MƏDƏNİYYƏT
“Şuşa – Qarabağın dünəni, bu günü, sabahı”: Cabbar Qaryağdıoğlu
“Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa – Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.
Layihə çərçivəsində təqdimatlardan biri xanəndəlik sənətinin ən görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğluna həsr olunub.
Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada “Seyidli” məhəlləsində anadan olub. Uşaqlıqdan məhəllə uşaqları ilə “Qayabaşında”, “Qırxpilləkəndə”, quzu otaran Cabbar saatlarla “Dəlikdaşın” üstündə oturaraq zümzümə edərdi. Sonralar bu zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb oldu.
Onun oxuduğu muğam və xalq mahnıları Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir. Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs idi. Cabbar Qaryağdıoğlunu Azərbaycan xalq musiqisinin ensiklopediyası adlandırırdılar.
Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olmuşdur. Cabbar Qaryağdıoğlunun tələbələrindən Xan Şuşinski həmişə fərəhlə deyərdi: “Xanəndə olmağım üçün unudulmaz müəllimim Cabbar Qaryağdıoğluna minnətdaram”. Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları məhz Cabbar Qaryağdıoğlunun tələbələri olmuşlar.
Cabbar Qaryağdıoğlunun böyük sənəti və zəngin səsi dünyanın bir çox bəstəkarlarının, musiqişünas və mədəniyyət xadimlərinin diqqət mərkəzində olub.
Cabbar Qaryağdıoğlunun 50 xalq mahnısı 1938-ci ildə Azərbaycan musiqisini öyrənən elmi tədqiqat kabineti tərəfindən “Azərbaycan xalq nəğmələri” başlığı altında ayrıca kitab şəklində çap edilib.
1934-cü il mayın 30-da Tiflisdə Cənubi Qafqaz xalqlarının incəsənət olimpiadasında 74 yaşlı Cabbar Qaryağdıoğlu qeyri-adi sənətkarlıq və saflığı ilə fərqlənən ən yaxşı çıxışına görə birinci yerə layiq görülmüş və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin birinci dərəcəli fəxri fərmanı ilə təltif edilib.
Bu gün Azərbaycanın musiqi tarixində Cabbar Qaryağdıoğlunun adı böyük məhəbbətlə çəkilir, onun sənətinin sirləri gənc xanəndələrə öyrədilir. Onun “Şahnaz”ı, “Qatar”ı, “Heyratı”sı musiqi xəzinəmizin ən qiymətli inciləridir.
Cabbar Qaryağdıoğlu 1944-cü il aprelin 28-də vəfat edib.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib
Azərbaycan Latviyanın Liepaya muzeyinə xalça hədiyyə edib.
Bu barədə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov da iştirak edib.
“Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov və Liepaya şəhərinin meri Qunars Ansinş ilə birlikdə Liepaya muzeyinə əl işi olan eksklüziv Azərbaycan xalçasının hədiyyə edilməsi mərasimində iştirak etmək çox xoş idi”, – paylaşımda qeyd edilib.
Qeyd edək ki, Azərbaycanla Latviya arasında diplomatik əlaqələr 1994-cü il yanvarın 11-də qurulub.
MƏDƏNİYYƏT
Şəki Dövlət Dram Teatrında “Kuraj ana və uşaqları” tamaşasına ictimai baxış olub
Şəki Dövlət Dram Teatrında görkəmli alman ədibi Bertolt Brextin “Kuraj ana və uşaqları” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış olub.
ShekiMedia.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdi, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyevdir.
Bertolt Brextin bu əsəri Avropada baş verən Otuzillik müharibədən (1618-1648) bəhs etsə də, tamaşa müəllifin özünün də iştirakçısı olduğu Birinci Dünya müharibəsi və ondan sonrakı bütün müharibələr haqqındadır.
Pyesin əsas qəhrəmanı Kuraj ana müharibə zamanı övladlarını itirsə də, həyata olan baxışını dəyişmir. Bütün müharibələrdə itkilər olmasına rəğmən, əsərdə Kuraj ananın simasında insanlığın mahiyyəti, müharibədə qazananların əsl siması əks olunur.
Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Arzu Mustafayeva, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Nərmin Abbasova, Aytac İsmayılzadə, Pərviz İsmayılov, Xəyal Salahov, İlkin Rüstəmov və başqaları ifa ediblər.
MANŞET
“Xarıbülbül” festivalında “Qarabağnamə” adlı sərgi açılıb
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 12-də davam edib.
Festival Xan qızı Natəvanın Sarayı qarşısında Birləşmiş Ərəb Əmirliklərindən “Almazyood” və Mərakeşdən “Tizwit” qruplarının konserti ilə başlayıb.
Qeyd edək ki, builki festivalda çıxış edən mədəniyyət və incəsənət xadimlərinin təmsil etdikləri ölkələr təsadüfi seçilməyib. İfaçılar və yaradıcı kollektivlər ICESCO-ya üzv olan ölkələrin təmsilçiləridir. Belə ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub.
“Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 12-də həm də “Qarabağnamə” adlı sərgi açılıb. Yaradıcılıq Mərkəzindəki sərgidə 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, məişəti, xüsusilə də Şuşanın tarixi və memarlığını əks etdirən əsərləri nümayiş etdirilib.
Şuşadakı proqram Cıdır düzündə musiqi bayramı – Aboubakar Silla (Qvineya), Abbos Kosimov (Özbəkistan) və “Natiq” ritm qrupunun (Azərbaycan) konsertləri ilə yekunlaşıb.
Festival bu gün Laçında konsert proqramları ilə başa çatacaq.