MANŞET
Beş rayona prokuror təyin olunub
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən 5 rayona prokuror təyin olunub.
Bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, İmişli rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Valeh Səmədov, İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Tural Yusifov, Şamaxı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Müşfiq Səfərov, Zərdab rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Zaur Əliyev və Qubadlı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Emil Kərimov həmin vəzifələrə təyin olunub.
Emil Kərimov 2002-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub.
Əvvəllər Tərtər hərbi prokurorluğunda müstəntiq, Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində mühüm işlər üzrə müstəntiq, Hərbi Prokurorluqda şöbə prokuroru, Hərbi prokurorun böyük köməkçisi və Hərbi Prokurorluqda şöbə və idarə rəisi vəzifələrində çalışıb.
Qeyd edək ki, Emil Kərimov Qubadlıda anadan olub və 14 yaşı olanda erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib
Azərbaycan Latviyanın Liepaya muzeyinə xalça hədiyyə edib.
Bu barədə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov da iştirak edib.
“Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov və Liepaya şəhərinin meri Qunars Ansinş ilə birlikdə Liepaya muzeyinə əl işi olan eksklüziv Azərbaycan xalçasının hədiyyə edilməsi mərasimində iştirak etmək çox xoş idi”, – paylaşımda qeyd edilib.
Qeyd edək ki, Azərbaycanla Latviya arasında diplomatik əlaqələr 1994-cü il yanvarın 11-də qurulub.
CƏMİYYƏT
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.
Bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:
“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.
Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.
Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.
“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, – xəbərdarlıqda qeyd olunur.
İDMAN
Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək
Azərbaycanın qadınlardan ibarət voleybol millisi Xorvatiyada təşkil olunan Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək.
Komanda bu gün, saat 17:00-da Slovakiya ilə qarşılaşacaq.
Qeyd edək ki, yığmamız ötən gün Xorvatiyanı 3:0 (25:19, 25:19, 25:22) hesabı ilə məğlub edib.