XƏBƏRLƏR
Yardımlıda dərədən 21 kiloqram narkotik aşkarlanıb
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 21 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, psixotrop maddə və güclü təsiredən xassəyə malik həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, əldə edilən əməliyyat məlumatları əsasında şübhəli şəxs qismində Yardımlı rayon sakini Yasər Ağayev saxlanılıb.
Həmin şəxsin dərədə gizlətdiyi torbalardan ümumilikdə 10 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın heroin, 2 kiloqram tiryək, 4 kiloqram 464 qram metamfetamin və 200 ədəd güclü təsiredən xassəyə malik həb aşkarlanaraq götürülüb. Araşdırma zamanı Y.Ağayevin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və qeyd edilən narkotik vasitələri həmin şəxsin göstərişi əsasında deyilən yerlərdə gizlətməli olduğu müəyyən edilib.
Qeyd edək ki, Y.Ağayevin qardaşı Namik Ağayev də bir ay əvvəl narkokuryerlik etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Yardımlı rayonu ərazisində gizlətdiyi yerdən 40 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə aşkarlanıb.
Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
Azərbaycanda ali təhsil alan qadınların sayı artıb
Azərbaycanın dövlət və qeyri-dövlət ali məktəblərində 2023-2024-cü tədris ilinin əvvəlinə təhsil alan qadınların sayı 118 min 290 nəfər olub. Onlardan 100 min 529-u dövlət, 18 min 31-i isə özəl müəssisələrdə ali təhsil alıb.
Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” məcmuəsində əks olunub.
Rəsmi nəşrdə bildirilir ki, bu göstərici 2010-cu ildə 65 min 112, 2015-ci ildə 78 min 662, 2021-ci ildə 97 min 163 olub. 2022-ci ildə isə 111 min 583 qadın ali təhsil ala bilib.
XƏBƏRLƏR
FHN: Ötən sutka ərzində 59 halda yanğına çıxış olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 59 halda yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla, 5 nəfər xilas edilib.
ELM VƏ TƏHSİL
Kolleclərdə oxuyanlar daha çox hansı ixtisasları seçiblər? – statistika
2023-2024-cü tədris ilində ölkəmizdə fəaliyyət göstərən 59 dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisəsində (kollec) 65 min 640 tələbə oxuyub. Onların 59 min 314-ü əyani, 6326-sı qiyabi təhsil alıb. 2005-ci ildə isə orta ixtisas təhsili müəssisələrində təhsil alanların sayı 57 min 896, ötən il isə 64 min 623 nəfər olub. Bu, illər keçdikcə kolleclərdə oxuyan tələbələrin sayının artdığını göstərir.
Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” məcmuəsində əks olunub.
Məcmuədə bildirilir ki, ölkəmizin orta ixtisas təhsil müəssisələrində tələbələr daha çox texniki və texnoloji ixtisaslara (18 min 517 nəfər) üstünlük veriblər. İkinci yerdə səhiyyə, rifah və xidmət ixtisas qrupları (14 min 378), üçüncü yerdə iqtisadiyyat və idarəetmə ixtisasları qrupu (11 min 524) gəlir. Humanitar və sosial ixtisaslar qrupunu isə 2051 nəfər seçib.