SİYASƏT
Daxau düşərgəsində azərbaycanlı əsirlərə həsr olunan xatirə lövhəsi açılıb
Almaniyadakı Daxau əsir düşərgəsində İkinci Dünya müharibəsi zamanı burada saxlanılmış Azərbaycandan olan əsirlərlə bağlı xatirə lövhəsi açılıb.
Bu barədə Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyilə hazırlanan xatirə lövhəsi Azərbaycan və alman dillərində hazırlanıb və Daxau Memorial Kompleksinin xatirə zalında yerləşdirilib.
1933-cü ildə yaradılmış Daxau əsir düşərgəsi Almaniyada yaradılan ilk əsir düşərgəsi olub. Bu düşərgədə nasist rejim ilk illərdə öz siyasi rəqiblərini saxlasa da, İkinci Dünya müharibəsi başladıqdan sonra 25 min Sovet əsgəri və mülki vətəndaşı bu düşərgəyə gətirilərək burada müxtəlif işgəncələrə məruz qoyulub, bir çoxları da qətlə yetirilib.
Məlumatda qeyd edilib ki, Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Daxau arxivlərində aparılmış araşdırmalar nəticəsində Azərbaycan əsilli əsgərlərin də burada saxlanıldığı məlum olub, onların adları, doğum tarixləri və yerləri müəyyənləşdirilib.
Xatirə lövhəsinin açılışı münasibətlə keçirilən mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək Azərbaycanın faşizm üzərindəki qələbənin əldə olunmasına verdiyi böyük töhfələrdən danışıb, 700 min azərbaycanlının ön cəbhədə faşizmə qarşı döyüşdüyünü, onlardan 300 mininin həlak olduğunu qeyd edib.
Səfir Sovet ordusunun istifadə etdiyi benzinin 80%-nin, sürtgü yağlarının isə 90%-nin Azərbaycan neftçiləri tərəfindən istehsal edildiyini, bu faktın özünün qələbənin qazanılmasında həlledici rol oynadığını qeyd edib.
N.Ağayev hər il bir milyondan çox insanın ziyarət etdiyi Daxau Memorial Kompleksində Azərbaycandan olan əsirlərin xatirəsinin əbədiləşdirilməsinin əlamətdar hadisə olduğunu söyləyib. Səfir burada saxlanılmış əsirlərin və onlara qarşı törədilənlərin unudulmaması üçün apardığı yorulmaz fəaliyyətə görə Memorial Kompleksin rəhbərliyinə öz təşəkkürünü bildirib.
Sonra Daxau Memorial Kompleksinin aparat rəhbəri Albert Knoll, Alman-Azərbaycan Forumunun sədri Hans-Eberhard Şlayer və Münhen ravvini Aviqdor Bergauz çıxış ediblər. Çıxışlarda indiki və gələcək nəsillərin Daxauda baş vermiş cinayətlər haqda maarifləndirilməsinin vacibliyi vurğulanıb, bu səpkidə Azərbaycan əsirlərinin xatirəsinin əbədiləşdirilməsinin yüksək önəmi qeyd edilib.
Digər xəbərlərə də bax
SİYASƏT
Azərbaycanın Malayziyadakı səfiri Saravak ştatının Baş naziri ilə görüşüb
Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov Cənub-Şərqi Asiya ölkəsinin Saravak ştatında işgüzar səfər çərçivəsində regionun baş naziri və bir sıra yüksəkvəzifəli şəxslərlə görüşüb.
Bu barədə Azərbaycanın diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Səfir İrfan Davudov Malayziyanın Saravak ştatında işgüzar səfərdə olub. Səfər çərçivəsində səfir Saravak Ştatının Baş naziri, həmçinin Saravak Ştat Qanunvericilik Assambleyasının sədri və sədr müavini və Saravakın paytaxtı Kuçinq şəhərinin meri ilə görüşlər keçirib”, – səfirlik diqqətə çatdırıb.
Əlavə edilib ki, diplomat həmçinin Saravak ştatına səfəri çərçivəsində həmçinin Saravak Ticarət və Sənaye Palatasının prezidenti Dato Şri Abanq Hacı Abdul Kərim Bin Tun Datuk Abanq Haci Openq, eləcə də Malayziya Saravak Universitetinin prorektoru professor Dr. Əhməd Hata Rasit ilə görüşüb.
SİYASƏT
Yaşar Əliyev Nauru Prezidentinə ünvanlanmış COP29-a dəvət məktubunu həmkarına təqdim edib
Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev Nauru Prezidenti Devid Adanqa ünvanlanmış COP29-a dəvət məktubunun əslini dünya təşkilatındakı həmkarı Marqo Deiyeyə təqdim edib.
Bu barədə Naurunun BMT-dəki diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Azərbaycanın səfiri Nauru Prezidenti Zati-alilərinə ünvanlanmış dəvət məktubunun əslini rəsmi şəkildə təqdim etmək üçün səfir Deiyeyə baş çəkib. Bu, Azərbaycanda, Bakıda keçiriləcək COP29-da iştirak dəvətidir. Azərbaycanın prezidentliyi ilə keçiriləcək COP29-u səbirsizliklə gözləyirik”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın BMT-dəki nümayəndəsi türkiyəli həmkarı Ahmet Yıldızla “ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın dərinləşdirilməsi yollarını” müzakirə etmişdilər.
MANŞET
Hikmət Hacıyev ABŞ-də səfərdədir, dövlət katibinin müavini ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də səfərdədir.
Prezidentin köməkçisi səfər çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.
Bildirilib ki, görüşlərdə ikitərəfli münasibətlər, mövcud regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub.