XƏBƏRLƏR
Yevlaxda narkotik satışı ilə məşğul olan 5 nəfər həbs edilib
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyatlar zamanı külli miqdarda narkotiki qanunsuz olaraq əldə edərək saxlamaqda və satışında şübhəli bilinən 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri – Elnur Yusubov, Azər Hüseynov, Samir Xəlilov, Anar Hüseynov və Kamal Məmmədov saxlanılıblar. Müvafiq axtarış zamanı onlardan külli miqdarda narkotik vasitələr – 1 kiloqramdan artıq heroin, 1 kiloqrama yaxın marixuana və metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
Azərbaycanda ali təhsil alan qadınların sayı artıb
Azərbaycanın dövlət və qeyri-dövlət ali məktəblərində 2023-2024-cü tədris ilinin əvvəlinə təhsil alan qadınların sayı 118 min 290 nəfər olub. Onlardan 100 min 529-u dövlət, 18 min 31-i isə özəl müəssisələrdə ali təhsil alıb.
Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” məcmuəsində əks olunub.
Rəsmi nəşrdə bildirilir ki, bu göstərici 2010-cu ildə 65 min 112, 2015-ci ildə 78 min 662, 2021-ci ildə 97 min 163 olub. 2022-ci ildə isə 111 min 583 qadın ali təhsil ala bilib.
XƏBƏRLƏR
FHN: Ötən sutka ərzində 59 halda yanğına çıxış olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 59 halda yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla, 5 nəfər xilas edilib.
ELM VƏ TƏHSİL
Kolleclərdə oxuyanlar daha çox hansı ixtisasları seçiblər? – statistika
2023-2024-cü tədris ilində ölkəmizdə fəaliyyət göstərən 59 dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisəsində (kollec) 65 min 640 tələbə oxuyub. Onların 59 min 314-ü əyani, 6326-sı qiyabi təhsil alıb. 2005-ci ildə isə orta ixtisas təhsili müəssisələrində təhsil alanların sayı 57 min 896, ötən il isə 64 min 623 nəfər olub. Bu, illər keçdikcə kolleclərdə oxuyan tələbələrin sayının artdığını göstərir.
Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” məcmuəsində əks olunub.
Məcmuədə bildirilir ki, ölkəmizin orta ixtisas təhsil müəssisələrində tələbələr daha çox texniki və texnoloji ixtisaslara (18 min 517 nəfər) üstünlük veriblər. İkinci yerdə səhiyyə, rifah və xidmət ixtisas qrupları (14 min 378), üçüncü yerdə iqtisadiyyat və idarəetmə ixtisasları qrupu (11 min 524) gəlir. Humanitar və sosial ixtisaslar qrupunu isə 2051 nəfər seçib.