“Qış nağılı” Beynəlxalq Musiqi Festivalının Qəbələdə açılışı olub
07.02.2025-ci il tarixdə Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə Qəbələdə ilk dəfə keçirilən “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı olub.
Qəbələ Mədəniyyət Mərkəzində keçirilən mərasimdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər. Açılış mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli çıxış edərək, ilk dəfə təşkil edilən Qəbələ “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu qeyd etmiş, festivala uğurlar arzulayıb. Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının 2009-cu ildən bu şəhərdə ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri yenidən bir araya yığdığını qeyd etmiş və qəbələliləri belə möhtəşəm festivala ev sahibliyi etdiklərinə görə təbrik edib.
Tədbir Fuad İbrahimovun dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin və tanınmış musiqiçilər Eyvaz Yusifov (Azərbaycan Respublikasının xalq artisti), Vanessa Qoykoeçea (İspaniya) və Sercio Vitalenin (İtaliya) ifasında səslənən dünya şöhrətli bəstəkarların əsərləri ilə davam edib.