XƏBƏRLƏR
Gürcüstandan Azərbaycana avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb – FOTOLAR
Gürcüstan istiqamətindən Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna daxil olan, ilkin qeydiyyat mərhələsini keçdikdən sonra təyinat gömrük orqanına göndərilən nəqliyyat vasitəsinin GPS qurğusunun hərəkətinə əsasən marşrutdan çıxdığı müəyyən edilib.
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
“Gömrük əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə nəqliyyat vasitəsinin yeri müəyyən edilərək saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, faktiki sahibi tərəfindən nəqliyyat vasitəsinin yük yerinin qapısına “Qırmızı Körpü” gömrük postunda vurulmuş gömrük təminat vasitəsi olan plomb və “GPS” qurğusu onların tamlığı pozulmadan yük yerinin qapısındakı dayaqlar (vintlər) sökülməklə ayrılıb. Daha sonra təyinat gömrük orqanında alınan gömrük ödənişlərindən yayınmaq məqsədilə mal-müşayiət sənədlərində qeyd olunmayan, əksəriyyəti istehsal ili yeni və “Land Rover” markasına aid 70 adda ehtiyat hissələri boşaldılıb, onların yerinə isə yararsız vəziyyətdə, istehsal ili köhnə olan ehtiyat hissələri və nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil olarkən yüklə birgə qeydə alınmış ilkin çəkisini nizamlamaq üçün qum yüklənib”, – DGK bildirir.
Məlumata görə, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində fakt üzrə qeyd olunan şəxslərin əvvəllər də oxşar əməllərə yol verib-verməmələri, qanunazidd əməllərin tam aşkara çıxarılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir
Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sıfır balla da attestat alan var: “Amma bu balla universitetə qəbul olmaq mümkün deyil. Ancaq ola bilsin ki, model dəyişsin”.
DİM sədri həmçinin abituriyentlərə də müraciət edib: “İxtisas seçimini, elektron qeydiyyatı kiməsə həvalə etmək doğru deyil”.
ELM VƏ TƏHSİL
DİM-in yeni korpusunda ilk kütləvi imtahanlar keçirilir
Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir.
Mayın 18-19-da “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsinin keçirilməsi üçün DİM-in elektron imtahanlar korpusunda 2400-dən artıq iştirakçının imtahan verməsi nəzərdə tutulub.
İmtahan hər gün saat 10:00 və 15:00 olmaqla iki növbədə təşkil olunur. Mərkəzin yeni istifadəyə verilmiş elektron imtahanlar korpusunda hər növbə üzrə təqribən 600-dən artıq iştirakçı imtahan verir. Eyni anda və vahid məkanda qeyd olunan sayda iştirakçının elektron imtahana cəlb olunması kütləvi imtahanların rəqəmsallaşdırılması istiqamətində atılan ilk addım kimi qiymətləndirilə bilər.
Bu gün imtahan başlayandan sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və kütləvi informasiya vasitələrinin nümayəndələri vahid mərkəzdən real vaxt rejimində imtahanın gedişatını izləyiblər. İmtahan korpusunda yaradılan innovativ platforma xüsusi proqram təminatı və texnoloji infrastrukturdan ibarət olmaqla, binada və ondan kənarda elektron imtahanların keçirilməsi və idarə edilməsinə imkan yaradır.
Qeyd edək ki, qabiliyyət imtahanının müddəti 3 saatdır. İmtahan binasına buraxılış zamanı iştirakçıların sənədləri yoxlanılır, həmçinin kiçik əşyalar (mobil telefon varsa, söndürülmüş halda) verilmiş plastik bağlamaya qoyulur.
İmtahan üçün Mərkəzin 10 zalı ayrılıb və idarəetmə prosesinə 1 ümumi imtahan rəhbəri, 14 zal administratoru, 20 buraxılış rejimi əməkdaşı cəlb olunub. Hər bir imtahan iştirakçısının masasına içməli su, qələm, vərəq və hesablayıcı qoyulub.
İmtahanda iştirakçıların verbal, rəqəmsal və abstrakt təhlil bacarıqları yoxlanılır. İmtahan bitdikdə və ya iştirakçı imtahanı başa çatdırdıqda avtomatik olaraq “Qiymətlər” bölməsində doğru cavablar və toplanılan xam ballar göstərilir.
İDMAN
“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib
Bakıda yeniyetmə boksçular arasında keçirilən “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirində Azərbaycanın daha 9 idmançısı finala yüksəlib.
Boks Federasiyasından verilən məlumata görə, yarımfinalda məğlub olan boksçular isə bürünc medal qazanıblar.
Yarımfinal
46 kq
Rüstəm Şahbazov (Azərbaycan) – Ayxan Həsənov (Azərbaycan) 0:5
Aidos Ussenov (Qazaxıstan) – Ramiz Danieli (Gürcüstan) 5:0
48 kq
Nihad Qasımov (Azərbaycan) – Əli Məmmədov (Azərbaycan) 5:0
Bexultan Xujamjar (Qazaxıstan) – Nihad Qasımov (Azərbaycan) 1:4
50 kq
Zakir Həsənzadə (Azərbaycan) – Umar Orucbayev (Qırğızıstan) 5:0
İsmayıl Rzayev (Azərbaycan) – Yerdavlet Atayov (Qazaxıstan) 0:4
57 kq
Katmanbiy Muratov (Qırğızıstan) – Akjurek Kalabay (Qazaxıstan) 5:0
Tamerlan Əlimzanov (Azərbaycan) – Şahin Aslanov (Azərbaycan) 0:5
60 kq
Vüsal Hilalov (Azərbaycan) – Turqay Rəhimli (Azərbaycan) 5:0
Yerdavlet Şomekey (Qazaxıstan) – Akaki Basaria (Gürcüstan) 1:4
63 kq
Kənan Aslanlı (Azərbaycan) – Matvey Mikulski (Belarus) 5:0
Bibaris Aşirbay (Qazaxıstan) – Nika Beriya (Gürcüstan) 4:1
70 kq
Rza Rzayev (Azərbaycan) – Musa İbadov (Azərbaycan) 5:0
Maksim Ribak (Belarus) – Mamuka Kakabadze (Gürcüstan) 4:1
75 kq
Elgün Əhmədli (Azərbaycan) – Zaxar Şaranoviç (Belarus) 0:5
İsmayıl Valiyev (Azərbaycan) – Davit Mxetzadze (Gürcüstan) – ikinci tam üstünlüklə qalib gəlib
80 kq
Əli Məmişov (Azərbaycan) – Mikita Prudnikov (Belarus) 5:0
İlkin Şahmməmədov (Azərbaycan) – Zurab Oboladze (Gürcüstan) 0:5
Qeyd edək ki, turnirin final döyüşləri bu gün keçiriləcək. Yığmamızın heyətində daha öncə 7 boksçu həlledici görüşdə iştirak hüququ qazanıb.