SİYASƏT
Sahibə Qafarova Valentina Matviyenko ilə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığı müzakirə edib
Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstan Respublikasına işgüzar səfəri çərçivəsində Bişkekdə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında iqtisadi, siyasi, humanitar sahələrdə münasibətlərin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edilib. Dövlət başçılarının müntəzəm görüşlərinin və müzakirələrinin münasibətlərimizin daha da genişlənməsində əhəmiyyətli rolu qeyd olunub. Bu mənada Azərbaycan və Rusiya prezidentlərinin ötən ay Bişkekdə keçirilən görüşünün də önəmi ifadə edilib.
V.Matviyenko ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, regionlar arasında münasibətlərin inkişafının önəmini vurğulayıb, həmçinin böyük infrastruktur layihələrinin reallaşdırılmasının müzakirə edildiyini diqqətə çatdırıb.
Federasiya Şurasının sədri, ölkələrimiz arasında münasibətlərin inkişafında qanunverici orqanların da rolunu diqqətə çatdırıb.
Görüşdə spiker S.Qafarova regionda mövcud olan vəziyyət barədə geniş məlumat verib. O, 2020-ci ildə Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra Ermənistana suverenlik və ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsi imzalanmasını təklif etdiyini xatırladaraq əlavə edib ki, Ermənistan bu müqaviləni imzalamaqdan boyun qaçırmaq üçün bütün vasitələrə əl atıb, Üçtərəfli Bəyanat ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib, siyasi və hərbi təxribatlar törədib, Azərbaycan ərazilərinin minalanmasını davam etdirib, ərazilərimizdəki qanunsuz rejimi dəstəkləməyə davam edib.
Spiker diqqətə çatdırıb ki, bütün bu təxribatlara cavab olaraq, Azərbaycan bu ilin sentyabr ayında 24 saatdan az davam edən lokal antiterror tədbirləri həyata keçirib və ölkəmiz nəticədə öz suverenliyini bərpa edib. Antiterror tədbirləri zamanı yalnız qanunsuz hərbi birləşmələr və hərbi infrastruktur hədəf olub və mülki əhali və obyektlərə heç bir zərər dəyməyib. Regiona səfər edən BMT-nin iki missiyası da bu faktı təsdiq edib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan regionda daimi sülh və təhlükəsizliyin təmin olunmasını istəyir və sülh müqaviləsinin imzalanması regionda davamlı sabitlik və təhlükəsizliyin yaranmasına gətirib çıxaracaq. Təəssüf ki, Ermənistan Azərbaycanın təklif etdiyi sülh sazişini imzalamaq əvəzinə, ölkəmizə qarşı beynəlxalq platformalarda çirkin kampaniya aparır, uydurma ittihamlarla beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır. Spiker bəzi dövlətlərin Ermənistanın yalanlarına istinad edərək, Azərbaycana qarşı bu yalan kampaniyasına qoşulmasından təəssüfünü ifadə edib, bunun yolverilməz olduğunu bildirib.
S.Qafarova ölkələrimiz və qanunverici orqanlarımız arasında münasibətlərin mövcud vəziyyəti barədə də fikirlərini ifadə edib. O, Milli Məclisin sədri kimi Rusiya Federasiyasına rəsmi səfərlərini, həmçinin, bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Moskvada keçirilən tədbirlərdə iştirakını məmnunluqla xatırladıb. S.Qafarova ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə və ulu öndərin şəxsiyyətinə göstərilən dərin hörmət və ehtiramın təqdir olunduğunu, bunun xalqlarımız arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğunu bildirib.
S.Qafarova görüşdə həmçinin iki ölkə arasında parlamentlərarası münasibətlərə də toxunaraq ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus rolunu vurğulayıb. Bildirilib ki, bu sahədə həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qruplarının, həmçinin Milli Məclis və Federal Məclis arasında daimi fəaliyyət göstərən ikitərəfli parlamentlərarası komissiyanın işi təqdirəlayiqdir. Beynəlxalq tədbirlər isə əməkdaşlıqla bağlı məsələlərin müzakirəsinə imkan verir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.
Digər xəbərlərə də bax
SİYASƏT
Azərbaycanın Malayziyadakı səfiri Saravak ştatının Baş naziri ilə görüşüb
Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov Cənub-Şərqi Asiya ölkəsinin Saravak ştatında işgüzar səfər çərçivəsində regionun baş naziri və bir sıra yüksəkvəzifəli şəxslərlə görüşüb.
Bu barədə Azərbaycanın diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Səfir İrfan Davudov Malayziyanın Saravak ştatında işgüzar səfərdə olub. Səfər çərçivəsində səfir Saravak Ştatının Baş naziri, həmçinin Saravak Ştat Qanunvericilik Assambleyasının sədri və sədr müavini və Saravakın paytaxtı Kuçinq şəhərinin meri ilə görüşlər keçirib”, – səfirlik diqqətə çatdırıb.
Əlavə edilib ki, diplomat həmçinin Saravak ştatına səfəri çərçivəsində həmçinin Saravak Ticarət və Sənaye Palatasının prezidenti Dato Şri Abanq Hacı Abdul Kərim Bin Tun Datuk Abanq Haci Openq, eləcə də Malayziya Saravak Universitetinin prorektoru professor Dr. Əhməd Hata Rasit ilə görüşüb.
SİYASƏT
Yaşar Əliyev Nauru Prezidentinə ünvanlanmış COP29-a dəvət məktubunu həmkarına təqdim edib
Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev Nauru Prezidenti Devid Adanqa ünvanlanmış COP29-a dəvət məktubunun əslini dünya təşkilatındakı həmkarı Marqo Deiyeyə təqdim edib.
Bu barədə Naurunun BMT-dəki diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Azərbaycanın səfiri Nauru Prezidenti Zati-alilərinə ünvanlanmış dəvət məktubunun əslini rəsmi şəkildə təqdim etmək üçün səfir Deiyeyə baş çəkib. Bu, Azərbaycanda, Bakıda keçiriləcək COP29-da iştirak dəvətidir. Azərbaycanın prezidentliyi ilə keçiriləcək COP29-u səbirsizliklə gözləyirik”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın BMT-dəki nümayəndəsi türkiyəli həmkarı Ahmet Yıldızla “ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın dərinləşdirilməsi yollarını” müzakirə etmişdilər.
MANŞET
Hikmət Hacıyev ABŞ-də səfərdədir, dövlət katibinin müavini ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də səfərdədir.
Prezidentin köməkçisi səfər çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.
Bildirilib ki, görüşlərdə ikitərəfli münasibətlər, mövcud regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub.