MANŞET
Azərbaycanın diaspor təşkilatları beynəlxalq ictimaiyyəti 31 mart soyqırımına hüquqi-siyasi qiymət verməyə çağırıb
Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri dünya birliyindən 1918-ci ilin mart hadisələrinə hüquqi-siyasi qiymət verilməsini və soyqırımı kimi tanınmasını tələb edən bəyanat yayıblar.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bəyanatda bildirilib ki, bolşeviklərlə erməni silahlı quldur dəstələrinin 1918-ci il martın 30-dan aprelin 3-dək Azərbaycanda törətdikləri qanlı qırğınlar ermənilərin azərbaycanlılara, o cümlədən insanlığa qarşı törətdiyi soyqırımlardan biridir: “On minlərlə dinc, əliyalın insanı vəhşicəsinə öldürmək, yandırmaq, işgəncə vermək ermənilərin qəddarlığının bariz göstəricisidir. Erməni daşnaklarının törətdiyi bu soyqırımı zamanı Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılıb, yandırılıb, qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla ümumilikdə on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı qətlə yetirilib. Quba rayonunda aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə ermənilərin törətdikləri soyqırımı cinayətlərini əyani olaraq sübut edir”.
Azərbaycan dövlətinin soyqırımın tanıdılması istiqamətində fəaliyyət göstərdiyini vurğulayan bəyanat müəllifləri nəzərə çatdırıblar ki, müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması rəsmi surətdə bəyan edilib. Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına qərar verilib.
Ermənilərin qəddarlığının, azərbaycanlıların deportasiyasının sovet hakimiyyəti illərində də davam etdiyi, 31 Mart soyqırımına dünya ictimaiyyəti tərəfindən indiyə qədər hüquqi-siyasi qiymət verilmədiyi, cəzasızlıq mühitinin ermənilərin yeni soyqırımlar törətməsinə səbəb olduğu vurğulanıb: “Biz – Azərbaycanda və dünyada fəaliyyət göstərən təşkilatların təmsilçiləri Azərbaycan Respublikasının müvafiq qurumlarının bu istiqamətdə gördüyü işləri dəstəkləyir, dünya birliyindən 31 Mart faciəsinə hüquqi-siyasi qiymət verilməsini və soyqırımı kimi tanınmasını tələb edirik”.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib
Azərbaycan Latviyanın Liepaya muzeyinə xalça hədiyyə edib.
Bu barədə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov da iştirak edib.
“Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov və Liepaya şəhərinin meri Qunars Ansinş ilə birlikdə Liepaya muzeyinə əl işi olan eksklüziv Azərbaycan xalçasının hədiyyə edilməsi mərasimində iştirak etmək çox xoş idi”, – paylaşımda qeyd edilib.
Qeyd edək ki, Azərbaycanla Latviya arasında diplomatik əlaqələr 1994-cü il yanvarın 11-də qurulub.
CƏMİYYƏT
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.
Bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:
“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.
Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.
Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.
“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, – xəbərdarlıqda qeyd olunur.
İDMAN
Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək
Azərbaycanın qadınlardan ibarət voleybol millisi Xorvatiyada təşkil olunan Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək.
Komanda bu gün, saat 17:00-da Slovakiya ilə qarşılaşacaq.
Qeyd edək ki, yığmamız ötən gün Xorvatiyanı 3:0 (25:19, 25:19, 25:22) hesabı ilə məğlub edib.