıları regional məsələləri müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan Daşkənddə özbəkistanlı həmkarı Baxtiyar Saidovla görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Xatırladaq ki, H.Fidan, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın Özbəkistanda səfərdədirlər.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Bölgələrdə küləkli hava iki gün davam edəcək – XƏBƏRDARLIQ
Sentyabrın 12-si gündüzdən 14-ü gündüzədək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Culfa, Ordubad, Babək, Gəncə, Samux, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Goranboy, Naftalan, Şirvan, Sabirabad, Mingəçevir, Daşkəsən, Zaqatala, Qax, Balakən, Şəki, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Bərdə, Yevlax, Beyləqan, Füzulidə fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 13.09.2024
Bakıda və Abşeron yarımadasında sentyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 759 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-18° isti olacaq.
XƏBƏRLƏR
ANAMA: Qarabağ və Şərqi Zəngəzurda 161 min hektardan çox ərazi minalardan təmizlənib
2020-ci ilin noyabr ayından indiyədək 379 nəfər mülki şəxs mina qurbanı olub, onlardan 70 nəfəri ölüb, 309 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə jurnalistlərə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin (ANAMA) təşkilatçılığı ilə bölgəyə təşkil edilmiş mediaturda məlumat verilib.
İşğaldan azad edilmiş ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işləri davam etdirilir.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən indiyədək Qarabağ və Şərqi Zəngəzurda 161 min hektardan çox ərazi minalardan təmizlənib, 156 mindən çox mina və müxtəlif təyinatlı hərbi sursatlar tapılaraq zərərsizləşdirilib. Aparılan minatəmizləmə əməliyyatları zamanı Ermənistan silahlı bölmələri tərəfindən qoyulan tələ minalara və sursatlara hələ də rast gəlinir.
Media nümayəndələri Füzuli rayonunun keçmiş təmas xəttinə yaxın ərazilərinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi zamanı qarşıya çıxan çətinliklər haqqında ətraflı məlumatlandırılıb.
ANAMA-nın əməliyyat rəhbəri Habil Babayev jurnalistlərə bildirib ki, işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirklənməsi müşahidə edilir. Onların işə düşməsi zamanı insanların həyat və ya sağlamlığının itirilməsi, uzunmüddətli ağır psixoloji travma almaları ilə nəticələnir. Əksər hallarda minaların qurbanları mülki əhali olur. 2020-ci ilin noyabr ayından indiyədək 379 nəfər mülki şəxs mina qurbanı olub. Onlardan 70 nəfəri ölüb, 309 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.