HƏRBİ
Azərbaycan Ordusu və Oklahoma Milli Qvardiyası arasında tərəfdaşlığın 20 illiyi qeyd edilib
ABŞ-ın Oklahoma şəhərində Azərbaycan Ordusu və Oklahoma Milli Qvardiyası arasında imzalanmış Ştatla Tərəfdaşlıq Proqramının 20 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycanın ABŞ-dakı səfirliyinin təşəbbüsü, Azərbaycan Müdafiə Nazirliyi, Oklahoma ştatı Qubernatorunun ofisi və Milli Qvardiyanın dəstəyi ilə reallaşıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.
“Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sözügedən tədbirdə iştirak etmək məqsədilə ABŞ-a səfər edib.
Tədbirdə Oklahoma ştatının Qubernatoru Con Kevin Stitt, Milli Qvardiyanın komandanı Tomas Mançino, general-polkovnik Kərim Vəliyev və Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim 20 il ərzindən həyata keçirilmiş tədbirlər, qarşılıqlı səfərlər, o cümlədən təhsil, enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıqdan danışıb və bu əlaqələrin daha da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.
Həmçinin 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib və Oklahoma ştatının aparıcı şirkətləri bu ərazilərdə müxtəlif sahələrdə, xüsusilə bərpa olunan enerji sahəsində investisiya qoymağa dəvət edilib.
Çıxışlardan sonra general-polkovnik K.Vəliyev Ştatla Tərəfdaşlıq Proqramının 20 illiyi münasibətilə hazırlanmış lövhəni Oklahoma Qubernatoruna və Oklahoma Milli Qvardiyasının komandanına təqdim edib. Öz növbəsində, Qubernator 19 sentyabr tarixinin Azərbaycan Ordusu və Oklahoma Milli Qvardiyası arasında Ştatla Tərəfdaşlıq Proqramının imzalanma günü elan edilməsinə dair lövhəni general-polkovnik K.Vəliyevə təqdim edib.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin solisti, tarzən Arslan Növrəsli, Beynəlxalq Muğam Mərkəzinin solisti, kamança ifaçısı Elnur Mikayılov və Azərbaycan Respublikasının Əməkdar artisti, pianoçu Nərgiz Əliyeva həm Azərbaycan, həm də xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər”, – açıqlamada deyilir.
Digər xəbərlərə də bax
HƏRBİ
Azərbaycan Ordusunun hərbçisi vəfat edib
Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynov kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
“Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir”, – məlumatda vurğulanıb.
HƏRBİ
Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Məlumata əsasən, azad olunan ərazilərdə 6-12 may 2024-cü il tarixi ərzində 32 tank əleyhinə mina, 6 piyada əleyhinə mina, 358 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin, 880.3 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.
HƏRBİ
“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub
Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024” (“Anatolian Phoenix – 2024”) beynəlxalq axtarış-xilasetmə təlimində növbəti tapşırıqlar icra edilib.
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, təlimin planına uyğun olaraq, qəzaya uğramış ekipaj üzvünün paraşüt-desant və axtarış-xilasetmə qrupları tərəfindən şərti düşmən arxasında axtarışı, aşkar olunan ekipaj üzvünün yerində sorğulanması və təxliyə edilməsi üzrə fəaliyyətlər uğurla icra olunub.
Qeyd edək ki, mayın 17-nə qədər davam edəcək beynəlxalq təlimdə ölkəmizi Hərbi Hava Qüvvələrinin Paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.