CƏMİYYƏT
Bu torpağın qaraçı igidi
Qaraçıların vətəni olmur, deyirlər. Hələ V əsrdə Hindistanda hakimiyyət onları oturaq həyata, vətən, millət anlayışlarının qəbuluna məcbur edəndə həmin torpaqlardan qopmağa başlamışdılar. Dünyanın bir çox yerinə taborlar şəklində, dəstə-dəstə səpələnən bu insanların böyük əksəriyyəti üçün torpaq, bayraq və dövlət anlayışı olmayıb. Hər zaman dinindən, dilindən, milliyətindən asılı olmayaraq, heç kimi öz kökündən, milli mənsubiyyətindən ayrı salmayan Azərbaycan torpaqları isə başqa dinlərin və millətlərin, o cümlədən, qaraçıların da Vətəninə, savaşıb uğrunda canından keçəcəkləri doğma yurda çevrilib. Üçrəngli bayrağımıza bayrağım, Azərbaycana yurdum deyən, torpaq uğrunda canını ortaya qoyan hər bir kəs milliyətindən asılı olmayaraq, Vətənin şəhid övladıdır. Onlar mamır olub Vətən qayasında yox, şəhid olub xalqın qəlbində kök salıblar. Qax rayonunun Qapıçay kəndində dünyaya göz açan, milliyyətcə qaraçı olan Vətən müharibəsi şəhidi Samsun Şəmsəddin oğlu Babayev kimi.
Azərbaycanın Qax rayonu müxtəlif millətlərin birgə yaşadığı məkandır. Statistik məlumata görə, rayonda 22 millətin nümayəndəsi yaşayır. Güllük kənd inzibati ərazi dairəsinə daxil olan Qapıçay kəndində məskunlaşan qaraçı tayfası da bura daxildir. Artıq iki əsrə yaxındır onlar bizimlə birgə, Azərbaycan vətəndaşı kimi yaşayır, təhsil alır, işləyir, bütün sosial xidmətlərdən faydalanırlar. Azərbaycanı özlərinə daimi yurd yeri seçən bu tayfanın oğulları da Vətənə şərəflə xidmət edirlər. Hələ Birinci Qarabağ müharibəsində onlar göstərmişdilər öz Vətən sevgilərini. Onların çoxu bu gün də 30 il əvvəlki döyüşlərin ağrı-acısı ilə qıvrılır. Bu gün haqqında söz açmaq istədiyim şəhid Samsun Babayevin atası Şəmsəddin kimi.
Şəmsəddin Babayev Qapıçay kəndində dünyaya göz açıb. Əsgərlik yaşı çatanda artıq Azərbaycanda Birinci Qarabağ müharibəsi başlamışdı. Şəmsəddin Azərbaycanın Milli Ordusunda həqiqi hərbi xidmətə çağırılır. Ağdərə uğrunda döyüşlərdə ağır yaralanır. Ordudan təxris olunur. O gündən indiyə kimi ayağında dəmir mil gəzdirir. Şəmsəddinin taleyinə şəhid atası olmaq da yazılıbmış. Bir vaxt özünün uğrunda qan tökdüyü bu torpaqlar üçün oğlu şəhid olur.
Əslən Borçalıdan olan Kəmalə Şəmsəddini sevib, onunla ailə qurmuşdu. Ailənin dolanışığı ağır olsa da, Kəmalə şikayətlənmir, gələcəyə ümidlə baxırdı. Bütün çətinliklərə baxmayaraq, onlar üç igid oğul böyütmüşdülər. Samsun ailənin sonbeşiyi idi. O, 2001-ci il aprelin 3-də anadan olmuşdu. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. II Qarabağ müharibəsi başlananda artıq o, xeyli vaxt idi ki, Azərbaycan Ordusunun əsgəri idi. Müharibənin ilk günündən cəbhədə olan Samsun Suqovuşan uğrunda gedən döyüşlərdə vuruşdu. Oktyabrın 8-də Talış kəndi və Suqovuşan məntəqəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.
Şəhid Samsun Babayevin sinif rəhbəri Gülsənəm xanımın dedikləri: “Mən Samsunun sinif rəhbəri olmuşam. Çox tərbiyəli, ağıllı uşaq idi. Açığı bu üç qardaşın üçü də başqa uşaqlardan seçilirdilər. Oğlan uşağı olsalar da, çox sakit, həlim idilər. Samsunun şəhid xəbərini eşidəndə çox pis olduq. Onların necə çətinliklə boya-başa çatdıqlarını biz müəllimlər daha yaxşı bilirik. Amma şəhidlik hər kəsə nəsib olan ucalıq deyil. Vətən uğrunda şəhid olanlar heç vaxt ölmürlər. Onları bu Vətən, bu xalq unutmayacaq. Bu gün mən Samsun kimi bir igidin müəllimi olmağımla fəxr edirəm. Samsun bu gün bütün Azərbaycanın oğludur.”
O vaxt Samsunun böyük qardaşı Şəmistan da cəbhədə idi. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda başlanan Vətən müharibəsinə könüllü qoşulanlardan biri də Şəmistan olub. O da müharibənin ilk günlərindən cəbhədə döyüşüb.
Hər iki qardaş torpaqlarımız uğrunda şərəf və ləyaqətlə vuruşub. Kiçik qardaşı Samsunun şəhid xəbərini də cəbhədə alan Şəmistanı hərbi hissədən qardaşının dəfn mərasiminə göndərirlər.
… Azərbaycan Ordusunun əsgəri, şəhid Samsun Babayevin dəfn mərasiminə yüzlərlə insan toplaşmışdı. Ailənin dərdinə şərik olmaq, Vətən uğrunda şəhid olan Samsunla vidalaşmaq üçün tanıyan-tanımayan üz tutmuşdu bu ocağa… Dəfn mərasimində iştirak edən cəbhə dostları Samsunun igidliyindən, cəsarətindən ürək yanğısı ilə danışırdılar… Qadınlar həyətdə bir yerə yığışmışdılar. Öyrəndik ki, Şəmsəddin sonbeşiyinə sovet ordusunda xidmət edərkən dünyasını dəyişən əmisinin adını qoyubmuş. Qismətə bir bax. Əmisinin adını daşıyan Samsun da xidmət illərində şəhid olur. Fərq onda idi ki, S.Babayev doğma Vətəni uğrunda şəhid olmuşdu.
Doğrusu, neçə şəhidimizin dəfn mərasimində iştirak etmişdim, lakin heç birində bu cür mənzərənin şahidi olmamışdım. Görünən o idi ki, bu tayfanın qadınları da qürurlu və mətin imişlər. Onların “Şəhidə ağlamazlar, onlar alqışa layiqdirlər”–deməsi hər kəsə ruh verirdi. Sən demə, milli adət-ənənələrini yaşadan bu qaraçı qadınlar həm də Vətən sevgisinin müqəddəsliyini, aliliyini dəyərləndirir, torpağı uğrunda şəhid olan oğullarını belə alqışlarla son mənzilə uğurlayırlar.
Öz-özümə “bu torpağın suyu, çörəyi sizə halal olsun”, – dedim. Və həmin gün bir daha əmin oldum ki, Azərbaycanda yaşayan bütün millətlərin, xalqların, tayfaların Vətən sevgisi elə birdir. Onlar özlərinə Vətən seçdikləri Azərbaycan uğrunda can verməyə hazırdırlar. Artıq onlar da bu Vətənin bir parçası ola bilmişlər. Bircə ermənilər bu sevgidən uzaq olublar, Azərbaycana düşmən kəsiliblər.
Samsun Babayev Güllük kənd qəbiristanlığında I Qarabağ müharibəsi şəhidlərinin dəfn edildiyi yerdə torpağa tapşırılıb.Vətən uğrunda şəhid olan Samsun indi bütün Azərbaycanın oğludur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə şəhid Samsun Babayev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” , “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Rayonumuzun igid oğlu ilə fəxr edir, ruhu qarşısında ehtiramla baş əyirik. Tanrıdan Azərbaycanın bütün şəhid oğullarına rəhmət diləyirik.
Ruhlarınız şad olsun, şəhid balarımız!
Xavər ƏFƏNDİYEVA,
“Şəlalə” qəzetinin redaktoru
Qax rayonu
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 02.05.2024
Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
CƏMİYYƏT
İctimai iaşə obyektlərinin reytinq sisteminin tətbiqinə başlanılıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsinə başlayıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, proses “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin olunması məqsədilə hazırlanan və qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi qaydalarını müəyyən edən “Ulduz-reytinq” layihəsi çərçivəsində həyata keçirilir.
Reytinq təsnifatı 3, 4, 5 ulduz olmaqla aparılır. İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi sahibkarların könüllü müraciətinə əsasən həyata keçirilir. Bunun üçün sahibkarlar info@afsi.gov.az elektron poçtu vasitəsilə AQTİ-yə rəsmi müraciət etməlidirlər. Müraciət İnstituta daxil olduqdan sonra 30 gün müddətində ictimai iaşə obyektində yoxlama aparılır. 10 iş günü müddətində isə sahibkarlara nəticələr haqqında rəsmi bildiriş göndərilir. Nəticələrə uyğun olaraq, ictimai iaşə obyektləri 1 il müddətinə müvafiq sertifikatla təmin edilir.
İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqini müəyyənləşdirmək və “Ulduz-reytinq” layihəsi barədə daha ətraflı məlumat almaq istəyən sahibkarlar (012) 377-00-20/21 nömrəli telefona zəng edə bilərlər.
Qeyd edək ki, “Ulduz-reytinq” layihəsi çərçivəsində həyata keçirilən işlər, o cümlədən risk göstəriciləri əsasında reytinqi müəyyənləşdirilən ictimai iaşə obyektləri barədə aylıq hesabatlar AQTİ-nin rəsmi saytında (www.afsi.gov.az) yerləşdiriləcək. Müvafiq sertifikat almış obyektlər İnstitutun təklif etdiyi xidmət və imkanlardan da yararlana biləcəklər.
CƏMİYYƏT
Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.
Proses sentyabrın 1-dək davam edəcək.
Sənaye üsulu ilə balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.
Qeyd edək ki, Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.