MƏDƏNİYYƏT
Adil Kərimli Mədəniyyət Nazirliyinin əvvəlki rəhbərliyinin kadr siyasətini sərt tənqid edib
“Mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və formalaşdırılması önəmlidir. Bu çox zəruri və əhəmiyyətli məsələdir. Qısa zaman ərzində mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili ilə məşğul olmuşuq” .
Bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli deyib.
“Artıq təyinatımdan iki ay keçib. Bu müddət ərzində tam şəkildə mədəniyyət sferasında baş verən prosesləri, infrastruktur, kadr potensialı ilə bağlı təhlil mərhələsindən keçməkdəyik. Problemlərlə daha yaxından tanış oluruq. İnstitusional səviyyədə problemləri gördükcə bu sahədə çoxlu qüsurların mövcud olduğunun şahidi oluruq. Mədəniyyət sahəsinə hökumət tərəfindən hər zaman xüsusi diqqət və qayğı var”, – deyə o bildirib.
A.Kərimli söyləyib ki, hər hansı səbəbdən kadr yanaşmaları fərqli istiqamətdə olub. Onun sözlərinə görə, xüsusilə də burada subyektiv səbəblər çoxdur:
“Bu sahədə geniş müzakirələrə ehtiyac var. Qeyri-maddi mədəni irs sahəsi tək Mədəniyyət Nazirliyinin sahəsi deyil. Problem ondan ibarətdir ki, cəmiyyətin bu sahəni ayrı və fərqli kateqoriya kimi kənardan müşahidə etmək yanaşması var. Amma bu, bizim bəlamızdır. Cəmiyyətin hər bir üzvünün əsas istəyi məhz mədəniyyət sahəsinin inkişafı olmalıdır. Aidiyyəti şəxsləri bu işə cəlb etməsək, bu prosesdə hər hansı uğurun qazanılmasından və irəliləməsindən söhbət aça bilmərik”.|report
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib
Azərbaycan Latviyanın Liepaya muzeyinə xalça hədiyyə edib.
Bu barədə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov da iştirak edib.
“Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov və Liepaya şəhərinin meri Qunars Ansinş ilə birlikdə Liepaya muzeyinə əl işi olan eksklüziv Azərbaycan xalçasının hədiyyə edilməsi mərasimində iştirak etmək çox xoş idi”, – paylaşımda qeyd edilib.
Qeyd edək ki, Azərbaycanla Latviya arasında diplomatik əlaqələr 1994-cü il yanvarın 11-də qurulub.
MƏDƏNİYYƏT
Şəki Dövlət Dram Teatrında “Kuraj ana və uşaqları” tamaşasına ictimai baxış olub
Şəki Dövlət Dram Teatrında görkəmli alman ədibi Bertolt Brextin “Kuraj ana və uşaqları” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış olub.
ShekiMedia.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdi, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyevdir.
Bertolt Brextin bu əsəri Avropada baş verən Otuzillik müharibədən (1618-1648) bəhs etsə də, tamaşa müəllifin özünün də iştirakçısı olduğu Birinci Dünya müharibəsi və ondan sonrakı bütün müharibələr haqqındadır.
Pyesin əsas qəhrəmanı Kuraj ana müharibə zamanı övladlarını itirsə də, həyata olan baxışını dəyişmir. Bütün müharibələrdə itkilər olmasına rəğmən, əsərdə Kuraj ananın simasında insanlığın mahiyyəti, müharibədə qazananların əsl siması əks olunur.
Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Arzu Mustafayeva, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Nərmin Abbasova, Aytac İsmayılzadə, Pərviz İsmayılov, Xəyal Salahov, İlkin Rüstəmov və başqaları ifa ediblər.
MANŞET
“Xarıbülbül” festivalında “Qarabağnamə” adlı sərgi açılıb
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 12-də davam edib.
Festival Xan qızı Natəvanın Sarayı qarşısında Birləşmiş Ərəb Əmirliklərindən “Almazyood” və Mərakeşdən “Tizwit” qruplarının konserti ilə başlayıb.
Qeyd edək ki, builki festivalda çıxış edən mədəniyyət və incəsənət xadimlərinin təmsil etdikləri ölkələr təsadüfi seçilməyib. İfaçılar və yaradıcı kollektivlər ICESCO-ya üzv olan ölkələrin təmsilçiləridir. Belə ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub.
“Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 12-də həm də “Qarabağnamə” adlı sərgi açılıb. Yaradıcılıq Mərkəzindəki sərgidə 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, məişəti, xüsusilə də Şuşanın tarixi və memarlığını əks etdirən əsərləri nümayiş etdirilib.
Şuşadakı proqram Cıdır düzündə musiqi bayramı – Aboubakar Silla (Qvineya), Abbos Kosimov (Özbəkistan) və “Natiq” ritm qrupunun (Azərbaycan) konsertləri ilə yekunlaşıb.
Festival bu gün Laçında konsert proqramları ilə başa çatacaq.