MANŞET
Cıdır düzündə “Xarıbülbül” festivalının açılış konserti olub – FOTO
Şuşa şəhərində təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 9-da Cıdır düzündə konsert proqramı təqdim olunub.
Konsert proqramında TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivlərinin təqdimatında bir-birindən maraqlı ifaları dinlənilib.
Konsert çərçivəsində incəsənət ustaları təmsil etdikləri ölkə və regionun musiqi mədəniyyətini tamaşaçılara təqdim ediblər.
Konsertdə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistandan olan musiqi kollektivlərinin və ifaçıların çıxışları maraqla qarşılanıb.
Sonda Türk dünyasının solistləri birlikdə “Qarabağ” kompozisiyasını ifa ediblər.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı mayın 11-dək davam edəcək. Festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib
Azərbaycan Latviyanın Liepaya muzeyinə xalça hədiyyə edib.
Bu barədə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov da iştirak edib.
“Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov və Liepaya şəhərinin meri Qunars Ansinş ilə birlikdə Liepaya muzeyinə əl işi olan eksklüziv Azərbaycan xalçasının hədiyyə edilməsi mərasimində iştirak etmək çox xoş idi”, – paylaşımda qeyd edilib.
Qeyd edək ki, Azərbaycanla Latviya arasında diplomatik əlaqələr 1994-cü il yanvarın 11-də qurulub.
CƏMİYYƏT
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.
Bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:
“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.
Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.
Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.
“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, – xəbərdarlıqda qeyd olunur.
İDMAN
Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək
Azərbaycanın qadınlardan ibarət voleybol millisi Xorvatiyada təşkil olunan Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək.
Komanda bu gün, saat 17:00-da Slovakiya ilə qarşılaşacaq.
Qeyd edək ki, yığmamız ötən gün Xorvatiyanı 3:0 (25:19, 25:19, 25:22) hesabı ilə məğlub edib.