ELM VƏ TƏHSİL
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib
Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA), Media Təhlil Mərkəzinin, “EDUAZ Co” MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış “Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib.
MEDİA-dan bildirilib ki, “eduaz.com” platformasında təqdim edilən kursun əsas məqsədi müasir media mühitində dəyişən tendensiyaları nəzərə alaraq, media sahəsində təlimlərin əhatə dairəsinin genişləndirilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, media nümayəndələrinin fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin hər kəs üçün əlçatanlığının təmin olunmasıdır.
Onlayn təlim kursunda mövzular 12 moduldan ibarət olmaqla Anadolu Agentliyinin yüksək ixtisaslı ekspertləri tərəfindən tədris olunur. Hər modulun və ümumi təlimin sonunda müvafiq olaraq özünüqiymətləndirmə testini və sertifikat imtahanını verən iştirakçı nəticəyə uyğun “iştirak” və ya “müvəffəqiyyət” sertifikatı əldə edir.
Dövlət və özəl əməkdaşlıq layihəsi çərçivəsində təqdim olunan kursdan Media Reyestrində olan jurnalistlər ödənişsiz yararlana biləcəklər.
Onlayn kurs media sahəsində biliklərini təkmilləşdirmək istəyən şəxslərə zaman və məkan məhdudiyyəti olmadan rahat funksionallıq, öyrəndiklərini yoxlama və sertifikat qazanma imkanı təklif edir.
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir
Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sıfır balla da attestat alan var: “Amma bu balla universitetə qəbul olmaq mümkün deyil. Ancaq ola bilsin ki, model dəyişsin”.
DİM sədri həmçinin abituriyentlərə də müraciət edib: “İxtisas seçimini, elektron qeydiyyatı kiməsə həvalə etmək doğru deyil”.
ELM VƏ TƏHSİL
DİM-in yeni korpusunda ilk kütləvi imtahanlar keçirilir
Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir.
Mayın 18-19-da “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsinin keçirilməsi üçün DİM-in elektron imtahanlar korpusunda 2400-dən artıq iştirakçının imtahan verməsi nəzərdə tutulub.
İmtahan hər gün saat 10:00 və 15:00 olmaqla iki növbədə təşkil olunur. Mərkəzin yeni istifadəyə verilmiş elektron imtahanlar korpusunda hər növbə üzrə təqribən 600-dən artıq iştirakçı imtahan verir. Eyni anda və vahid məkanda qeyd olunan sayda iştirakçının elektron imtahana cəlb olunması kütləvi imtahanların rəqəmsallaşdırılması istiqamətində atılan ilk addım kimi qiymətləndirilə bilər.
Bu gün imtahan başlayandan sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və kütləvi informasiya vasitələrinin nümayəndələri vahid mərkəzdən real vaxt rejimində imtahanın gedişatını izləyiblər. İmtahan korpusunda yaradılan innovativ platforma xüsusi proqram təminatı və texnoloji infrastrukturdan ibarət olmaqla, binada və ondan kənarda elektron imtahanların keçirilməsi və idarə edilməsinə imkan yaradır.
Qeyd edək ki, qabiliyyət imtahanının müddəti 3 saatdır. İmtahan binasına buraxılış zamanı iştirakçıların sənədləri yoxlanılır, həmçinin kiçik əşyalar (mobil telefon varsa, söndürülmüş halda) verilmiş plastik bağlamaya qoyulur.
İmtahan üçün Mərkəzin 10 zalı ayrılıb və idarəetmə prosesinə 1 ümumi imtahan rəhbəri, 14 zal administratoru, 20 buraxılış rejimi əməkdaşı cəlb olunub. Hər bir imtahan iştirakçısının masasına içməli su, qələm, vərəq və hesablayıcı qoyulub.
İmtahanda iştirakçıların verbal, rəqəmsal və abstrakt təhlil bacarıqları yoxlanılır. İmtahan bitdikdə və ya iştirakçı imtahanı başa çatdırdıqda avtomatik olaraq “Qiymətlər” bölməsində doğru cavablar və toplanılan xam ballar göstərilir.
CƏMİYYƏT
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.
Bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:
“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.
Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.
Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.
“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, – xəbərdarlıqda qeyd olunur.