Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Ermənistan tərəfindən bir daha tanınması artıq belə cəfəng şərtlərin irəli sürülməsinin qarşısını alır və faktiki olaraq, Ermənistanı Azərbaycan tərəfindən irəli sürülmüş məlum 5 prinsip əsasında sülh bağlamağa məcbur edir.
Bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev “Xalq qəzeti”ndə yayımlanan məqaləsində qeyd edib.
ShekiMedia.az sözügedən məqaləni təqdim edir:
“Avropa siyasi birliyi”nin Zirvə toplantısı çərçivəsində Ermənistan və Azərbaycan rəhbərlərinin Praqa görüşünə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilmiş görüşlərin davamı kimi baxmaq olar. Bu formatda görüşlər müsbət dinamikası ilə seçilir və Praqa görüşü də bu baxımdan istisna olmadı.
Əvvəlki görüşlərdə tərəflərin mövqelərinin yaxınlaşdırılması üzrə bir sıra razılaşmalar əldə olunmuşdu. Praqa görüşündə isə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə yaxın həftələrdə əməli addımların atılması üçün xüsusi əhəmiyyəti olan bəyanat imzalandı. Bu bəyanata əsasən, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə istinad etməklə, qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və öz ərazisi üzərində suverenliyini tanıdıqlarını bir daha təsdiq etdilər.
Postmüharibə dövrünün bu mərhələsində belə bir sənədin imzalanması sülh müqaviləsi ilə, eləcə də sərhədlərin dəqiqləşdirilməsi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı növbəti addımların atılması üçün daha geniş meydan açır və daha əlverişli şərait yaradır.
Bu bəyanat həm iqtidarda həm də müxalifətdə olan erməni siyasətçiləri tərəfindən yeri gəldi-gəlmədi, ortaya atılan məntiqsiz iddiaların və şərtlərin irəli sürülməsinin qarşısını alır. İndiyədək Ermənistan siyasi rəhbərliyi tez-tez öz bəyanatlarında sülhün əldə olunmasını Qarabağda yaşayan ermənilərin hüquqları və ya “statusu” ilə bağlamağa cəhd edir, bununla da prosesi ləngitməyə çalışırdı.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Ermənistan tərəfindən bir daha tanınması artıq belə cəfəng şərtlərin irəli sürülməsinin qarşısını alır və faktiki olaraq, Ermənistanı Azərbaycan tərəfindən irəli sürülmüş məlum 5 prinsip əsasında sülh bağlamağa məcbur edir. Bəyanat proseslərin sonrakı mərhələsini asanlaşdırmaq baxımından da çox faydalı və əhəmiyyətlidir. Sonrakı mərhələdə sülh müqaviləsinin imzalanması, sərhədlərin dəqiqləşdirilməsi və Zəngəzur dəhlizinin açılması ikitərəfli qaydada – Ermənistan və Azərbaycan arasında əldə olunan konkret fəaliyyət planları əsasında həyata keçiriləcək.
Qarabağ ərazisində yaşayan erməni əsilli vətəndaşların reinteqrasiyası isə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, birtərəfli qaydada, Azərbaycan Konstitusiyasına müvafiq olaraq, planlı şəkildə Azərbaycan dövləti tərəfindən təmin olunacaq. Praqa Bəyanatından sonra Ermənistanın bu məsələlərə qarışması digər dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər.
Praqa görüşündə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinin tanınması haqqında bəyanata imza atılması baş nazir N.Paşinyan üçün olduqca riskli bir addım idi. Bir qayda olaraq, heç bir sənədin imzalanmadığı əvvəlki Brüssel görüşlərindən dərhal sonra müxalifət onu xəyanətdə ittiham edir və baş nazirin istefasını tələb edirdi. Praqa görüşündə isə erməni müxalifətini ən çox narahat edən Azərbaycanın ərazi bütövlüyünün tanınması kimi ciddi bir məsələ müzakirə olunurdu.
Bu baxımdan Praqa görüşündə ermənipərəst Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə Paşinyan ölkə daxilində özünə qarşı təzyiqləri azaltmağa və ya tamamilə aradan qaldırmağa çalışırdı. Prezident Makronun isə bu görüşdə iştirak etməkdə məqsədi təkcə N.Paşinyanı müxalifətdən qorumaq yox, həm də danışıqlar prosesində beynəlxalq monitorinq missiyasının bölgəyə, daha konkret desək, Azərbaycan və Ermənistan ərazisinə gətirilməsi üçün Azərbaycanın razılığını almaq idi.
Öz ölkəsinin milli maraqlarını bütün beynəlxalq platformalarda məharətlə müdafiə edən Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti bu məkrli addımın qarşısını aldı və düşmən maraqlarına xidmət edəcək bir monitorinq missiyasının Azərbaycan ərazisinə daxil olmasına yol verilmədi. Beləliklə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan danışıqların daha bir raundu Azərbaycanın tam qələbəsi ilə başa çatdı.