“Milli- mənəvi dəyərlərimiz və müasirlik” mövzusunda dəyirmi masa keçirilib
23 dekabr 2024-cü il tarixdə rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rayon üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Milli-mənəvi dəyərlərimiz və müasirlik” mövzusunda dəyirmi masa keçirilmişdir.
Rayon rəhbərliyinin, ziyalıların, din xadimlərinin və gənclərin iştirak etdiyi tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova açaraq bildirdi ki, xalqların mədəni inkişafında, milli şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Çünki hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir. Azərbaycan xalqının çoxəsrlik milli-mənəvi dəyərlərinin qorunub yaşadılması, müasir milli müstəvidə inkişaf etdirilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, milli mədəniyyətimizin inkişafı, xalqın adət- ənənələrinin zənginləşdirilməsi prioritet istiqamətlərdən birini təşkil edirdi. Eyni zamanda, Ulu öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi.
Bu gün milli-mənəvi dəyərlərimizin təbliği, gənclərimizin bu ruhda tərbiyə olunması, cəmiyyətin bu istiqamətdə səfərbər edilməsi Ulu öndərin daxili və xarici siyasətinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin milli-mənəvi irsimizin inkişaf etdirilməsi istiqamətində bir-birinin ardınca imzaladığı sərəncamlar bu sahəyə ayrılan diqqətin bariz nümunəsidir. Bu gün ölkə başçısının yürütdüyü siyasət nəticəsində ölkəmiz dünyada gedən qloballaşma prosesində milli-mənəvi dəyərləri qoruyub saxlayır, milli ideologiya, azərbaycançılıq məfkurəsi əsas aparıcı xətt olaraq təbliğ edilir. Bu prosesdə Mehriban xanım Əliyevanın rəhbəri olduğu, Ümummilli Lider Heydər Əliyevin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən Heydər Əliyev Fondu xalqın mənəvi sərvətinin və milli mədəniyyətinin təbliği, inkişafı istiqamətində mühüm işlər həyata keçirir.
Tədbirdə çıxış edənlər Milli Mənəvi dəyərlərimizin qorunub saxlanılmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyindən söhbət açmışlar.
Post Comment