SİYASƏT
Azərbaycanın yeni ədliyyə naziri Fərid Əhmədov kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.
Fərid Əhmədov 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirmişdir. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili almışdır.
2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili almış, 2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olmuş, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almışdır. Ailəlidir, üç övladı var.
2004–2008-ci illərdə Bakı Dövlət Universitetində, 2009–2011-ci illərdə seminar müəllimi kimi Oksford Universitetində, 2011–2014-cü illərdə isə baş müəllim kimi “ADA” Universitetində hüquq sahəsi üzrə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Əmək fəaliyyətinə 2000-ci ildə “Ədalət” hüquq şirkətində hüquqşünas kimi başlamış və 2004-cü ilə kimi burada fəaliyyət göstərmişdir.
2004–2006-cı illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006–2007-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.
2007–2008-ci illərdə “LegCon Group” hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirmiş, 2014-cü ildə “BM Morrison Partners” hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində çalışmışdır.
2015–2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017–2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.
12 mart 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, 24 may 2022-ci ildə isə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin olunmuşdur.
Digər xəbərlərə də bax
SİYASƏT
Azərbaycanın Malayziyadakı səfiri Saravak ştatının Baş naziri ilə görüşüb
Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov Cənub-Şərqi Asiya ölkəsinin Saravak ştatında işgüzar səfər çərçivəsində regionun baş naziri və bir sıra yüksəkvəzifəli şəxslərlə görüşüb.
Bu barədə Azərbaycanın diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Səfir İrfan Davudov Malayziyanın Saravak ştatında işgüzar səfərdə olub. Səfər çərçivəsində səfir Saravak Ştatının Baş naziri, həmçinin Saravak Ştat Qanunvericilik Assambleyasının sədri və sədr müavini və Saravakın paytaxtı Kuçinq şəhərinin meri ilə görüşlər keçirib”, – səfirlik diqqətə çatdırıb.
Əlavə edilib ki, diplomat həmçinin Saravak ştatına səfəri çərçivəsində həmçinin Saravak Ticarət və Sənaye Palatasının prezidenti Dato Şri Abanq Hacı Abdul Kərim Bin Tun Datuk Abanq Haci Openq, eləcə də Malayziya Saravak Universitetinin prorektoru professor Dr. Əhməd Hata Rasit ilə görüşüb.
SİYASƏT
Yaşar Əliyev Nauru Prezidentinə ünvanlanmış COP29-a dəvət məktubunu həmkarına təqdim edib
Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev Nauru Prezidenti Devid Adanqa ünvanlanmış COP29-a dəvət məktubunun əslini dünya təşkilatındakı həmkarı Marqo Deiyeyə təqdim edib.
Bu barədə Naurunun BMT-dəki diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Azərbaycanın səfiri Nauru Prezidenti Zati-alilərinə ünvanlanmış dəvət məktubunun əslini rəsmi şəkildə təqdim etmək üçün səfir Deiyeyə baş çəkib. Bu, Azərbaycanda, Bakıda keçiriləcək COP29-da iştirak dəvətidir. Azərbaycanın prezidentliyi ilə keçiriləcək COP29-u səbirsizliklə gözləyirik”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın BMT-dəki nümayəndəsi türkiyəli həmkarı Ahmet Yıldızla “ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın dərinləşdirilməsi yollarını” müzakirə etmişdilər.
MANŞET
Hikmət Hacıyev ABŞ-də səfərdədir, dövlət katibinin müavini ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də səfərdədir.
Prezidentin köməkçisi səfər çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.
Bildirilib ki, görüşlərdə ikitərəfli münasibətlər, mövcud regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub.