SİYASƏT
Yeni ədliyyə naziri kollektivə təqdim olunub
Fevralın 28-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev ədliyyə naziri Fərid Əhmədovu kollektivə təqdim edib.
Təqdimat mərasimində çıxış edən Samir Nuriyev müstəqil Azərbaycan Respublikasında müasir ədliyyə sisteminin formalaşması və inkişafının Ümummilli Lider Heydər Əliyev adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilmiş ardıcıl və məqsədyönlü hüquqi islahatlar nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun yeni inkişaf yoluna qədəm qoydu, onun çoxşaxəli fəaliyyətini tənzimləyən normativ-hüquqi baza formalaşdırıldı, nazirliyin səlahiyyətləri genişləndirildi, cəmiyyətdə rolu artdı.
Prezident Administrasiyasının rəhbəri bildirib ki, hüquqi dövlət quruculuğu prosesini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ədliyyə sisteminin inkişafı məsələlərini və ümumilikdə hüquq islahatlarını daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının təsdiq etdiyi qanunvericilik aktları ilə Ədliyyə Nazirliyinin yeni fəaliyyət istiqamətləri, vəzifə və hüquqları, ədliyyə orqanlarında qulluq keçmənin qaydaları və şərtləri müəyyən olunub, ədliyyə orqanlarının inkişaf etdirilməsi məqsədilə müvafiq addımlar atılıb. Azərbaycan Prezidentinin hüquqi dövlət quruculuğu prosesində ədliyyənin rolunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər dövlət başçısının qanunun aliliyinin təmin olunmasına və insan hüquqlarının etibarlı qorunmasına xüsusi önəm verdiyini aydın göstərir.
Qarşıdan gələn dövrdə nazirliyin qarşısında duran vəzifələrlə bağlı Prezident İlham Əliyevin tapşırıqlarını diqqətə çatdıran Samir Nuriyev kollektivin öz səylərini əsirgəməyəcəyinə inandığını bildirib, bu işdə yeni təyin olunmuş nazirə və kollektivə uğurlar arzulayıb.
Digər xəbərlərə də bax
SİYASƏT
Azərbaycanın Malayziyadakı səfiri Saravak ştatının Baş naziri ilə görüşüb
Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov Cənub-Şərqi Asiya ölkəsinin Saravak ştatında işgüzar səfər çərçivəsində regionun baş naziri və bir sıra yüksəkvəzifəli şəxslərlə görüşüb.
Bu barədə Azərbaycanın diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Səfir İrfan Davudov Malayziyanın Saravak ştatında işgüzar səfərdə olub. Səfər çərçivəsində səfir Saravak Ştatının Baş naziri, həmçinin Saravak Ştat Qanunvericilik Assambleyasının sədri və sədr müavini və Saravakın paytaxtı Kuçinq şəhərinin meri ilə görüşlər keçirib”, – səfirlik diqqətə çatdırıb.
Əlavə edilib ki, diplomat həmçinin Saravak ştatına səfəri çərçivəsində həmçinin Saravak Ticarət və Sənaye Palatasının prezidenti Dato Şri Abanq Hacı Abdul Kərim Bin Tun Datuk Abanq Haci Openq, eləcə də Malayziya Saravak Universitetinin prorektoru professor Dr. Əhməd Hata Rasit ilə görüşüb.
SİYASƏT
Yaşar Əliyev Nauru Prezidentinə ünvanlanmış COP29-a dəvət məktubunu həmkarına təqdim edib
Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev Nauru Prezidenti Devid Adanqa ünvanlanmış COP29-a dəvət məktubunun əslini dünya təşkilatındakı həmkarı Marqo Deiyeyə təqdim edib.
Bu barədə Naurunun BMT-dəki diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Azərbaycanın səfiri Nauru Prezidenti Zati-alilərinə ünvanlanmış dəvət məktubunun əslini rəsmi şəkildə təqdim etmək üçün səfir Deiyeyə baş çəkib. Bu, Azərbaycanda, Bakıda keçiriləcək COP29-da iştirak dəvətidir. Azərbaycanın prezidentliyi ilə keçiriləcək COP29-u səbirsizliklə gözləyirik”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın BMT-dəki nümayəndəsi türkiyəli həmkarı Ahmet Yıldızla “ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın dərinləşdirilməsi yollarını” müzakirə etmişdilər.
MANŞET
Hikmət Hacıyev ABŞ-də səfərdədir, dövlət katibinin müavini ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də səfərdədir.
Prezidentin köməkçisi səfər çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.
Bildirilib ki, görüşlərdə ikitərəfli münasibətlər, mövcud regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub.