SƏHİYYƏ
Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 23, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 966 983, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 124, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 095, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 475, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 289 nəfər təşkil edir.
Digər xəbərlərə də bax
SƏHİYYƏ
Qanunsuz estetik əməliyyatlar icra edən 9 klinikanın rəhbərliyi məsuliyyətə cəlb olunub
Estetik cərrahiyyə və kosmetoloji fəaliyyət sahəsində qanun pozuntularına yol verən şəxslər məsuliyyətə cəlb olunub.
Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.
Qeyd olunub ki, hər iki qurum estetik cərrahiyyə və kosmetoloji fəaliyyətlə bağlı daxil olmuş çoxsaylı müraciətlər əsasında tibb müəssisələrinin fəaliyyəti monitorinq edilib, qeyd olunan sahədə qanunvericiliyin tələblərinə riayət olunması istiqamətində birgə araşdırmalar aparılıb.
Araşdırmalar zamanı estetik cərrahiyyələri icra edən, kosmetoloji xidmətlər göstərən ümumlikdə 9 klinika və kosmetoloji mərkəz tərəfindən sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması, yəni əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması halları müəyyən edildiyindən İnzibati Xətalar Məcəlləsinin 192.1, 210.1 və 215.4-cü maddələri ilə tibb müəssisələrinin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında 14 icraat başlanıb.
Bundan başqa, “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə uyğun olaraq qanun pozuntularından çəkindirmək məqsədi 8 halda vətəndaşlar və vəzifəli şəxslərə xəbərdarlıq edilib, habelə, həmin Qanunun 23-cü maddəsinə əsasən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün dövlət qurumlarına 7 təqdimat verilib.
MANŞET
Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür
Hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur.
1974-cü ilin yanvarında rəsmi olaraq mayın 12-nin Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunması barədə qərar verilib.
Həmin tarixin seçilməsi təsadüfi deyil. Mayın 12-si ilk ingilis tibb bacısı Florens Haytingelin doğum günüdür. O, 1820-ci ildə İtaliyanın Florensiya şəhərində zəngin ingilis ailəsində dünyaya gəlib. Valideynləri onu doğulduğu şəhərin adına uyğun olaraq Florens adlandırıblar. İyirmi yaşında ikən cəmiyyət üçün yararlı bir şəxs olmaq arzusunu ifadə edən gənc qız gündəliyində belə bir qeyd yazıb: “Tanrı mənimlə danışdı və məni xidmətinə çağırdı. İnsanlara xidmət etməyin ən doğru yolunun tibb bacısı olmaqdan keçdiyinə qərar verdim”.
O, 1853-1856-cı illərdə Krım müharibəsi zamanı ilk dəfə “Şəfqət xidməti” təşkil edib. Xüsusən döyüş bölgələrində əsgərlərə yardım göstərən Florens əlində hər zaman lampa tutduğu üçün tarixdə “lampalı qadın” olaraq anılıb və müasir tibb bacısı peşəsinin əsasını qoyub. Mərhəmətli peşə sahiblərini birləşdirən Tibb Bacılarının Beynəlxalq Məsləhət Şurası həmin günü məşhur ingilis Florens Haytingelin ad günü şərəfinə təsis edib. Hazırda həmin təşkilat öz ətrafında dünyanın 130 milli assosiasiyasından 27 milyon tibb bacısını birləşdirir.
İlkin tibbi təhsil almış şəfqət bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir. Hazırda tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onların üzərinə böyük vəzifə düşür.
İlk azərbaycanlı şəfqət bacısı, general Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya olub. O, Birinci Dünya müharibəsi başlayanda yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilib. Nigar xanımın başçılıq etdiyi xəstəxana məşhurlaşaraq “Şıxlinski xəstəxanası” kimi tanınıb. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinə də rəhbərlik edib. 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Şəfqət xidməti”nin təşkilatçısı olub.
Xəstə ilə ünsiyyət, iynə vurmaq, təzyiqini yoxlamaq və digər işlər tibb bacısının öhdəsinə düşür. Onu da xatırlatmağa dəyər ki, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizədə, eləcə də Birinci Qarabağ və Vətən müharibələri dövründə də tibbi bacıları təcrübə və peşəkarlıqları, özlərinin ən üstün şəxsi keyfiyyətləri və qətiyyətləri ilə yaxından iştirak ediblər.
MANŞET
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub
Zəngilan və Cəbrayıl rayonlarında əhali üçün kardioloji müayinələr təşkil olunub.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Mayın 8-də baş tutan aksiya zamanı Səhiyyə Nazirliyi akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Zəngilan rayonunun Ağalı kəndində əhali üçün kardioloji müayinələr təşkil edilib.
Həmçinin İnstitutun təcrübəli həkimləri tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də əhalinin tibbi müayinələri keçirilib.