MANŞET
Bu gün Od çərşənbəsidir
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.
Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.
Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu “Kitabi-Dədə Qorqud” dastanından da aydın görmək olar. Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.
Daha bir inanca görə, Od çərşənbəsi insanları “ruha” çevirir, yəni ruha çevrilmə dedikdə insan ruhən təmizlənir, mənəvi gücə yiyələnir, mənən-ruhən güc toplayır, sağlam ruha yüklənir.
Qeyd edək ki, Martın 12-də isə Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 19-na təsadüf edəcək. Novruz bayramı axşamı martın 20-si qeyd ediləcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2024-cü ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edib. Təqvimə əsasən, bu il Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yaz fəsli, Cənub yarımkürəsində isə Payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib
Azərbaycan Latviyanın Liepaya muzeyinə xalça hədiyyə edib.
Bu barədə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov da iştirak edib.
“Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov və Liepaya şəhərinin meri Qunars Ansinş ilə birlikdə Liepaya muzeyinə əl işi olan eksklüziv Azərbaycan xalçasının hədiyyə edilməsi mərasimində iştirak etmək çox xoş idi”, – paylaşımda qeyd edilib.
Qeyd edək ki, Azərbaycanla Latviya arasında diplomatik əlaqələr 1994-cü il yanvarın 11-də qurulub.
CƏMİYYƏT
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.
Bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:
“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.
Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.
Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.
“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, – xəbərdarlıqda qeyd olunur.
İDMAN
Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək
Azərbaycanın qadınlardan ibarət voleybol millisi Xorvatiyada təşkil olunan Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək.
Komanda bu gün, saat 17:00-da Slovakiya ilə qarşılaşacaq.
Qeyd edək ki, yığmamız ötən gün Xorvatiyanı 3:0 (25:19, 25:19, 25:22) hesabı ilə məğlub edib.