Sentyabrın 6-dan 8-dək Azərbaycan dördüncü dəfə ADEX beynəlxalq müdafiə sərgisinə evsahibliyi edir. Dünya Bakıda Azərbaycanın hərbi arsenalının gücünə şahidlik edir. Sərgidə nümayiş olunan yeni məhsullar arasında Azərbaycanın “Improtex Industries” şirkəti tərəfindən “Revival P1” piyada əleyhinə mina təmizləyən texnika, “Revival T1” tank əleyhinə mina təmizləyən maşın, “Revival S1” mina aşkar edən robot, zirehləndirilmiş ağır texnika təqdim olunur.
“İmprotex Industries” şirkətinin direktor müavini Cavidan Kərimov “Xalq qəzeti”nə verdiyi müsahibəsində “Revival P1” minatəmizləmə maşının piyada əleyhinə minaların mexaniki təmizlənməsini həyata keçiridiyini dedi. Onun sözlərinə görə, “Revival P1” hər yerdə- meşələrdə, kolluqda, tarlada və çay sahillərində mina təmizləmək üçün hazırlanıb: “Uzaqdan idarəetmə funksiyası operatora mina və sursatların partlaması zamanı dağıdıcı partlayış zərbəsi və zədə yetirə biləcək qurğuların yayılma əhatəsindən kənarda qalmağa imkan verir. Texnikanın istehsalında istifadə olunan xüsusi zirehli metal minatəmizləmə zamanı “Revival P1”in mühərrik, digər hidravlik və elektron komponetlərini qoruyur. “Revival P1”in dizaynında ballistik parametrlər də nəzərə alınıb. Texnika – 20°C ilə +54°C temperatur intervalında işləyir və 0°C ilə +55°C temperatur diapazonunda mina təmizləmə əməliyyatlarını yerinə yetirə bilir.
C.Kərimov bildirdi ki, “Revival P1”in istehsalında xarici təcrübə nəzərə alınıb: “Maşının korpusunun, ön flayerin, elektrik, elektron və bütün mexaniki qurğularının istehsalı “İmprotex Industries” şirkətinin mütəxəssisləri tərəfindən həyata keçirilir. Sistemin uzaqdan idarə edilməsi istehkamçının işini xeyli asanlaşdırır. “Revival P1” insan həyatı üçün təhlükə yarada biləcək vəzifələri yerinə yetirməyə imkan verir. Həmçinin mina aşkarlama, özünümüdafiə sistemləri, yaralıların təhlükə zonasından çıxarılması kimi bir çox funksiya ilə təchiz oluna bilər. Eyni zamanda, “Revival P1” minaların erkən aşkarlanması və onların məhv edilməsi üçün minatəmizləmə bölməsi ilə birlikdə istifadə oluna bilər. Sistemin üzərindəki xüsusi sensorlar aşkarlanan koordinatları mərkəzi sistemə ötürməklə ərazinin xəritəsində təhlükəli nöqtələri avtomatik qeyd etmək qabiliyyətinə malikdir”.
C.Kərimov əlavə etdi ki, “Revival P1” minatəmizləmə sistemi tank əleyhinə mina partlamasına tab gətirə bilsə də, tank əleyhinə minaların təmizlənməsi üçün nəzərdə tutulmayıb. “Revival P1” mexaniki piyada əleyhinə minatəmizləmə maşını zavod sınaqlarını uğurla tamamlayıb. Yaxın günlərdə “İmprotex Industries” mütəxəssisləri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları ilə birlikdə “Revival P1”in partlayış sınaqlarını da keçirəcəklər.
Xatırladaq ki, “Revival P1” mexaniki minatəmizləmə maşını ilk dəfə mayın 26-dan 29-dək Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında nümayiş etdirilib.
Rizvan FİKRƏTOĞLU