MANŞET
Bu gün Rəşid Behbudovun doğum günüdür
Bu gün dünya şöhrətli azərbaycanlı müğənni, SSRİ-nin Xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstanın Xalq artisti, Gürcüstanın Əməkdar incəsənət xadimi olmuş Rəşid Behbudovun doğum günüdür.
ShekiMedia.az xatırladır ki, R.Behbudov 1915-ci il dekabrın 14-də Gürcüstanın paytaxtı Tbilisidə (1936-cı ilədək Tiflis adlandırılıb) xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Anası Firuzə xanım Vəkilovlar nəslindən olub.
Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb.
Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz Orkestrində solistliyə başlayır. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan İncəsənəti Günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır.
1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alır. 1945-ci ildə film ekrana çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki “Əsgər” roluna görə Rəşid Behbudov Stalin Mükafatı ilə təltif olunur.
1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və Tələbələrin Ümumdünya Festivalında çıxış edir.
1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edərək ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub.
Sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən R.Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb. R.Behbudov Hindistana səfəri haqqında “Uzaq Hindistanda” kitabını yazıb.
1959-cu ildə ona SSRİ “Xalq artisti”, 1980-ci ildə “Sosialist Əməyi Qəhrəmanı” adı verilib. SSRİ-nin Lenin ordeni, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunub, bir sıra xarici ölkələrin dövlət mükafatlarına layiq qörülüb.
Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.
Qeyd edək ki, sənətkarın həyat yoldaşı Ceyran Behbudova 2017-ci ildə dünyasını dəyişib. Onların yeganə övladı Rəşidə Rəşid Azərbaycanın tanınmış müğənnisidir.
Digər xəbərlərə də bax
HƏRBİ
Azərbaycan Ordusunun hərbi qulluqçusu ürəktutmasından vəfat edib
Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Famil Abdulla oğlu ürəktutmasından vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
MANŞET
Sabahın HAVA PROQNOZU – 20.10.2024
Azərbaycanda oktyabrın 20-də hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-13° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 14-18° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacaq.
İQTİSADİYYAT
Bakıda COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edilir
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 iqlim konfransına hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər keçirilir.
Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, monitorinq tədbirləri çərçivəsində oktyabrın 19-u saat 11:00-dan 15:30-dək paytaxtın mərkəzində yerləşən və konfrans iştirakçıları üçün nəzərdə tutulan qonaqlama məkanları, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus və COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edilməkdədir.
COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirildiyi monitorinq tədbirlərinə 20-dən artıq avtomobil və 15 avtobus cəlb edilib.
Qeyd edilib ki, şəhərdaxili monitorinq prosesi yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən reallaşdırılır. Monitorinq tədbirlərinin keçirilməsində əsas məqsəd COP29 konfransı zamanı tətbiq olunacaq xüsusi nəqliyyat vasitələrinin hərəkət sxemlərinin sınaqdan keçirilməsi, yollarda yarana biləcək instensivliyin idarə edilməsinə hazırlıqdır. Simulyasiya prosesində konfrans dövründə yerinə yetirəcəkləri tapşırıqlara hazırlıq səviyyələrini qiymətləndirmək məqsədilə xüsusi təlimlərdən keçmiş 350-ə yaxın COP29 könüllüsü də iştirak edir.
Qeyd edək ki, monitorinqlərin davamı 20 oktyabr gecə saat 02:30-dan 04:30-dək yollarda qismən məhdudlaşmalar tətbiq edilməklə davam edəcək. Bu mərhələdə mərkəzi hotellər, tədbir məkanı olan Bakı Stadionu və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus, taksi və xüsusi xidmət avtomobillərin cəlb edilməsi ilə simulyasiyalar davam etdiriləcək.