HƏRBİ
Zakir Həsənov Türkiyə nümayəndə heyəti ilə görüşüb, hərbi əməkdaşlıq müzakirə olunub
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin rəisi general-polkovnik İsmail Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən bildirilib ki, qonaqları salamlayan müdafiə naziri onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Dövlət başçılarımızın səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini xüsusi vurğulayıb.
Cari ilin 29-30 may tarixlərində Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə qardaş ölkəyə işgüzar səfərindən məmnunluq ifadə edən general-polkovnik Z.Həsənov Türkiyədə keçirilən “EFES – 2024” çoxmillətli təliminin təşkilatçılığını, eləcə də hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib.
General-polkovnik İ.Günaydın isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını qeyd edib.
Görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti qeyd edilib.
Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə olunub. Hər iki qardaş ölkənin qarşılıqlı əməkdaşlığının genişləndirilməsi baxımından bu cür görüşlərin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Digər xəbərlərə də bax
HƏRBİ
Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib
Türkiyənin Azərbaycana yeni təyin edilən hərbi attaşesi general-mayor Gaffar Gören müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə naziri türkiyəli qonağı salamlayaraq onu Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.
General-polkovnik Z.Həsənov iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlığa da müstəsna təsirini xüsusi vurğulayıb. Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığını bildirib.
General-polkovnik Z.Həsənov türkiyəli hərbi attaşeyə Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
General-mayor G.Gören isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycanda hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini bildirib.
Azərbaycanda hərbi attaşelik fəaliyyətini başa vuran general-mayor Soner Oruçoğlunun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
HƏRBİ
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub:
“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”.
HƏRBİ
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
Avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.