MANŞET
Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilir
16-22 oktyabr tarixlərində Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilir.
Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzindən verilən məlumata gorə, Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və ölkəmizin Özbəkistandakı Səfirliyinin dəstəyi ilə reallaşan tədbirlər paytaxtla yanaşı, Buxara, Nəvai və Səmərqənd vilayətlərini də əhatə edir.
Buxara səhərinin “Yoshlar markazi”ndə keçirilən tədbirdə Azərbaycandan gələn qonaqlar, yerli hakimiyyət orqanlarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar, tələbələr, jurnalistlər və başqaları iştirak ediblər.
Buxara şəhər hakimi Jamol Nasirov Azərbaycandan gələn qonaqlara təşəkkürlərini bildirib və şəhərdə ilk dəfə olaraq keçirilən Azərbaycan mədəniyyəti günlərinin iki ölkə arasında dostluq, mədəni-ədəbi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə inamını ifadə edib.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər haqqında danışaraq, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində bu əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.
O, mədəni əlaqələr haqqında məlumat verərək, keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Buxara vilayət sakinlərinə milli mədəniyyətimiz, musiqimiz, rəqs, rəsm sənətimiz, musiqi alətləri, milli libaslarımızın təqdim ediləcəyini, kitabxanalara və yerli diaspor təşkilatına Azərbaycana dair xeyli nəşrlərin hədiyyə olunacağını bildirib. S.Abbasov bu ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şuşa ili” elan olunduğunu və həmin istiqamətdə Özbəkistanda keçirilən tədbirlər və layihələr barədə danışıb.
Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin rəhbəri, millət vəkili Qənirə Paşayeva iki ölkə arasında bütün sahələrdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib. O, xalqlarımızın dost, qardaş olduğunu vurğulayaraq, belə tədbirlərin daimi keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Q.Paşayeva Türk dünyası arasında həmrəylik haqqında danışaraq Azərbaycanın Qarabağdakı zəfəri və Vətən müharibəsində Türk ölkələrinin haqq işimizə dəstək göstərdiklərini minnətdarlıqla anıb.
Tədbir konsert proqramı ilə davam edib. Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova və Səmərqənddə keçirilən “Şərq təranələri” beynəlxalq musiqi festivalının “Qran-pri” mükafatçısı, tarzən Sahib Paşazadə milli musiqilərimizi ifa ediblər.
Konsert proqramında Mədəniyyət Mərkəzinin nəzdindəki “Kaykeb Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.
Tədbirdə Azərbaycan və Özbəkistan milli naxışları, koloritlərini özündə əks etdirən milli libaslar kolleksiyası nümayiş olunub. Geyimlər azərbaycanlı modelyer-dizayner Afaq İsmayılzadə tərəfindən hazırlanıb.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib
Azərbaycan Latviyanın Liepaya muzeyinə xalça hədiyyə edib.
Bu barədə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov da iştirak edib.
“Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov və Liepaya şəhərinin meri Qunars Ansinş ilə birlikdə Liepaya muzeyinə əl işi olan eksklüziv Azərbaycan xalçasının hədiyyə edilməsi mərasimində iştirak etmək çox xoş idi”, – paylaşımda qeyd edilib.
Qeyd edək ki, Azərbaycanla Latviya arasında diplomatik əlaqələr 1994-cü il yanvarın 11-də qurulub.
CƏMİYYƏT
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.
Bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:
“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.
Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.
Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.
“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, – xəbərdarlıqda qeyd olunur.
İDMAN
Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək
Azərbaycanın qadınlardan ibarət voleybol millisi Xorvatiyada təşkil olunan Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək.
Komanda bu gün, saat 17:00-da Slovakiya ilə qarşılaşacaq.
Qeyd edək ki, yığmamız ötən gün Xorvatiyanı 3:0 (25:19, 25:19, 25:22) hesabı ilə məğlub edib.