ELM VƏ TƏHSİL
Ekspert: “DİM abituriyent və tələbələrdən təhsil müddətində aldıqları bilikləri tələb etməlidir”
“Esse tələbi o zaman ağlabatan qərar olar ki, ümumi təhsil məktəblərinin məzunlarının ən azı 50 faizi xarici dil bilgisinə sahib olsun. Ali məktəb məzunlarının isə ən azı 70 faizi universitet auditoriyasından xarici dili öyrənib, çıxa bilsin. Daha aydın desək, DİM-in abituriyent və tələbələrdən təhsil müddətində aldıqları bilikləri tələb etməsi daha düzgündür”.
Bunu açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu magistratura imtahanlarına edilən dəyişikliklə bağlı fikirlərini bölüşərkən deyib.
Ekspert sözügedən yeniliyin müəyyən problemlər yaradacağını düşünür:
“Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzinin magistraturaya qəbul qaydalarını çətinləşdirməsi yenidən tələbə olmaq istəyənlərin müxtəlif proqramlara müraciət edərək rahat şəkildə xaricdə təhsil almağa üstünlük vermələrinə gətirib çıxaracaq.
Məzuna “zəhmət çəkib öyrənərdin” və ya “hazırlığa get, öyrən” demək də düzgün olmaz. Hər yenilik repetitorların, kursların, “Əlabbasın torbası”nı genişləndirəcəksə, bu, inkişaf deyil. Gənclərin dil problemini hələ orta məktəbdən, ali məktəbdən başlayaraq həll etmək lazımdır.
Ümumiyyətlə, magistratura imtahanını çətinləşdirməyin müsbət tərəfləri məqbul hesab edilə bilməz. Gənclərin xarici dil biliklərinin artırılması üçün esse yazma bacarıqlarının inkişaf etdirilməsi ali məktəbdə tədris prosesində normal tələb hesab edilə bilər”.
R.Fikrətoğlu hesab edir ki, şəxs magistraturaya qəbul olmaq istəyirsə və bir neçə mərhələ keçibsə, esse yazmaq, tənqidi mühakimə yürütmək qabiliyyəti olmalıdır:
“Amma burada da istedad məsələsi var. Məsələn, şəxs IT mütəxəssisidir, sahəsini yaxşı bilir. O, esse yaza bilmir deyə, biliyinin zəif olduğu qənaətinə gəlmək doğru deyil. Əksini də düşünə bilərik – kimsə yaxşı danışa, yaza bilirsə, istedadlıdır demək deyil. Bu yenilik sadəcə bir qisim insanın istedadını üzə çıxara biləcək.
Başqa bir məsələ yoxlama prosesində insan amilinin olmasıdır. Belə desək, esse yazanın bilikləri və dünyagörüşü ilə onu yoxlayan şəxsin bilik və dünyagörüşü fərqlilik yarada bilər. Bu da qiymətləndirmədə problem ola bilər. Əvvəlcə esse ilə bağlı bir sıra addımlar atılmalı, alınan nəticələrə uyğun hərəkət edilməlidir. Bunun birbaşa imtaha salınması düzgün deyil”.
Qeyd edək ki, DİM magistraturaya qəbul imtahanına dəyişiklik edib. Artıq bakalavrlar yazı bacarıqlarının yoxlanılması üçün ingilis dilində onlara təqdim edilən iki esse mövzusundan birini seçməklə həmin mövzu ətrafında fikirlərini ifadə edəcəklər./demokrat.az
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir
Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sıfır balla da attestat alan var: “Amma bu balla universitetə qəbul olmaq mümkün deyil. Ancaq ola bilsin ki, model dəyişsin”.
DİM sədri həmçinin abituriyentlərə də müraciət edib: “İxtisas seçimini, elektron qeydiyyatı kiməsə həvalə etmək doğru deyil”.
ELM VƏ TƏHSİL
DİM-in yeni korpusunda ilk kütləvi imtahanlar keçirilir
Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir.
Mayın 18-19-da “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsinin keçirilməsi üçün DİM-in elektron imtahanlar korpusunda 2400-dən artıq iştirakçının imtahan verməsi nəzərdə tutulub.
İmtahan hər gün saat 10:00 və 15:00 olmaqla iki növbədə təşkil olunur. Mərkəzin yeni istifadəyə verilmiş elektron imtahanlar korpusunda hər növbə üzrə təqribən 600-dən artıq iştirakçı imtahan verir. Eyni anda və vahid məkanda qeyd olunan sayda iştirakçının elektron imtahana cəlb olunması kütləvi imtahanların rəqəmsallaşdırılması istiqamətində atılan ilk addım kimi qiymətləndirilə bilər.
Bu gün imtahan başlayandan sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və kütləvi informasiya vasitələrinin nümayəndələri vahid mərkəzdən real vaxt rejimində imtahanın gedişatını izləyiblər. İmtahan korpusunda yaradılan innovativ platforma xüsusi proqram təminatı və texnoloji infrastrukturdan ibarət olmaqla, binada və ondan kənarda elektron imtahanların keçirilməsi və idarə edilməsinə imkan yaradır.
Qeyd edək ki, qabiliyyət imtahanının müddəti 3 saatdır. İmtahan binasına buraxılış zamanı iştirakçıların sənədləri yoxlanılır, həmçinin kiçik əşyalar (mobil telefon varsa, söndürülmüş halda) verilmiş plastik bağlamaya qoyulur.
İmtahan üçün Mərkəzin 10 zalı ayrılıb və idarəetmə prosesinə 1 ümumi imtahan rəhbəri, 14 zal administratoru, 20 buraxılış rejimi əməkdaşı cəlb olunub. Hər bir imtahan iştirakçısının masasına içməli su, qələm, vərəq və hesablayıcı qoyulub.
İmtahanda iştirakçıların verbal, rəqəmsal və abstrakt təhlil bacarıqları yoxlanılır. İmtahan bitdikdə və ya iştirakçı imtahanı başa çatdırdıqda avtomatik olaraq “Qiymətlər” bölməsində doğru cavablar və toplanılan xam ballar göstərilir.
CƏMİYYƏT
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.
Bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:
“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.
Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.
Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.
“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, – xəbərdarlıqda qeyd olunur.