Eksternat qaydada imtahan keçiriləcək
Şəki-Zaqatala Regional Təhsil İdarəsi əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub, ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 26 yanvar 2025-ci il tarixdə Eksternat qaydada imtahan təşkil edəcək.
Bu barədə ShekiMedia.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Eksternat qaydada aralıq imtahanlarında Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyərək müraciət edərək qeydiyyatdan keçmiş şəxslər iştirak edəcəklər.
İmtahan 2 mərkəzdə təşkil ediləcəkdir.
1. Şəki, Oğuz və Qəbələ rayonları üzrə Təhsil sektorlarına ərizə ilə müracət etmiş vətəndaşlar üçün
İmtahan mərkəzi: Şəki şəhər 11 nömrəli tam orta məktəb (Ünvan: Şəki şəhəri, Bəşir Məmmədov 1)
2. Balakən, Zaqatala və Qax rayonları üzrə Təhsil sektorlarına müracət etmiş eksternlər üçün
İmtahan mərkəzi: Zaqatala şəhər Ş. Qurbanov adına 3 nömrəli tam orta məktəb (Ünvan: Zaqatala şəhəri, Vidadi küçəsi 13)
İmtahan tarixi: 26 yanvar 2025-ci il
İmtahanın başlama vaxtı: 11:00
İmtahana gələcək vətəndaşlar 10:00-dan gec olmayaraq imtahan keçiriləcək ünvanda olmalıdır. Şəxsiyyət vəsiqəsini özü ilə gətirməyən Eksternlər imtahana buraxılmayacaq.
Aralıq imtahanda uğur qazanmış Eksternlər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, qeydiyyat müddətində imtahanda iştirak üçün ümumi orta təhsil sənədi (IX) üzrə 53, tam orta təhsil sənədi (XI) üzrə 351 nəfər, ümumilikdə isə 404 nəfər ərizə ilə müraciət edib.