Fevralın 20-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə gürcüstanlı qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edib və “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Sonra Baş Qərargahda rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
General-polkovnik K.Vəliyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu bildirən Baş Qərargah rəisi Azərbaycanla Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb, digər sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
Azərbaycana səfərindən məmnunluğunu bildirən general-mayor G.Matiaşvili ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.
Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib.
Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişaf perspektivləri, birgə təlimlərin və işçi görüşlərin intensivliyinin artırılması barədə fikir mübadiləsi aparılıb.
Sonda Gürcüstan nümayəndə heyəti Döyüşü İdarəetmə Mərkəzinə gələrək burada şəxsi heyətlə görüşüb və yaradılmış şəraitlə tanış olub.
Qonaqlara mərkəzin strukturu, iş prinsipi və fəaliyyət istiqaməti ilə bağlı brifinq təqdim edilib.
“YAŞAT” Fondu müharibə əlilinin əməliyyat xərcini qarşılayıb
“YAŞAT” Fondu müharibə əlili Sahib Qəhrəman oğlu Əhmədovun əməliyyat xərcini qarşılayıb.
Bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, S.Əhmədova “Bud çanaq oynağının total dəyişdirilməsi” əməliyyatı icra olunub. Əməliyyatın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan hissəsini “YAŞAT” Fondu qarşılayıb.
Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynov kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
“Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir”, – məlumatda vurğulanıb.
Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Məlumata əsasən, azad olunan ərazilərdə 6-12 may 2024-cü il tarixi ərzində 32 tank əleyhinə mina, 6 piyada əleyhinə mina, 358 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin, 880.3 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.