ELM VƏ TƏHSİL
Aprelin 9-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 9-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub.
İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2023/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.
İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.
Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Bu imtahanlarda iştirakı nəzərdə tutulan 47917 nəfərdən 385 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 8 nəfərin nəticəsi ləğv olunub.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 22 may tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 15 may saat 10:00-dan 17 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir
Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sıfır balla da attestat alan var: “Amma bu balla universitetə qəbul olmaq mümkün deyil. Ancaq ola bilsin ki, model dəyişsin”.
DİM sədri həmçinin abituriyentlərə də müraciət edib: “İxtisas seçimini, elektron qeydiyyatı kiməsə həvalə etmək doğru deyil”.
ELM VƏ TƏHSİL
DİM-in yeni korpusunda ilk kütləvi imtahanlar keçirilir
Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir.
Mayın 18-19-da “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsinin keçirilməsi üçün DİM-in elektron imtahanlar korpusunda 2400-dən artıq iştirakçının imtahan verməsi nəzərdə tutulub.
İmtahan hər gün saat 10:00 və 15:00 olmaqla iki növbədə təşkil olunur. Mərkəzin yeni istifadəyə verilmiş elektron imtahanlar korpusunda hər növbə üzrə təqribən 600-dən artıq iştirakçı imtahan verir. Eyni anda və vahid məkanda qeyd olunan sayda iştirakçının elektron imtahana cəlb olunması kütləvi imtahanların rəqəmsallaşdırılması istiqamətində atılan ilk addım kimi qiymətləndirilə bilər.
Bu gün imtahan başlayandan sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və kütləvi informasiya vasitələrinin nümayəndələri vahid mərkəzdən real vaxt rejimində imtahanın gedişatını izləyiblər. İmtahan korpusunda yaradılan innovativ platforma xüsusi proqram təminatı və texnoloji infrastrukturdan ibarət olmaqla, binada və ondan kənarda elektron imtahanların keçirilməsi və idarə edilməsinə imkan yaradır.
Qeyd edək ki, qabiliyyət imtahanının müddəti 3 saatdır. İmtahan binasına buraxılış zamanı iştirakçıların sənədləri yoxlanılır, həmçinin kiçik əşyalar (mobil telefon varsa, söndürülmüş halda) verilmiş plastik bağlamaya qoyulur.
İmtahan üçün Mərkəzin 10 zalı ayrılıb və idarəetmə prosesinə 1 ümumi imtahan rəhbəri, 14 zal administratoru, 20 buraxılış rejimi əməkdaşı cəlb olunub. Hər bir imtahan iştirakçısının masasına içməli su, qələm, vərəq və hesablayıcı qoyulub.
İmtahanda iştirakçıların verbal, rəqəmsal və abstrakt təhlil bacarıqları yoxlanılır. İmtahan bitdikdə və ya iştirakçı imtahanı başa çatdırdıqda avtomatik olaraq “Qiymətlər” bölməsində doğru cavablar və toplanılan xam ballar göstərilir.
CƏMİYYƏT
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.
Bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:
“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.
Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.
Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.
“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, – xəbərdarlıqda qeyd olunur.