Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin 4-də Zaqatala şəhərində “Heydər Əliyev və şanlı Zəfər tariximiz” adlı işgüzar konfrans keçirilib.
ShekiMedia.az AZƏRTAC-a istinadən xəbər verir verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Zaqatala şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Tədbir çərçivəsində, həmçinin “Zəfər kompleksi” abidəsi önünə gül dəstələri düzülüb.
İştirakçılar Zaqatala rayon Heydər Əliyev Mərkəzinin muzeyində Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlərlə tanış olublar.
Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Erkin Əlixanov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş Zəfərin Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsi olduğunu qeyd edib.
Dahi lider Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hüquqi islahatlar barədə danışan Erkin Əlixanov uğurlu siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib, fəaliyyətini beynəlxalq standartlara uyğun formalaşdırmaqla müasir dövlət təsisatına çevrilmiş prokurorluq orqanlarına göstərilən diqqət və qayğıdan söz açıb.
Konfrans zamanı çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə işgüzar tədbirin Zaqatala şəhərində təşkilindən məmnunluğunu ifadə edib.
Konfransda, həmçinin Zaqatala rayon prokuroru Rasim Musayev, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi Anar Eyvazov, Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov və digərləri Heydər Əliyevin gənclər siyasətindən, ordu quruculuğundan və insan hüquqlarına verdiyi dəyərdən danışıb, Ulu Öndərin xilaskarlıq missiyası və zəngin dövlətçilik irsi mövzularında çıxış ediblər.
Tədbir iştirakçıları “Heydər Əliyev və 44 günlük Zəfər yolu” sənədli filminə baxıblar.
Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.