SİYASƏT
Macarıstan Parlamentinin vitse-spikeri Beynəlxalq Türk Akademiyasını ziyarət edib
Bu gün Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejakın başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Türk Akademiyasını ziyarət edib.
Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli qonaqları Macarıstanla bağlı həyata keçirilən layihələrlə tanış edib, qarşıda duran işlərdən danışıb. O, görkəmli türkoloq İştvan Konqur Mandokinin dəyərli irsinin qorunduğu Türk Akademiyasının binasında fəxri qonağı qəbul etməyin rəmzi məna daşıdığını qeyd edib. Akademiya rəhbərinin sözlərinə görə, Mandoki və onun kimi alimlər zəngin mirası, yaradıcılığı ilə macar və türk xalqları arasında ortaq keçmişimizə və sağlam təməllərə dayanan, heç vaxt yıxılmayacaq bir körpüdür.
Öz növbəsində Şandor Lejak Akademiyanın xalqlarımızın ümumi dəyərlərinin öyrənilməsi və qardaşlığının möhkəmləndirilməsi istiqamətində gördüyü işlərə görə minnətdarlığını bildirib. Bundan əlavə, tərəflər ikitərəfli elmi əməkdaşlığı inkişaf etdirmək və gələcəkdə birgə layihələr həyata keçirmək barədə razılığa gəliblər.
F.Məcidli türk dünyasında mədəni və ədəbi əlaqələrin inkişafındakı mühüm töhfələrinə görə fəxri qonağa Akademiyanın Əlişir Nəvai Qızıl medalını təqdim edib.
Fəxri qonaqlar Türk Akademiyasının kitabxanasının tanınmış macar türkoloq İştvan Konqur Mandokiyə aid qiymətli kitab fondu ilə ilə tanış olublar. Sonra macar dilində “550 qazax atalar sözü və məsəlləri” və “Kunların təsvirli xronikası” kitablarının təqdimatı olub.
Tədbirdə Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejak, Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli, Macarıstanın Qazaxıstandakı səfiri Otto İvan Rona, Qazaxıstan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Erjan Mukaş, tanınmış alim və dövlət xadimi Adil Axmedov, Nazarbayev Universitetinin Türkologiya kafedrasının müdiri, türkoloq Yulay Şamiloğlu, macar türkoloqu David Şomfai Kara, həmçinin dövlət və ictimai xadimlər, tanınmış elm adamları və ziyalılar iştirak ediblər.
Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli Akademiyaya müşahidəçi üzv olan Macarıstanın təşkilatın fəaliyyətlərində aktiv iştirak etdiyini, tərəflər arasında sıx elmi əlaqələrin mövcud olduğunu qeyd edib və indiyədək həyata keçirilən layihələr haqqında məlumat verib. Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejakın birbaşa dəstəyi ilə macar alimləri tərəfindən hazırlanan hər iki kitabın təqdimatının məhz Akademiyada keçirilməsinin böyük önəm daşıdığını vurğulayıb.
Vitse-spiker Şandor Lejak təqdimata ev sahibliyi etdiyi üçün Türk Akademiyasının rəhbərliyinə təşəkkürünü çatdırıb və bildirib ki, “550 qazax atalar sözü və məsəlləri” toplusunu şair Ferens Buda macar dilinə tərcümə edib. Kitab macar türkoloqu İştvan Konqur Mandokiyə həsr olunub və alimin Orta Asiyaya tədqiqat səfərləri zamanı çəkilmiş fotoşəkilləri də nəşrə əlavə olunub.
“Kunların təsvirli xronikası” kitabında isə XX əsrin əvvəllərinə qədər kunların (kuman-qıpçaqların) mənşəyi, məskunlaşması və tarixinə dair elmi araşdırmaların nəticələri yer alıb. Nəşr üç hissədən ibarətdir. Birinci fəsildə Kunların tarixi təsviri, ikinci hissədə isə Kunlarla bağlı 33 terminin izahı verilmişdir. Sonuncu hissədə 49 yaşayış məntəqəsinin tarixi təsvir olunur. Kitabda elmə məlum hadisələrlə yanaşı, az məlum olan faktlar, eləcə də Kun xalqı üçün çox işlər görmüş görkəmli şəxsiyyətlərin və hökmdarların fəaliyyəti haqqında məlumatlar yer alıb.
TDT Ağsaqqallar Şurasının keçmiş üzvü, tanınmış alim və dövlət xadimi Adil Axmedov, tanınmış türkoloqlar Yulay Şamiloğlu, Aybolat Kuşkumbayev və digərləri təqdimatın əhəmiyyətini vurğulayıb və Macarıstanla elmi əməkdaşlıqla bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, 2018-ci ildə Macarıstan Beynəlxalq Türk Akademiyasında müşahidəçi statusu alan ilk ölkə olub. Qısa müddət ərzində türk dövlətləri ilə Macarıstan arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilib. Xüsusilə, Nemet Gyula, György Almaşy, İştvan Konqur Mandoki, Armin Vamberi kimi görkəmli macar türkoloqlarının irsinin öyrənilməsinə həsr olunmuş elmi layihələr reallaşdırılıb.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.
MANŞET
Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı deyib.
Onun sözlərinə görə, Şuşada Bayraq Meydanının açılışı Azərbaycanın hər bir vətəndaşını qürurlandırıb:
“Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlət bayrağı ölkənin bütün ərazilərində qürurla dalğalanır. Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Bayraq Meydanının açılışı hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb”.
M.İmanlı Bayraq Meydanında görülən və nəzərdə tutulan işlər haqqında da məlumat verib.
“Şuşada Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib.
Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb. Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq, Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və ticarət mərkəzinin inşa edilməsi nəzərdə tutulur”.
MANŞET
Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.
Toplantıda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Sentyabrın 16-da seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.