MANŞET
“Azərpoçt” kiberdələduzluqla bağlı xəbərdarlıq edib
Kiberdələduzlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt”MMC-nin müştərilərini, eləcə də digər vətəndaşları hədəfə alıblar.
Bu barədə şirkətdən bildirilib.
Məlumata görə, son zamanlar vətəndaşlara “Azərpoçt”un adından kütləvi şəkildə saxta mesajlar göndərilir, həmin mesajlarda vətəndaşların bağlamasının ölkəyə daxil olduğu, amma guya ev ünvanının natamamlığı səbəbindən mənzilə çatdırılmadığı qeyd olunur və elə həmin mesajda da saxta link göndərilir ki, ünvan və digər fərdi məlumatlar daxil edilsin.
“Belə olduğu halda da vətəndaşlar, çox təəssüf ki, aldanaraq, öz fərdi, xüsusilə bank kartı məlumatlarını daxil edirlər və dərhal kiberdələduzların qurbanına çevrilirlər.
“Azərpoçt” olaraq, vətəndaşlarımızı ayıq-sayıq olmağa, onlara gələn mesajlara, linklərə həssas yanaşmağa çağırır, xüsusilə bildiririk ki, “Azərpoçt” bağlama çatdırılmasının ödənişini onlayn qaydada həyata keçirmir və heç bir halda vətəndaşa məxsus kart məlumatlarını tələb etmir.
Saxta və həqiqi mesaj nümunələri aşağıdakı kimidir:
SAXTA MESAJ:
Azərpoçt: Paketiniz anbara gəlib, lakin ünvan məlumatı natamam olduğu üçün çatdırıla bilmir. Zəhmət olmasa linkdəki ünvanı təsdiqləyin.
https://post.az-com.top/aze – YANLIŞ LİNK
(Ən son logistika statusunu əldə etmək üçün linki kopyalayın və Safari-də açın) – YANLIŞ YÖNLƏNDİRMƏ
HƏQİQİ MESAJ:
ADINIZA DAXIL OLMUSH BB023584438AZ SAYLI GONDERISHI SHEXSIYYET VESIQENIZI TEQDIM ETMEKLE AZ4700 POCHT SHOBESINDE ALA BILERSINIZ. AZERPOCHT
Saxta mesajlarda vətəndaş yanlış linklərə yönləndirilir və ondan növbəti addımlar atması tələb olunur. Həqiqi mesajda isə vətəndaş heç bir linkə yönləndirilmir, mütləq poçt göndərişinin 13 simvoldan ibarət izləmə nömrəsi və təhvil almaq üçün poçt şöbəsinin indeksi qeyd olunur.
Vətəndaşlardan “Azərpoçt”la bağlı şübhəli mesaj və bildirişlər aldıqda, dərhal “Azərpoçt”un 169 Çağı mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını xahiş edirik”, – deyə açıqlamada qeyd olunub.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib
Azərbaycan Latviyanın Liepaya muzeyinə xalça hədiyyə edib.
Bu barədə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov da iştirak edib.
“Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov və Liepaya şəhərinin meri Qunars Ansinş ilə birlikdə Liepaya muzeyinə əl işi olan eksklüziv Azərbaycan xalçasının hədiyyə edilməsi mərasimində iştirak etmək çox xoş idi”, – paylaşımda qeyd edilib.
Qeyd edək ki, Azərbaycanla Latviya arasında diplomatik əlaqələr 1994-cü il yanvarın 11-də qurulub.
CƏMİYYƏT
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.
Bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:
“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.
Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.
Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.
“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, – xəbərdarlıqda qeyd olunur.
İDMAN
Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək
Azərbaycanın qadınlardan ibarət voleybol millisi Xorvatiyada təşkil olunan Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək.
Komanda bu gün, saat 17:00-da Slovakiya ilə qarşılaşacaq.
Qeyd edək ki, yığmamız ötən gün Xorvatiyanı 3:0 (25:19, 25:19, 25:22) hesabı ilə məğlub edib.